İşğaldan azad edilmiş rayonlara ruzi-bərəkət gəlir
Bu bölgənin məhsuldar torpaqları ölkəmizin ərzaq təhlükəsizliyinə yeni töhfələr verəcək
Azərbaycanda aqroparkların yaradılması kənd təsərrüfatının inkişafını sürətləndirməklə ixracyönümlü məhsulların çeşidinin artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin 33 rayonu üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 15-i bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manatdan çox özəl investisiya qoyulub.
Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub. 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4500 işçi daimi, 6400 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerin açılması nəzərdə tutulur.
Belə yeni aqroparkların işğaldan azad olunmuş rayonlarda yaradılması sürətlə davam edir. O da məlumdur ki, Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad edilən rayonların iqtisadi dirçəlişini bərpa etmək və orada yeni müəssisələr qurmaq dövlətimizin qarşısında duran mühüm məsələdir. Çünki bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi prioritet məsələdir. Xüsusilə daxili imkanlar hesabına təminat ən vacib istiqamətlərdən biridir. Hazırda Azərbaycanda taxıla olan tələbatın 60 faizi yerli istehsal hesabına ödənilir, qalan 40 faizi isə idxal edilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimiz taxıla olan tələbin ödənilməsində xüsusi rolu ola bilər. O da məlumdur ki, Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardandır. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tona yaxın taxıl istehsalı mümkündür. Məhz cari ildə işğaldan azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton taxıl yığılmışdır.
İşğaldan azad edilən Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcər rayonları isə hevyandarlıq və üzümçülük üçün çox əlverişlidir. Artıq həmin rayonların bir neçəsində aqropaklar fəaliyyətə başlayıb. Ən sonuncu «DOST aqropark»ın təməli isə bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Cəbrayılda qoyuldu.
İşğaldan azad edilən rayonların yol infrastukuturu da dövlət başçımızın diqqətindədir. Bu bir həqiqətdir ki, işğaldan azad edilmiş rayon və şəhərlərimizə gediş-gəlişin və daşınma prosesinin təmini üçün yolların əhəmiyyəti çox böyükdür. Hazırda həmin ərazilərdə 14 yol-nəqliyyat infrastruktur layihəsi icra olunmaqdadır. Tikintisinə ötən il başlanılan bir neçə mühüm yol infrastrukturu isə artıq istifadəyə verilib. Eyni zamanda, burada loqistika məsələləri də uğurla icra olunur. Məhz son iki ildə Füzulidə və Zəngilanda müasir standartlara cavab verən beynəlxalq hava limanlarının istifadəyə verilməsi buraya investisiya qoyuluşlarını daha da asanlaşdıracaqdır.

