Gündəm 

Paşinyan özünü sərsəri kimi aparır

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini qatı ermənipərəst Konstantin Zatulinin və erməni əsilli telejurnalist,  Rusiyanın «Russia Today» kanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. Onların Ermənistanda «arzuolunmaz» şəxslər  elan edilməsi bir daha göstərir ki, bu ölkədə artıq anti-Rusiya əhval- ruhiyyəsi hər gün daha da yüksəlməkdədir. Əvəzində, ermənilər Qərbə meyillənmək istəklərini açıq şəkildə büruzə verirlər. Burada təzad təşkil edən amillər də mövcuddur. Belə ki, bir tərəfdən Qərbə meyillənən Paşinyanın, digər tərəfdən Qərbin qəbul etmədiyi İranla isti münasibətlər qurması anlaşılan deyil. O da faktdır ki, bu gün İran Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə dəstək verən diktatura ölkəsidir. Paşinyanın bu siyasəti daha çox mövqesizlik  və qeyri-peşəkarlıq hesab edilir. Bu bir daha göstərir ki, Ermənistan rəhbərliyi geosiyasi müstəvidə yolunu azmış bir sərsəridir.

Bəli, bu gün Cənubi Qafqazda  olduqca mürəkkəb  geosiyasi proseslər gedir. Hazırda ABŞ və Qərb bu region uğrunda Rusiya ilə amansız mübarizə aparır. Əsas hədəf  Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılmasıdır. Bu çəkişmədə Ermənistan hər iki tərəf üçün sadəcə marionetka rolunu oynayır.

Əslində Paşinyan hakimiyyəti İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı siyasi-ideoloji təbliğatı sürətləndirib. Hətta Ermənistan hakimiyyəti ölkəsinin KTMT-dən rəsmən ayrılması məqsədilə hüquqi prosedurlara 2023-cü ilin fevral ayında start verilə biləcəyinə eyhamlar vurub. Bu isə o deməkdir ki, Ermənistanın Rusiya ilə  münasibətlərindəki gərginlik qarşıdakı aylarda daha böyüyəcək.

Təbii ki, Rusiya Ermənistanın bu xəyanətinə dözməyərək orada hakimiyyət dəyişikliyinə cəhd edəcək. Düzdür, bu, indiki halda çətin prosesdir. Ona görə ki, Rusiyanın özü bu gün Ukrayna ilə müharibədə çətin dövrlər yaşayır. Xüsusilə Qərbin sərt sanksiyaları ilə hər gün daha da zəifləyir. Ancaq bununla belə, Cənubi Qafqazda yeganə dayaq nöqtəsi olan Ermənistanı Qərbə asanlıqla verməyəcək. Burada Rusiyanın Qərbə qarşı ikinci cəbhəsi də açıla bilər.

”Bugünkü reallıq isə tələb edir ki, Ermənistan Azərbaycanın sülh çağırışları ilə barışsın. Çünki Ermənistan Azərbaycanın öz torpaqlarını tamamilə azad etmək istəyinin fərqindədir. Ermənilər anlayırlar ki, müharibə təhlükəsi onların başının üzərindəki «Domokl qılıncı»dır. Ona görə də Ermənistan cəmiyyətində sülh sazişinin qaçılmaz olduğu barədə açıq fikirlər səslənir. Xüsusilə Paşinyanın yaxın çevrəsindəkilər də sülh sazişinin imzalanmasının vacibliyindən danışırlar. Hətta onun bu istəyinə erməni müxalifəti də dəstək verir. Belə ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan «Sülh sazişi imzalanmasa, bir müddət sonra Ermənistan olmayacaq» deyir. Robert Koçaryanın isə «ABŞ, Fransa və Rusiyanın Azərbaycan və Türkiyəyə təsir mexanizmləri yoxdur» deməsi ölkəsinin sülhdən başqa çıxış yolunun olmamasına işarədir.

Görünən odur ki, hazırda Ermənistanda ölkəmizlə sülh sazişinin imzalanacağı günü Ermənistan cəmiyyətinə qəbul etdirməyə çalışanların sayı artırır. Ona görə də, rəsmi İrəvanın təlimatı ilə erməni mətbuatının 2023-cü ilədək sülh sazişinin imzalanacağını ara-sıra qabartması qətiyyən təsadüfi deyil. Böyük ehtimalla bütün bu hadisələrin nəticəsində Cənubi Qafqazda sülhün və sabitliyin bərpa edilməsi nəhayət ki, reallaşa bilər.

Daha çox xəbərlər