Gündəm 

Azərbaycanın xarici siyasətində humanizm prinsipləri

Bütün xalqlara, millətlərə hörmətlə yanaşan, birgəyaşayış qaydalarına sadiq qalan ölkəmizdə keçirilən beynəlxalq tədbirlər multikultural dəyərlərdən qaynaqlanan çağırışlardır

Sivilizasiyanın təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, kimliyini, genetik yaddaşını, əxlaqi dəyərlərini qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək kimi çətin missiya dövlətə rəhbərlik edən, xalqına düzgün yol göstərən tarixi şəxsiyyətlərin fəaliyyəti ilə birbaşa bağlıdır. Varlığını qorumağı bacaran xalq yaşam fəlsəfəsini ulularından qalan dəyərlər əsasında formalaşdırır, təkmilləşdirir, təbliğ edir. Tolerantlığın, multikultural dəyərlərin əsrlərdən bəri qorunub saxlanıldığı Azərbaycanda dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların bir ailənin üzvləri kimi yaşamaları, fərqli mədəniyyətlərə hörmət çoxkonfessiyalı cəmiyyətimizdə mühüm amil kimi qorunur. Sağlam təfəkkürlü cəmiyyətin formalaşmasına böyük önəm verən ümummilli lider Heydər Əliyev bu məsələlərin dövlətimizin xarici siyasətində də əksini tapması, xalqımızın humanizm prinsiplərindən qaynaqlanan tolerantlıq ənənələrinə sadiqliyi üçün strateji hədəfləri, uzun illər üçün nəzərdə tutulan təkmil konsepsiyanın istiqamətlərini dəqiqliklə müəyyənləşdirmişdir. İslami dəyərlərə bağlılıq, başqa dinlərə dözümlülük, müxtəlif irqlərə məxsus insanlarla qarşılıqlı anlaşma şəraitində yaşamaq, multikulturalizmi, tolerantlığı təbliğ etmək ölkəmizin xarici siyasətinin də əsasını təşkil edir.

Xalqlararası əməkdaşlığı dünyada sülhün qorunmasına töhfə kimi dəyərləndirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda keçirilən, eyni zamanda, düşünülmüş xarici siyasətimizin məntiqi nəticəsi kimi, ölkəmizə marağı artıran beynəlxalq tədbirlərin təşkilində də məqsəd dövlətlər, millətlər arasında birlik və həmrəyliyin təşkili, qorunması, təkmilləşdirilməsidir. Beynəlxalq münasibətlər sistemində qüdrətli, vədinə sadiq dövlət kimi hörmət qazanan Azərbaycanın xarici siyasətinin əsas prinsipləri bütün qonşuların ərazi bütövlüyünə ehtiramla yanaşmaq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqlik, ikitərəfli və çoxtərəfli əlaqələri insan amilinə, milli-mənəvi dəyərlərə hörmət baxımından inkişaf etdirməkdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasətini bu prinsiplər əsasında yeniləşdirdi və ölkənin strateji maraqlarını «Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin» sözləri əsasında müəyyənləşdirdi.

Ulu Öndərin müəyyənləşdirdiyi strategiya müasir dövrün tələblərinə, daha geniş coğrafiyanı əhatə edən qlobal siyasi mənzərəyə uyğunlaşdırılır. Dövlətimizin beynəlxalq aləmdə öz sözünü qətiyyətlə deməsi üçün bu siyasəti müdrikcəsinə zənginləşdirən Prezident İlham Əliyevin məqsəd və məramı gələcəyə daha nikbin nəzərlərlə baxmaq, beynəlxalq münasibətlər sistemində dövlətimizin maraq və mənafelərini gücləndirməkdir. Xalqlararası münasibətlərin möhkəmlənməsini ən unikal yol kimi müəyyənləşdirən dövlət başçımız İlham Əliyevin təşəbbüsləri ilə ölkəmizdə keçirilən mühüm tədbirlərin, simpoziumların, konfransların təşkilində məqsəd Azərbaycanda baş verən yeniliklərin, ölkəmizin qarşılıqlı münasibətlərə etimad prinsiplərinə sadiqliyinin təbliğidir. Müasir dövrümüzün əsas tələbi də budur: Bəşəri dəyərlər əsasında formalaşan humanitar platformalarda birləşərək dövlətlərarası münasibətlər sistemini sağlam təmaslar, səmərəli dialoqlar, qarşılıqlı anlaşma şəraitində inkişaf etdirmək. Sivilizasiyalararası dialoq məkanı, siyasi, iqtisadi, humanitar platforma adlandırılan Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir.

Beynəlxalq Humanitar Forumlar, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, Krans Montana Forumuna, Ümumdünya Davos İqtisadi Forumuna, «Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi» mövzusunda beynəlxalq konfransa, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü illik sessiyasına, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna və digər mühüm tədbirlərə də ev sahibliyi edən Azərbaycan təşəbbüsləri ilə dünyaya bəyan edir ki, qarşılıqlı anlaşma şəraitində birgə yaşayış qaydalarına sadiqlik ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.

Auditoriyası nüfuzlu siyasi və dövlət xadimlərinin kontingentini əhatə edən Bakı Beynəlxalq Humanitar forumlarına marağın artması ölkəmizin diplomatik uğurlarındandır. Bu cür forumların keçirilməsi üçün nəyə görə məhz Azərbaycanın seçilməsini şərtləndirən amilləri Prezident İlham Əliyev bu sözləri ilə izah edib: «Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər”.»

Azərbaycanın təşəbbüsü ilə keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam ölkələrinin nümayəndələrinin də dəvət olunması, İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakı toplantısında Avropa ölkələrinin nümayəndələrinin iştirakı Azərbaycanın bütün dinlərə, xalqlara eyni qaydada yanaşma prinsipinə sadiqliyinin nümunəsidir. Respublikamızda keçirilən «Eurovision» mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları xalqlararası birlik və qardaşlıq bayramı kimi xatirələrdə iz saldı.

Üç ilə yaxın müddətdə bütün dünyanı bürüyən COVID-19-a qarşı mübarizə tədbirləri sayəsində Azərbaycanın təcrübəsinin nümunə göstərilməsi də təsadüfi deyil. Həmin dövrdə Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına sədrlik edən Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya dövründə müxtəlif ölkələrə də humanitar yardımlar göstərilmişdir. Pandemiyaya qarşı mübarizədə dövlətlərarası həmrəyliyin əhəmiyyətini əməli fəaliyyəti ilə doğrultmaqla Qoşulmama Hərəkatının Sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edən dövlət başçımızın həmrəylik çağırışları daim dəstəklənir. 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin iştirakı ilə videoformatda keçirilən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Ölkəmiz pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində ianə ayırmış, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bəzi ölkələr tərəfindən ehtiyaclarından artıq peyvənd əldə edilməsini «vaksin millətçiliyi», insanlara qarşı ədalətsiz yanaşma kimi tənqid edən dövlət başçımız İlham Əliyevin humanist çağırışları insanlara bərəbər hüquqlar əsasında yanaşma niyyətidir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı təklifi əsasında Qətnamənin yekdilliklə qəbulu dövlət başçımızın bəşəri dəyərlərə sadiqlik nümunəsidir. Bütün millətlərə humanizm prinisipləri baxımından yanaşan, Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan olan Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi, etibarlı tərəfdaş hesab edilir. Ölkəmiz qlobal məsələlərin həllində strateji əhəmiyyətə malik əsas oyunçu olduğunu müəllifi olduğu enerji və nəqliyyat layihələrini gerçəkləşdirməklə birlikdə müxtəlif xalqlara göstərdiyi humanitar dəstəyi, yardımları ilə də fərqlənir. «Millətlərarası münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bu, bütün dövrlərdə belə olmuşdur. Xüsusilə də indiki zəmanədə bu məsələlərə xüsusi diqqət verilməlidir» söyləyən Prezident İlham Əliyev Azərbaycan brendi olan və təcrübə kimi təbliğ edilən multikulturalizmə bütün dövlətlərin xarici siyasətində önəm verilməsinin vacibliyini, özünütəcridi, ksenofobiya kimi mənfi hallara qarşı birgə mübarizəni ciddi məsələ kimi diqqətə çatdırır.

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərindəki Zəfərini dəstəkləyənlərin, işğaldan azad edimiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirak etmək istəyənlərin sayının artması Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdə də insan amilinə göstərdiyi diqqət, müəllifi olduğu humanizm prinsiplərinə sadiqliyidir.

Daha çox xəbərlər