Gündəm 

Azərbaycan dünyanın enerji xəritəsini necə dəyişir?

Bu gün Avropa İttifaqı özünün onsuz da artmaqda olan tələbatını ödəmək üçün Azərbaycan, Norveç, Əlcəzair kimi ölkələrdən qaz idxalını artırmaqla bağlı danışıqları intensivləşdirib. Azərbaycan 2022-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya planlaşdırılan 10 milyard kubmetrə qarşı 11 milyard kubmetr qaz çatdırmağı nəzərdə tutur.

Göründüyü kimi, mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropa üçün daha böyük önəm kəsb etməyə başlayır. Praqada Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev bu məsələyə geniş toxunmuşdu. Dövlət başçısının sözlərinə görə, burada da çox dəqiq və açıq gündəlik var: “Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq”.

Rəsmi rəqəmlər son illər Azərbaycanın təbii qaz hasilatında artım qeydə alındığını göstərir. Məsələn, ötən il ölkənin təbii qaz hasilatı 2020-ci illə müqayisədə 20 faizə yaxın artıb və 44 milyard kubmetrə çatıb. Bu ilin ilk səkkiz ayının nəticəsi göstərir ki, təbii qaz hasilatında yenə artım var. Yanvar-avqust aylarında ölkədə toplam 30.6 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 2.7 milyard kubmetr artım deməkdir. Eyni dövrdə ölkənin təbii qaz ixracındakı artım daha yüksəkdir. Bu ilin ilk səkkiz ayı boyunca Azərbaycanda çıxarılan təbii qazın təxminən yarısı – 14.4 milyard kubmetri ixraca yönəldilib. Bu, ötən illə müqayisədə 23 faiz artım mənasına gəlir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir. Azərbaycanın bu il çıxardığı təbii qaz, əsasən, “Şahdəniz” yatağı hesabına təmin edilib. İlin səkkiz ayı ərzində hasil edilən qazın 9 milyard kubmetrini “Azəri-Çıraq-Günəşli”, 16.4 milyard kubmetrini “Şahdəniz”, 5.2 milyard kubmetrini SOCAR digər yataqlardan çıxarıb. Qarşıdakı illərdə də Azərbaycan təbii qaz hasilatını “Şahdəniz” yatağı hesabına artırmaq istəyir. Belə ki, “Şahdəniz-2″ layihəsinin üçüncü mərhələsinin işə salınması sayəsində 2030-cu ilədək bu yataqdan əlavə 15 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. “Şahdəniz” yatağı ilə yanaşı, “Abşeron” və “Qarabağ” yataqlarının da istismarı ölkəyə əlavə təbii qaz ixrac etməyə imkan yaradacaq. “Abşeron2” yatağından ilkin mərhələdə hər il 1.5 milyard kubmetr qaz çıxarılacaq. Növbəti illərdə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ümumi ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilən “Qarabağ” yatağınınsa 2025-ci ilədək fəaliyyətə başlaması planlaşdırılır. Bu yatağın istifadəsi ölkəyə hər il 1.5-1.8 milyard kubmetr əlavə təbii qaz hasil etməyə imkan yaradacaq.

Son dövrlər yatırımların artdığı alternativ enerji mənbələri hesabına elektrik istehsalı da, dolayısı ilə, ölkənin təbii qaz ixracını artıracaq. Hökumət elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payını artıraraq hazırda elektrik enerjisi istehsalına sərf edilən təbii qaz həcmini də ixraca yönləndirmək imkanı qazanacaq. Digər tərəfdən, bu prosesə müəyyən qədər Azərbaycan, Türkmənistan və İran arasında imzalanan svop anlaşması, yəni, qaz mübadiləsi də təsir göstərə bilər. Bu anlaşma nəticəsində Azərbaycanın əldə etdiyi təbii qaz həcmi elə də çox deyil. Ancaq ekspertlərin fikrincə, Avropaya daha böyük həcmdə təbii qaz idxalına imkan yaransa, bu anlaşma vasitəsilə daha çox qaz çıxarmaq imkanı var.

Azərbaycanın Avropaya təbii qaz ixracını artırması üçün daşıma vasitələri də mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Avropaya, əsasən, TAP xətti vasitəsilə daşınır. Yaxın tezlikdə TAP-ın mövcud gücünün iki dəfə artırılmasından ötrü daha iki kompressor stansiyası lazım olacaq. Kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisi nəzərədə tutulur. Eyni zamanda, TAP mövcud iki stansiyanı da modernləşdirməlidir. Beləliklə, hazırkı xətt ildə 20 milyard kubmetr qaz Avropaya ötürə biləcək.

Bütün bunlar isə Prezident İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə daha möhkəmləndiyinin bariz təcəssümüdür.

Daha çox xəbərlər