Gündəm 

İtkin düşənlərin qaranlıq taleyi

Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur. Azərbaycan tərəfinin əldə etdiyi məlumatlar göstərir ki, bu siyahıda olan insanların əksəriyyəti erməni əsirliyində ya işgəncə, ya da xəstəlikdən həlak olub. Bu günə qədər siyahıda olanların bəzilərinin Ermənistanda və işğal olunan ərazilərdə ağır fiziki işlərdə qul kimi istifadə olunduğu haqqında faktlar mövcuddur. İtkin düşənlərin ailələri daim böyük həsrət və iztirab içərisində öz əzizlərinin taleyi barədə məlumat almaq istəyirlər. Lakin erməni siyasəti müharibə qanunlarını, beynəlxalq hüququ tanımadı, barbarcasına hərəkət edərək bu insanların da taleyinə aydınlıq gətirmədi.  Erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızla bağlı həqiqətlərin üzə çıxması həm də minlərlə gözüyaşlı ata-ananın, bacı-qardaşın, oğul-qızın təskinlik tapması, gözlərinin yollardan çəkilməsi demək olardı. Vaxt keçsə də doğmalarının yolunu gözləyən minlərlə ailə hələ də ümidlərini üzməyiblər.  Sözsüz ki, hər bir itkin düşmüş şəxsin taleyi faciədir. İtkin düşmüşlərlə yanaşı, onların ailələri və yaxınları da bir faciə yaşayırlar. Hələ də ömrüboyu itkin sevdiyini gözləyərək saçları ağaran qızlar, əsirlikdə olan atasının həsrəti ilə böyüyüb bu gün özü ata olan, amma gözləri yollardan çəkilməyən övladlar var…

Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Bunu Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı”.

Ermənistanın Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətdiyini vurğulayan ölkə başçısı onu da əlavə edib ki, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb.

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi. Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmayıb və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar. Onların taleyi bu vaxtadək məlum deyil.  Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə Ermənistanın dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır. Yüksəksəviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir.

Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı işğalçı ölkə tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Lakin 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra yaranmış yeni situasiyada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. 2021-ci ilin fevralından 2022-ci ilin aprel ayına qədər işğaldan azad edilmiş Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Kəlbəcər və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb.

Daha çox xəbərlər