Tarixi Zəfərimizin növbəti təqdimatı
Noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı imzaladı. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sözügedən Dövlət Proqramının əhatə dairəsini Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
Vətən müharibəsinin başa çatmasından sonra qısa zaman kəsiyində, həm də çox sürətlə Prezident İlham Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfərdən sonra 2020-ci il noyabrın 17-də Füzuli və Cəbrayıl rayonlarına səfər etməklə işğaldan azad edilmiş ərazilərdə ilk quruculuğun əsasını qoydular. Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı və bununla da Qarabağda Böyük Qayıdışın təməli qoyuldu.
Dövlət başçısının 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıldı. Prezidentin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırıldı. Eyni zamanda, yaranmış iqtisadi-siyasi reallıqlara uyğun olaraq işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsü yenidən müəyyənləşdirildi. Bu siyasətə əsasən, Qarabağın coğrafi statusunda da dəyişiklik edildi: Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradıldı. Şübhəsiz ki, yeni iqtisadi rayonlar iqtisadi və siyasi bütövləşən Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi üçün yeni tarixi fürsət yaratmaqdadır.
2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlandı. Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin və Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun təməlləri qoyuldu. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət edərək bərpası üçün tapşırıqlar verdilər. Dövlət başçısının həmin ilin dekabrın 23-də Qubadlı və Zəngilan rayonlarına səfərləri ilə Qarabağda genişmiqyaslı quruculuğun yeni planları gerçəkləşdi.
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu sadalananlar görülən işlərin çox az bir qismidir. 30 ilə yaxın müddətdə düşmənin dağıtdığı, viran qoyduğu şəhərlərimiz, kəndlərimiz bu günlər dirçəlir, gözəlləşir. O torpaqlara həyat yenidən qayıdır. İşğaldan azad edilmiş ərazilərdə əhalinin yaşayış təminatı üçün zəruri şərtlərin yaradılması, müasir standartlara cavab verən nəqliyyat, elektrik, su, qaz, istilik və kanalizasiya təchizatı sisteminin formalaşdırılması, eyni zamanda, müxtəlif iqtisadi fəaliyyət sahələrinin funksionallığının təmin olunması ilə bağlı zəruri şərait yaradılması məqsədilə ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli inteqrasiya üçün telekommunikasiya şəbəkələrinin qurulması qabaqcıl standartlar və təcrübəyə uyğun həyata keçiriləcəkdir. Bu sistemlərin qurulması zamanı ekoloji təmiz və iqtisadi sərfəli bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.
Münaqişə başa çatsa da Ermənistanın Azərbaycana qarşı yürütdüyü mina müharibəsi yekunlaşmayıb. Ona görə də işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər. Sənəddə qeyd olunur ki, bu sahədə digər dövlətlərin, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının minalardan və partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi üzrə qabaqcıl təcrübəsindən istifadə olunması və mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcəkdir.

