Tarixi Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi
Qazaxıstan Respublikasının paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi ikitərəfli görüşlər və plenar iclasda vaxt baxımından qısa, lakin məzmunca geniş, mahiyyətcə dərin olan nitqi milli-dövlət maraqlarımızın məharətlə qorunması ilə xarici siyasət tariximizə keçdi.
İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. İkinci Qarabağ müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir. Başqa sözlə, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün Ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. İndi isə qarşıda duran vəzifələrdən biri də azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlamaqdır.
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistanın sərhəddə təxribatlar törətməkdə davam etməsinin, bunlardan sonuncusunun bu ilin sentyabr ayında törədilməsinin, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur olmasının, bu təxribatlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsinin bəyan edilməsi həm Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbədir, həm Azərbaycan dövlətinin gələcəkdə törədilə biləcək belə təxribatların qarşısını almaqda qətiyyətini göstərir həm də rəsmi İrəvanın havadarlarına xəbərdarlıqdır.
Ermənilər hər yerdə özlərini mədəni xalq kimi təqdim etməyə çalışırlar. Ancaq mədəni xalq anlayışı ilə sadalanan dağıntılar əsla bir araya sığmır. Mədəni xalq heç bir halda insanların onilliklər boyu qurub-yaratdığı ev-eşiyi, tarixin daş yaddaşı olan abidələri yerlə-yeksan etməyi özünə rəva görməz. Təəssüf doğuran haldır ki, işğalın davam etdiyi 30 il ərzində Ermənistan cəmiyyətindən, ziyalılarından Azərbaycan ərazilərində törədilən vandalizm əməllərinə hansısa bir formada etiraz bildirilmədi. “Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı”.
Ali Baş Komandan, ölkə başçımız cənab İlham Əliyev bildirdi ki, Ermənistan 30 ilə yaxın davam edən işğal zamanı Azərbaycanın şəhər və kəndlərini, mədəni və dini abidələri, məscidləri məqsədli şəkildə dağıdıb, təhqir və talan edib, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə edib. 30 il ərzində erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazı bildirməməsinin, dağıntıların, erməni vandallarının və hərbi cinayətkarlarının təqdir edilməsinin və qəhrəmanlaşdırılmasının, Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın sistemli şəkildə müharibə cinayətləri törətməsinin, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşməsinin, onların əksəriyyətinin işgəncələrə məruz qalmasının, öldürülməsinin və kütləvi məzarlıqlarda basdırılmasının, iki kütləvi məzarlığın aşkar edilməsinin söylənilməsi Ermənistanın dövlət siyasətinin mahiyyətinin bütün çılpaqlığı ilə açılması və ifşa edilməsidir.
Zirvə Toplantısında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu ağır problemə baxmayaraq, Aazərbaycan “Böyük Qayıdış”a artıq başlayıb. Belə ki, ərazilərin minalardan təmizlənməsi ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı bərpa-quruculuq işləri aparır ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Qayıdış prosesi artıq başlanıb və keçmiş məcburi köçkünlər mərhələli formada öz doğma el-obalarına qayıdırlar.
Bununla Azərbaycan dövlətinin gücü toplantı iştirakçılarının diqqətinə çatdırıldı.
Dövlət başçısı tərəfindən Azərbaycan dövlətinin sülh niyyətinin olduğu bəyan edildi. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndin dağıdılmasına baxmayaraq, Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etməsi Azərbaycan millətinin və dövlətinin aliliyini göstərir.
Bir sözlə, Prezident İlham Əliyevin milli-dövlət maraqlarımızın ən üstün səviyyədə təqdimatı, qorunması və yeni dostlar qazandırmaqla yadda qalan səfəri zamanı keçirdiyi görüşlər və toplantıdakı nitqi əməkdaşlıqda yeni imkanlar açır.
Aygün Əliyeva,
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi,
“Üfüq İstehsalat Birliyi” Məhdud Məzsuliyyətli Cəmiyyətin kadr işləri üzrə aparıcı mühəndisi

