Cəbhədən Xəbər 

Ermənilərə xof yaşadanlar…

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri birgə təlimlər vasitəsilə peşəkarlığını daha da artırır

Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi məqsədilə aparılan müasir ordu quruculuğu torpaqlarımızın işğaldan azad edilməsindən ötən iki il ərzində geniş vüsət alıb. Bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan bu sahədə ən yeni innovativ texnologiyalar tətbiq edilməklə zəruri islahatlar aparılır, təkmilləşdirmə prosesi həyata keçirilir. Cənubi Qafqazın ən güclüsü olan Azərbaycan Ordusunun yenidən qurulması zamanı qardaş Türkiyənin təcrübəsindən və müdafiə sənayesinin imkanlarından da geniş istifadə olunur. Bu isə Silahlı Qüvvələrimizin NATO standartlarına inteqrasiyasını sürətləndirir.

Qeyd edək ki, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki dost və qardaş ölkənin digər sahələr kimi, hərbi əməkdaşlığının daha da genişləndirilməsinin yol xəritəsinə çevrilib. Məlum olduğu kimi, Bəyannamədə Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi istiqamətində birlikdə fəaliyyət göstərilməsi əksini tapır. Həmçinin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Məhz Şuşa Bəyannaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə orduları arasında dərin dostluq və tərəfdaşlıq münasibətləri qurulub, uğurlu əməkdaşlıq daha da inkişaf etdirilib. Bunun nəticəsi olaraq qardaş ölkənin sürətlə inkişaf edən müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahların və digər hərbi vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi perspektivləri daim diqqətdə saxlanılır. Əməkdaşlığın ən diqqətçəkən istiqamətlərindən biri isə Bəyannamədə nəzərdə tutulduğu kimi, birgə təlimlərin keçirilməsidir.

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri mütəmadi olaraq keçirilir və hətta bəzən hərbçilərimizin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə eyni vaxtda bir neçə tədbir reallaşdırılır. Məsələn, oktyabrın 3-də qardaş ölkədə Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb və təlim oktyabrın 14-ə qədər davam edəcək. Eyni vaxtda Gürcüstanın Muxrovani şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri də başlayıb. Açılış mərasimi Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutan tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı, polkovnik Teymuraz Klateişvili, həmçinin Azərbaycanın və Türkiyənin bu ölkədəki hərbi attaşeləri, polkovnik-leytenant Fuad İbrahimov, polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər. Bundan əvvəl isə sentyabr ayında Ankara şəhərində XTQ-nin “Sonsuz qardaşlıq-1” təlimləri baş tutmuşdu və 20 günə qədər davam edən birgə təlimlərə Türkiyə, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistanla yanaşı, Azərbaycan hərbçiləri də qatılmışdılar.

Təlimlərin belə sıx qrafiklə keçirilməsi ordumuzun, əsasən də xüsusi təyinatlılarımızın və Komando birliklərinin hərbçilərinin peşəkarlığının daha da artırılması baxımından çox önəmlidir.

Xatırladaq ki, Azərbaycan XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Həmin vaxt ilk birliklərin formalaşmasında Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Məhz qardaş Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin də dəstəyi sayəsində formalaşan peşəkar hərbçilərdən ibarət elit hərbi birliklərimiz Vətən müharibəsi zamanı özünü ən yaxşı tərəfdən göstərməyi bacardı və torpaqlarımızın işğaldanp azad edilməsində mühüm rol oynadı. Ümumiyyətlə, müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. XTQ-nin bölmələri 2016-cı ilin aprel döyüşlərinə də qatılmışdılar və düşmənin çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını məhv etmişdilər. Ancaq Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilir.

Onu da qeyd edək ki, Azərbaycan xüsusi təyinatlıları əsasən Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. Ancaq peşəkar xüsusi təyinatlı olmaq elə də asan deyil və 500 namizəddən yalnız 30-u “Maroon beret” (qırmızı beret) sertifikatı qazanır. Təhsil dövründə keçirilən təlimlərdə yeniyetmələrə günlərlə ac və susuz həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Onlar odlu silahları və partlayıcıları əhatə edən tam əhatəli silah təhsili də alırlar.

Həmin ağır məşqlərin, davamlı təlimlərin nəticəsidir ki, Azərbaycanın XTQ bu gün dünyanın ən güclülərindəndir və düşmənin qorxulu röyasına çevrilib. Məhz bütün bunlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin XTQ-nin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı demişdir ki, Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar: “Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq.”

Daha çox xəbərlər