İşğal illərinin ekoloji terror üzü
Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsi işğalda olduğu 30 ilə yaxın zamanda Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətlərə məruz qalmışdır. Erməni vandallarının törətdiyi ekoloji terror flora və fauna sisteminin, su mənbələrimizin, meşələrimizin məhvinə bir sözlə regioda ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb.
Ermənistan Qarabağ bölgəsində ekologiyanı məhv etməklə yanaşı, yeraltı və yerüstü sərvətlərimizi də talayıb. İşğal dövründə Azərbaycan Ermənistanın əməlləri haqqında beynəlxalq ictimaiyyət qarşısında dəfələrlə məsələ qaldırsa da, Ermənistana heç bir təzyiq olmayıb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə Azərbaycanın işğal altında olan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Eyni zamanda, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qaldı.
İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub
Kəlbəcər rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii mineral suyu, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan, yaşı 150-300 ilə çatan Şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilib.
Məlumdur ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi var idi. Meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.
Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Araza tökülür və ermənilərin işğalı altında olmuş ərazilərdə törədilən ekoloji terrorun təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın vəziyyətini bir az da ağırlaşdırır. Ermənistanın bu işdə məsuliyyət daşıyır.
Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçaya axıdaraq, ekoloji təhlükəni daha da dərinləşdirib. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da artıq Tərtər, Yevlax, Goranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edir. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, dayandırılmışdır. Anbardan kanala su sadəcə qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı

