Bütün yollar Xankəndiyə aparır
Azərbaycan dövləti işğal altındakı digər torpaqlarımızı da müharibəsiz qaytarmaq imkanları qazanıb. Yəni, proses 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə davam edir. Bu prosesdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi önəmli rol oynayır. Yəni, ölkəmiz artıq sülh danışıqlarında diktə edən tərəfdir. Əvəzində, Ermənistan bu prosesdə icraçıdır- üzərinə qoyulan öhdəlikləri yerinə yetirməyə məhkumdur. Məhz bu səbəbdən də 2022-ci ilin avqust ayında Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçməklə həmin ərazilərdə qanunsuz məskunlaşmış erməni əhalisi də çıxarıldı.
İndi növbədə Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Şuşa ətrafı kəndlərdir. Məhz yaxın gələcəkdə bu şəhər və rayonların da tamamilə Azərbaycanın nəzarətinə keçməsi gözlənilir. Hətta oktyabrın 6-da Praqa şəhərində təşkil olunmuş «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüşün sonunda verilən birgə bəyanatda da Azərbaycanın ərazi bütövlüyü yenidən gündəmə gətirildi. Burada diqqətçəkən ən önəmli məsələ odur ki, bu müddəalar məhz Ermənistanın Avropadakı ən böyük himayədarı Fransanın iştirakı ilə bəyan edildi. Bununla da Prezident İlham Əliyevin daha bir diplomatik qələbəsi gerçəkləşdi.
Əslində, burada səslənən bəyanat İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ölkələrin ərazi bütövlüyü və suverenliyinin əks olunduğu ilk sənəddir. Bəyanatda elan edilən müddəalar rəsmi İrəvanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını təsdiqləyir. Bununla Ermənistan 30 ildən sonra qondarma «referendum» və «status» tələbindən imtina etmiş olur. Bəyanatda BMT Nizamnaməsinə və 1991-ci ildə qəbul olunmuş Alma-Ata Bəyannaməsinə istinad isə Azərbaycan və Ermənistan arasında hələlik mövcud olmayan dövlət sərhədlərinin delimitasiyasında əsas əsas rol oynayacaq.
Məhz Praqada Azərbaycan televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Xankəndidəki ermənilər bizim vətəndaşlarımızdır. Onlarla bağlı qərarları biz verə bilərik və digər ölkələrin bizim daxili işlərimizə qarışmalarına imkan verməyəcəyik. Təbii ki, qələbə ruhlu bu fikirlər Praqada əldə olunan diplomatik uğurlarımızdan sonra bir daha səsləndi.
Bəli, bütün bunlar bir daha göstərir ki, Azərbaycan Xankəndini tamamilə öz nəzarətinə qaytarmaq üçün bir çox istiqamətdə hərəkətə keçib. Aydın şəkildə görünən odur ki, mövcud proseslər bizi Xankəndi hədəfimizə hər gün daha da yaxınlaşdırır. Bir sözlə, bütün yollar Xankəndiyə aparır.
Düzdür, Fransa Prezidenti sonrakı günlərdə yenə də qatı ermənipərəst ənənəsinə sadiq qalaraq Praqa görüşlərində qəbul edilən bəyanatın məzmununa uyğun olmayan sərsəm açıqlamalar verib. Hətta daha dərinlərə gedərək Rusiya və Azərbaycanı Ermənistana qarşı işğalçılıq siyasətində «günahlandırıb.»
Təbii ki, Makronun bu açıqlamaları onun qeyri- ciddi siyasətçi imicini bir daha gündəmə gətirdi. Ümumiyyətlə, Fransanın qatı ermənipərəstliyi heç vaxt imkan verməyib ki, Cənubi Qafqazda hərbi -siyasi sabitlik yaransın. Ona görə də Emmanuel Makron başda olmaqla onun sələflərinin də fikirləri heç vaxt Azərbaycan xalqı və dövləti üçün önəmli və həlledici olmayıb.
Daha bir önəmli fakt da diqqətdən yayınmır. Belə ki, erməni mətbuatının məlumatlarına görə, Praqa bəyanatından dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçıların qondarma rəhbəri Araik Arutyunyana da birmənalı şəkildə bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh müqaviləsini imzalamağa hazırdır. Nikol Xankəndidəki ermənilərin də bu müqaviləyə hazır olmalarını istəyib. Hətta burada «status» məsələsinin də gündəmdə olmayacağını bildirib.
Məhz bu fikirlərdən sonra Xankəndidəki ermənilər etiraz mitinqlərinə başlayıblar. Etirazçılar Nikol Paşinyanı və Araik Arutyunyanı satqınçılıqda və xəyanətdə ittiham ediblər. Eyni zamanda, Ermənistandakı revanşistlər də Praqa görüşlərindən sonra Azərbaycanın güclənən mövqeyini qəbul etməyə başlayıblar. Hətta «Qarabağ klanı»nın rəhbərləri Robert Koçaryan və Serj Sarkisyan da etiraf ediblər ki, indiki məqamda Azərbaycanla nə hərbi, nə də diplomatik sahədə mübarizə aparmağa ölkələrinin gücü yetməz.