44 günlük Vətən müharibəsi şanlı tariximizdir
“Məğlub olanları və yarışı tərk edənləri sevmirlər. Hər kəs qalibləri sevir!”
Tarixdən səslənən bu böyük şüar zaman – zaman qalib xalqların azadlıq tarixinin leytmotivinə çevrilmişdir. Məhz Azərbaycanın mürəkkəb coğrafi şəraiti, böyük siyasi maraqların kəsişdiyi bir nöqtə olması buranın idarəçilik məsuliyyətini birə – beş artırmışdır. Biz həmçinin dünyanın o xoşbəxt xalqlarından biri olmuşuq ki, tarix bizə Heydər Əliyev kimi nəhəng siyasi şəxsiyyəti və bu məktəbin dərin, müasir zəkaya sahib olan Ali baş komandanını – İlham Əliyevi bəxş etmişdir. Azərbaycan ordusunun 2020 – ci ilin sentyabrın 27 – də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks – hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlar haqqında hərzaman kitablar yazılacaq, filmlər çəkiləcək. Silahlı qüvvələrimiz 44 gün ərzində dünya hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə müasir silahlardan istifadəyə üstünlük verdi. Nəticədə həm sürətli irəliləyiş təmin olundu və işğal altında olan ərazilərimiz düşməndən təmizləndi, həm də düşmənin bütün hərbi texnikası darmadağın edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bütün bu uğurların nəticəsində isə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Qəhrəman ordumuz əks – həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda – idarəetmə məntəqələrini, raket və artlleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar ordumuzun güc mənbələrindən yalnız biri idi. Bütün bu uğurların ən başlıca səbəbi isə Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. İlham Əliyev 44 günlük Vətən müharibəsi tarixində təkcə bir ordunun Ali baş komandanı olduğunu yox, həm də özünün dərin intelekti və əsaslı dəlilləri ilə dünya mediasına Qarbağın tarix boyu Azərbaycan torpağı olmasını sübut edən dahi bir lider olduğunu xatırlatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz başladığı əks – hücum əməliyyatı nəticəsində noyabrın 9 – dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzüli şəhəri və rayonun 53 kəndi, Xocavənd rayonun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşmənlərdən təmizləndi.
44 günlük Vətən müharibəsi qəhrəman zabitlərimizin, əsgərlərimizin qanı, canı hesabına əldə edildi. Cənab Prezident öz çıxışlarında hərzaman bu amillərə toxunmuş və xatırlatmışdır: “Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsil mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli bayrağımız Şuşada və o vaxt işğal olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz ğzünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki, ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.. Bir daha şəhidlərimizə rəhmət diləyək. Qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır ”.
Məhz bütün bu amillər 44 günlük Vətən müharibəsini təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yox, həm də dünya sülh tarixinin , hüquq tarixinin və hərb tarixinin şanlı bir zirvəsini təşkil edir.
Ravil Abullayev,
Bakı şəhəri 55 saylı tam orta məktəbin tarix müəllimi

