Müharibə bitsə də…
Ermənistanın mina terroru tükənmək bilmir
Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşmənin işğalçı qüvvələrini qısa müddətdə darmadağın etdi və ölkəmizi ərazi bütövlüyünə qovuşdurdu. Xislətsiz ermənilər məğlubiyyətlərindən iki il keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin olmadığını iddia etməkdə davam edirlər. Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir. Son vaxtlar Xocavənd, Tərtər, Füzuli, Ağdam və digər ərazilərdə mülki şəxslər mina terrorunun qurbanı olublar. Ümumiyyətlə, Vətən müharibəsi başa çatdıqdan sonra 260 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub. 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib.
Qeyd edək ki, Füzuli və Ağdam rayonlarında 97 min mina aşkarlanıb, amma bu, hələ son deyil. Bu günlərdə Ağdam rayonunda daha iki vətəndaşımızın minaya düşərək ağır yaralanması hiddət doğurur. Azərbaycanın işğal altında olmayan Daşkəsən rayonu ərazisində belə ermənilər mina basdırmağa müvəffəq olublar və burada 500-ə yaxın mina basdırılıb. Hazırda erməni təxribatçıları işğaldan azad edilmiş ərazilərimizə gizli yollarla daxil olur və həmin sahələri minalayırlar. Sentyabrın 12-13 tarixlərində Azərbaycan – Ermənistan sərhəddində baş verən döyüşlərin səbəblərindən biri də bu təxribatla bağlıdır. Yeri gəlmişkən, hərmin ərazilərə baxış keçirilərkən ermənilərin yenidən minlərlə mina basdırdıqları aşkarlanmışdır.
Bununla yanaşı Azərbaycan işğaldan azad edilmiş torpaqların minalanması ilə bağlı getdikcə daha dəhşətli faktlar aşkar etməkdə davam edir. Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi Azərbaycanın Xocalı rayonu istiqamətində mühəndis-istehkam bölmələri tərəfindən Ermənistan istehsalı olan PMN-E markalı beş piyada əleyhinə mina aşkar edilərək, sonradan zərərsizləşdirildiyi barədə məlumat yayıb. Üstəlik, 2021-ci ildə müharibə başa çatdıqdan sonra təkcə Laçın rayonunda 1400-dən çox yeni mina qoyulub ki, bu da təəssüf ki, Azərbaycana qarşı məkrli müharibənin ən dəhşətli şəkildə davam etdiyindən xəbər verir. Məlumatda o da bildirilir ki, aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Bu cür cinayətlərin qarşısının alınması üçün isə dövlətimiz tərəfindən zəruri olan bütün addımlar atılır. Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verir. Lakin Ermənistan mina terroruna siyasi müstəvidə də davam edir. Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinin mina xəritələrini Azərbaycan tərəfinə təqdim etsə də xəritələrin dəqiqliyinin 25 faizə qədər olması bu faktı təsdiqləyir ki, erməni tərəfi ərazilərin minalardan təmizlənməsində maraqlı deyil, əksinə sözügedən təhlükənin regionda mövcud olmasında maraqlıdır. Belə olan halda Ermənistana qarşı cəza mexanizmləri işə salınmalıdır. Beynəlxalq hüquqa zidd addımlarından əl çəkməyən Ermənistana təzyiq göstərilməli, beynəlxalq ictimaiyyətin və təşkilatların sərt tənqidlərinə tuş gəlməlidir.
Regiona dinc həyatın qayıtmasını, ərazilərdə aparılan quruculuq işlərini gecikdirən mina təhlükəsi İrəvanın məkrli siyasətinin əksidir. Azərbaycan dövləti tərəfindən öz çirkin təxribatları ilə minlərlə insanın həyatını təhlükə altında qoyan Ermənistanın əsl mahiyyəti ifşa olunmağa davam edir. Ermənistanın mənfur siyasətindən əl çəkməməsi, əksinə minaları Azərbaycana qarşı təzyiq vasitəsi kimi görməsi mina xəritələrindəki “dəqiqliyin” əsasını təşkil edir. Bundan əlavə 44 günlük müharibə dövründə pərən-pərən düşən erməni qoşunlarının qaçarkən əraziləri heç bir xəritəyə uyğun olmayan şəkildə minalaması da istisna deyil.
Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir.
Bu gün Azərbaycan dövlətinin Ermənistanın “mina terroru” ilə mübarizəsinə dəstək vermək hər bir vətəndaşımızın borcudur. Bu işdə vətəndaşların öhdəliyi rəsmi qurumların tövsiyə və göstərişlərinə əməl etmək və həyatlarını erməni təxribatına qurban verməmək üçün qaydalara riayət etməlidir. 30 illik işğala son qoyan Azərbaycan dövləti bu problemin də həllinə nail olmaq iqtidarındadır. Ermənistanın təxribatları isə hər zaman olduğu kimi uğursuzluğa düçar olmağa məhkumdur.

