Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur.
Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır.
1993-cü il avqustun 23-də Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə külli miqdarda zərər dəymişdir.
17 oktyabr 2020–ci ildə Füzuli rayonu Ermənistan işğalından azad olunmuşdur. Füzuli rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.
Zəngin infrastruktura tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.
Yaşasın Müzəffər Ali Baş komandan İlham Əliyev!!!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!!!
Qarabağ Azərbaycandır!!!
Turanə Məmmədova – Bərdə Tarix diyarşünaslıq muzeyinin elmi işçisi

