Prezident İlham Əliyev Praqada milli maraqlarımızı qətiyyətlə qorudu
Paşinyanın sülhlə bağlı imitasiya cəhdlərinə son qoyuldu
Prezident İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru oldu. Beş saatdan artıq keçirilən 2 görüş əvvəlkilərdən fərqliliyi və xüsusi ştrixləri ilə yadda qaldı. Prezident İlham Əliyevin bu görüşə qədərki diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə edildi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən, Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı.
Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Belə ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu həm də o deməkdir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Prezident İlham Əliyev Praqada Azərbaycanın televiziya kanallarına müsahibəsində bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib.
Ümumiyyətlə, bundan öncə də keçirilən bütün görüşlər Prezident İlham Əliyevin diktəsi altında reallaşıb. Ermənistan Azərbaycan Prezidentinin sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü 5 prinsipi qəbul edib. Lakin Ermənistanın aparılan danışıqlardan sonra törətdiyi təxribatlar danışıqlar prosesinin gedişatına ciddi maneə yaradırdı. Düzdür, Azərbaycan bütün təxribatlara istənilən formada cavab verərək düşməni geri çəkilməyə məcbur edib. Amma bu təxribatlar göstərirdi ki, Ermənistan yenə də vaxt udmaq, proseslərin axarını öz xeyrinə dəyişmək üçün odla oynayır.
Havadarlarına arxalanan bu ölkənin, əslində, niyyəti bəllidir. Ermənistan yenə də «status» məsələsini gündəmə gətirməklə prosesləri öz xeyrinə dəyişmək məqsədi güdür. Elə Praqada keçirilən danışıqlarda Fransa Prezidenti Emmanuel Makronun iştirakı da buna hesablanmışdı. Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Paşinyan Fransanın da iştirak etdiyi görüşlərdə özünü həmişə güvənli hiss edir. Fransa tərəfi Ermənistanı dəstəklədiyini heç bir zaman gizlətmir.
Güman edilirdi ki, Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi – 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı.
Görüşün sonunda bəyanat qəbul edildi və sənəd Yelisey sarayının rəsmi saytında dərc olundu. Bəyanatda deyilir: «Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq.»
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradıb, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğuna və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Bu görüşlərdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi də razılaşdırıldı.
Beləliklə, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev tərəfindən bu dəfə də daha qətiyyətlə qorundu. Bir sözlə, qüdrətli Azərbaycan bu gün də Ermənistanı öhdəliklərinin icrasına məcbur edən qüvvə kimi yeni reallıqlar yaradır.

