YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrindən olan müəllimləri ziyarət ediblər.
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının üzvləri Beynəlxalq Müəllimlər Günü münasibətilə Ermənistanın Bərdə şəhərində törətdiyi terror nəticəsində həlak olan şəhər 1 saylı tam orta məktəbin müəllimi olmuş şəhid Fuad müəllimin, şəhər inklüziv- internat təmayüllü gimnaziyanın müəllimi Şəhriyar müəllimənin ailəsində olmuş, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Qəmbərovun qardaşı, Qarağacı məktəbinin müəllimi Cavid müəllimi ziyaret etmişlər.
Görüş zamanı Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətdən, beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmasından danışılmışdır. Söhbət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirmişdir ki, Bərdə şəhəri və rayonun kəndləri 2020 -ci oktyabrın 5-i, 8-i, 27-si, 28-i, eləcə də noyabrın 7-də vəhşi Ermənistan Ordusunun raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə erməni faşizminə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin qisası alındı. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.





