Təmiz ətraf mühit sağlam həyat deməkdir
Ermənistan ekoloji terroru davam etdirir, Azərbaycan isə ekosistemi bərpa edir
Ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
İşğalçı Ermənistanın Qarabağ və onun ətrafındakı rayonları 30 ilə yaxın müddətdə işğal altında saxlaması nəticəsində həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Həmçinin bədnam qonşularımız tərəfindən ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
Təəssüf ki, bu gün də Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun davam etməsinin şahidiyik. Meşələri yandırmaqla ətraf mühitə, bioloji müxtəlifliyə, yeraltı və yerüstü təbii ehtiyatlara vurulan ziyan beynəlxalq ekosid cinayətinin tərkib hissələridir. Təsadüfi deyil ki, “ekosid” termini yunan dilində “evi, məkanı məhv etmək” anlamına gəlir və erməni vandalları işğal etdikləri məkanlarımızda “öz evlərini” yandırmaqla yanaşı, ətraf mühitə, ana təbiətə ziyan vurublar. İşğal dövründə onlar anlamadılar ki, regionun bir hissəsində təbiətə, ətraf mühitə ziyan vurmaq, bütöv bölgənin təbii kompleksinə, flora və faunasına zərər vurmaqdır. Bu, qlobal anlamda havanın keyfiyyətinə və istixana qazlarının artmasına və beləliklə, qlobal istiləşməyə səbəb olmaqdır.
Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılır. Məhv edilmiş ekosistemlərin bərpası üzrə proqramlar uğurla icra edilir. Üzərində nəzarət bərpa edilmiş təbii resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə meşələrin inventarlaşması istiqamətində irimiqyaslı layihələr uğurla reallaşdırılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayının 2-də imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı strateji əhəmiyyətli sənədi xüsusi qeyd etmək olar. Bu strategiyaya əsasən, “Azərbaycanı təmiz ətraf mühitə və yaşıl inkişafa malik ölkə”yə çevirmək bu onillikdə həyata keçiriləcək beş milli prioritetdən biridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2022-2026-cı illəri əhatə edən “Meşə Fondunun Bərpası” Proqramı hazırlanıb. Proqram çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 30 min hektar meşə fondu sahəsinin bərpası nəzərdə tutulur. Bunun üçün meşə, əkin və təbii bərpa işləri aparılacaq. Həmin ərazilər minalardan təmizləndikcə yaşıllıqların salınması həyata keçiriləcək. Bu ərazilərdə meşə massivinin salınması, ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində, eyni zamanda xaricdə təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə ETSN arasında Memorandum imzalanıb. Memorandum çərçivəsində ilk olaraq Zəngilanda “Zəfərdən dirçəlişə” adlı meşə massivinin salınması layihəsi həyata keçirilir.
Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar meşə-parkının salınması işləri bu ilin sonunadək başa çatdırılacaq. Cəbrayıl şəhərinin yaxınlığında qapalı kök sistemli tingliyin və “Dostluq meşəsi”nin salınması, eləcə də Regional Meşəçilik Təlim Mərkəzinin yaradılması nəzərdə tutulub. Müasir texnologiyaların tətbiq edildiyi “ağıllı” şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan və ətraf mühit arasında tarazlığı təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq.
Azad olunmuş ərazilərimizə dəymiş zərərin aradan qaldırılması üçün mütləq şəkildə gücləri birləşdirmək, müxtəlif təşəbbüslər həyata keçirmək olduqca vacibdir. Burada əkilən hər bir ağac, gül kolu təbiətə can qatacaq. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda əvvəlki yaşıllıqlarımızın, meşələrimizin bərpasının şahidi olacağıq.

