Azərbaycan Zəngəzur dəhlizini reallaşdırmaq gücündədir
Ermənistanın baş naziri Nikol Paşinyanın Praqada «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşdə qəbul olunan bəyanatla Azərbaycanın ərazi bütövlüyünü tanıması bu yolun qarşısına «yaşıl işıq» yandırır
İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın Ermənistanın işğalından azad edilən ərazilərində abadlıq-quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə region üçün strateji əhəmiyyətə malik layihələrin həyata keçirilməsi Böyük Qayıdışı da sürətləndirir. Tarixi nailiyyətimiz olan Zəngəzur dəhlizinin bərpasına daha çox diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda mühüm əhəmiyyətə malik bu dəhlizin açılması ilə bağlı bəndin yer alması türk dünyasının birlik və həmrəyliyinin tarixi nailiyyəti, ölkəmizin siyasi, iqtisadi uğuru kimi dəyərləndirildi. Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsinin əsas müddəaları arasında tarixi əhəmiyyəti ilə fərqlənən, iki qardaş ölkə arasında siyasi, iqtisadi, nəqliyyat əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək bu dəhlizin bərpası beynəlxalq müstəvidə belə aktualdır.
Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanşist çağırışlar səsləndirən Ermənistan kimi, onun havadarlarının da qarşısında «qırmızı işıq»dır. Türk dünyası üçün həmrəylik körpüsü olan Zəngəzur dəhlizi mühüm siyasi-iqtisadi əhəmiyyət daşımaqla bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq. Dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, sözünə imzası qədər dəyər verən Azərbaycan bu dəhlizi bərpa edəcək. Çünki Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın yaranmasına xidmət edəcək bu dəhliz dünənimiz , həm də sabahımızdır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərdə də marşrutun əhatə edəcəyi ərazilərdə yerləşən dövlətlərin yükdaşıma sahəsindəki çətinliklərinin aradan qaldırılmasına kömək edəcək bu həmrəylik yolunun bərpasının zəruruliyi diqqətə çatdırılmışdır. Bölgədə yaratdığı yeni reallıqlarla dünyanın siyasi düzəninə yeniliklər gətirən, işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi islahatlar kimi, beynəlxalq əhəmiyyətli dəhlizin inşasını sürətləndirən Azərbaycan bu sahədə də vədinə sadiqdir.
Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə beynəlxalq ictimaiyyəti məlumatlandıran, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin regional əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çəkilən avtomobil və dəmir yolları region dövlətlərinin iqtisadi inkişafını sürətləndirməklə bölgədə sabitliyin möhkəmlənməsinə etibarlı zəmin yaradır. Zəngəzur dəhlizi açıldıqdan sonra marşrut boyu yerləşən bütün ölkələr bu yoldan faydalanacaqlar. Azərbaycanın Ermənistana təklif etdiyi ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanması üçün beş təklif arasında beynəlxalq və regional əhəmiyyətə malik, mühüm nəqliyyat –kommunikasiya layihəsi olan bu dəhlizin açılmasının zəruriliyi qeyd olunub.
BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda «Dayanıqlı İnkişaf Məqsədləri» və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi» mövzularına həsr olunmuş Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində davam etdirilən quruculuq işlərini nümunə gətirən Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpası ilə bağlı görülən işlərdən də bəhs etdi. Dövlət başçımız «Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar» söyləməklə onu da bildirdi ki, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox 33 tunel inşa olunacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Beləliklə, Qarabağ və Zəngəzur yenidən qurulacaq.
Çexiyada keçirilən «Avropa siyasi birliyi» Zirvə Toplantısında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən dördtərəfli görüşün yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik uğuru, Azərbaycanın bərpasında israrlı olduğu bu yolun açılmasına mane olan qüvvələrə layiqli cavab oldu. Bütün danışıqlarda Zəngəzur dəhlizinin açılmasına əngəl törədən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması özlüyündə ölkəmizin tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinə də «yaşıl işıq» yandırır.
Qubaya səfəri çərçivəsində Qonaqkənd qəsəbəsi sakinləri ilə görüşü zamanı Azərbaycanın cari və strateji hədəfləri ilə əlaqədar vacib amilləri, ölkəmizin qətiyyətli mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev xüsusilə postmüharibə dövrünün reallıqları, həmçinin kommunikasiyaların bərpası – yeni nəqliyyat dəhlizinin yaradılması ilə əlaqədar növbəti dəfə prinsipial yanaşma ortaya qoydu: «Deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi”. Şübhəsiz ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq.» Məntiqi nəticə budur ki, Azərbaycan bu strateji hədəfi reallaşdırmaq gücündədir. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək. Digər tərəfdən, Azərbaycan çox mühüm hərbi-siyasi, strateji və diplomatik üstünlüklərə, beləliklə də, Ermənistanı qəbul olunmuş bəyanatların tələblərinin yerinə yetirilməsinə məcbur etmək imkanlarına malikdir. Dünyada baş verən proseslər də Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən və dəstəklənən mövqeyinə və qarşısına qoyduğu hədəflərinə uyğun cərəyan edir. Ermənistan və onu öz məhdud maraqları naminə hansısa addımlara təhrik edən mərkəzlər belə bu reallığı qəbul etmək məcburiyyətindədirlər. Azərbaycan istədiyinə nail olub, olur və olacaq! Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən dəmir və avtomobil yolları nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni, daha səmərəli nəqliyyat vasitəsi olacaq. Keçmiş məcburi köçkünlərin rahatlığı üçün dörd və altı zolaqdan ibarət avtomobil yolunun inşasını sürətləndirməklə hissə-hissə istifadəyə verilməsi qarşıya qoyulan hədəflərdəndir. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çəkilən yol da Şərqi Zəngəzur iqtisadi rayonundakı əraziləri birləşdirəcək. Horadizdən Ağbəndə gedən dəmir yolu nəzərdə tutulduğu müddətdə istismara veriləcək. Zəngəzur dəhlizi ilə bağlı mötəbər məclislərdə səslənən fikirləri təsadüfən xatırlatmadıq. Bu yolun bərpasına müsbət rəy verənlərin və Azərbaycanın dünyanın nəqliyyat xəritəsini dəyişən layihələrini dəstəkləyənlərin eyni mövqedən münasibət bildirmələri o deməkdir ki, dünya birliyi Zəngəzur dəhlizi ilə bağlı rəyini adı çəkilən mərasimlərdə rəsmi bildirib. Əgər Ermənistan bu yolun açılması ilə bağlı qəti fikrini, tarixi müəyyənləşdirməsə Prezident İlham Əliyevin «Biz axıra qədər gedəcəyik, Biz dayanmamışıq!» sözlərini də unutmasınlar.

