Cəmiyyət 

İnformasiya manipulyasiyaları: Bu sosial bəlaya qarşı necə mübarizə aparmaq olar?

Qardaş Türkiyə Cümhuriyyətində internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələblərinin sərtləşdirilməsi problemin həlli yollarını təqdim edir

Bu gün sürətlə qloballaşan və sosiallaşan dünyada geniş istifadə olunan internet media müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsir də göstərməkdədir. Danılmaz faktdır ki, sosial medianın informasiya məkanında, necə deyərlər, bir addım irəlidə olduğu bir vaxtda internet TV-lərdə, “YouTube”da, “Facebook”da yayılan dezinformasiya xarakterli yalan məlumatlar, ictimai rəydə məqsədli şəkildə çaşqınlıq və gərginlik yaratmaq üçün seçilən xəbər başlıqları insanları, bəzən isə bütöv bir cəmiyyəti təşvişə salır.

Həmçinin zaman-zaman sosial şəbəkələrdə şər-böhtan, təhqir, saxta məlumatlarla vətəndaşların işgüzar nüfuzu, şəxsi həyatı zədələnmiş olur. “Sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur”- deyə düşünən bəzi məkrli qüvvələr öz yalan və dezinformasiya xarakterli məlumatları ilə milli təhlükəsizliyə və dövlət maraqlarına ciddi zərbə vururlar.

Hazırda dünyanın ayrı-ayrı ölkələrində bu zərərli tendensiyaya-sosial şəbəkələrdə yayılan yalan xəbərlərə, informasiya manipulyasiyalarına, cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizə aparmaq üçün effektiv həll yolları axtarılır. Qardaş Türkiyə Cümhuriyyətində internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələblərinin sərtləşdirilməsi məhz bu məqsədə xidmət edir. Belə ki, bu günlərdə qardaş ölkədə müzakirələrə səbəb olan, cəmiyyətdə “Dezinformasiya ilə mübarizə qanunu”  kimi tanınan yeni qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında səs çoxluğu ilə qəbul edilib. Belə ki, sosial medianın tənzimləməsi ilə bağlı qanun layihəsinin 29-cu maddəsinə görə, yalan məlumatlar yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası veriləcək. Həmin maddəyə əsasən, Türkiyə Cəza Məcəlləsinin 217-ci maddəsinə ediləcək əlavədə bildirilir ki, ictimaiyyətdə narahatlıq, qorxu və ya panika yaratmaq məqsədi ilə daxili və xarici təhlükəsizlik, ictimai asayiş, eləcə də ümumi olaraq dövlətlə bağlı reallığa əsaslanmayan məlumatı yayan şəxs bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayət təşkilati fəaliyyət çərçivəsində törədildikdə, cəza ikiqat artırılır. Həmçinin şəxs cinayəti öz şəxsiyyətini gizlətməklə və ya hərhansı təşkilatın fəaliyyəti çərçivəsində törətdikdə, yuxarıda göstərilən bəndə uyğun olaraq verilən cəza yarıbayarı artırılır. Yeri gəlmişkən, bəhs edilən maddə ilə bağlı müxalifətlə iqtidar uzun müddətdir razılığa gələ bilmirdi.

Qanunda, həmçinin göstərilir ki, bütün xəbər saytları dərc edilən yanlış məlumatların silinməsini dərhal təmin etməlidir. Ünvansız xəbər saytı olmayacaq. Mətbuata aid tələblər xəbər hazırlayan saytlara da şamil olunacaq. Sosial şəbəkələrdən Türkiyədə nümayəndəlik açmaq və nümayəndənin Türkiyə vətəndaşı olması tələb edilir.

Bundan başqa, Qanunun tələbinə görə “ictimaiyyəti çaşdıran məlumatları açıq şəkildə yaymaq” cinayət hesab olunur. Yəni, yayılan xəbərlər doğru deyilsə, əgər bu, ölkənin təhlükəsizliyinə və əhalinin sağlamlığına aiddirsə, cəmiyyətdə qorxu, çaxnaşma, təşviş yaratmaq niyyəti varsa, ictimai asayişi pozmaq məqsədi daşıyırsa deməli cinayət əməlinə yol verilib. Qanundakı yeniliklərdən biri də odur ki, xəbər saytlarının əməkdaşları mətbuat mənsubları hesab ediləcək. Yeni qanunla Mətbuat Kartı şərtlərə cavab verən internet jurnalistlərinə, aparıcılara, redaktorlara və nəşriyyatçılara da verilə bilər. Həmçinin xəbər saytlarında rəsmi elanlar və reklamlar yerləşdirilə bilər.

Çox təəssüf ki, bu gün Azərbaycanda da bəzi saytlar məsuliyyətsizlik nümayiş etdirərək şantaj və dezinformasiya xarakterli, əsassız, uydurma xəbərlər yayır, məqsədli şəkildə və ya bilməyərəkdən toplumda ajiotaj yaradır, hətta təhqiramiz ifadələr işlədirlər. Sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, burada paylaşılan fikirlər, açıqlamalar əgər başqalarının təhqir edilməsi və ya kiməsə böhtan atılması ilə müşayiət olunursa, hüquqi məsuliyyət yaradır. Əlbəttə, bu cür qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları  dəfələrlə həmin sosial şəbəkə “fəalları”na xəbərdarlıq edib. Təbii ki, müəyyən xəbərdarlıqlardan nəticə çıxarmayanlar qanunvericiliyə uyğun olaraq öz layiqli cəzalarını alırlar.  Bütün bunların fonunda bir daha demək istərdik ki, ölkəmizdə insanların şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzuna xələl gətirilməsi hallarına qarşı həm qanunun tələbləri, həm də cəza tədbirləri daha da sərtləşdirilməlidir.

Daha çox xəbərlər