Gündəm 

İqtisadi güc, sosial rifah, hərbi qüdrət…

2023-cü il Azərbaycan xalqının həyatında yüksəliş ili olacaq

Prezident  İlham Əliyev YAP-ın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında  Azərbaycanın iqtisadi və sosial inkişafından ətraflı danışaraq bunun gələcəkdə də davamlı olacağını bildirib. Vurğulayıb ki, vaxtında atılan addımlar və qəbul edilən qərarlar hazırda Azərbaycanın  müstəqil iqtisadi siyasət aparmasını və beynəlxalq müstəvidə qüdrətli ölkə kimi özünü  təsdiqləməsini şərtləndirib.

Ölkəmizin başçısı çıxışında vurğulayıb ki, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu: «Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi.»

2003-cü ildən bu günədək respublika sənayesində 3,7 dəfə, aqrar sektorda  2 dəfə,  xarici ticarət dövriyyəsində isə 6,8 dəfə artım olub.  Nəticədə ölkəmizin valyuta ehtiyatları 33 dəfədən çox artaraq 56 milyard dollara çatıb.

Son 19 ildə nəqliyyat- loqistika sahəsində də böyük uğurlar qazanılıb. Belə ki, 19 min kilometr avtomobil, 1400 kilometr isə dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Azərbaycan 18 təyyarə ilə regionda ən böyük mülki hava yük təyyarəsinə, 52 gəmi ilə Xəzərdə ən böyük mülki yük donanmasına malikdir. Ötən dövrdə ölkəmiz  dördüncü Sənaye İnqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Nəticədə qeyri-neft sektorunun ÜDM-dəki payı 1,4 dəfə artıb. Məhz həyata keçirilən islahatlar nəticəsində işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqmətində müsbət nəticələr əldə edilib. Dövlətimizin başçısı çıxışında bu məsələyə toxunaraq bildirib ki, görülən işlər nəticəsində əməkhaqqının, pensiyanın minimum məbləğləri müntəzəm şəkildə yüksəldilib ki, nəticədə bu gün Azərbaycanda  yoxsulluq səviyyəsi  5 faizə endirilib.

Bu gün ölkəmizdə yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyətinin inkişafına da xüsusi önəm verilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin doqquz ayı ərzində ölkədə 51,8 min yeni iş yeri açılıb ki, bu da işsizliklə mübarizədə önəmli hadisədir.  Xüsusilə, regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılır. Məhz elə bunun məntiqi nəticəsidir ki, qeyri-dövlət sektorunda məşğul əhalinin payının 2021-ci ildəki 77,6 faizdən artaraq 80 faizə çatdırılması nəzərdə tutulur.

Bir sözlə, ölkədə bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulur.  Pensiyaçılar üçün səmərəli yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılır. Pensiya sisteminin dayanıqlığı gücləndirilir, sosial sığortanın tətbiqi genişləndirilir.

Ölkəmizin başçısı çıxışında xüsusi vurğulayıb ki, bir çox ölkələr var ki, onların təbii sərvətləri Azərbaycanla müqayisədə qat-qat çoxdur: «Lakin o potensialdan səmərəli istifadə olunmur. Respublikamızda isə bu sahədə aparılan düzgün, uzaqgörən siyasət hesabına həm ölkə iqtisadiyyatı gücləndirilir, həm də əldə edilən gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölüşdürülür.»

Prezident İlham Əliyev çıxışında yeni inkşaf mərhələsi üçün qarşıda duran vəzifələrdən də danışıb. Bildirib ki,  bu istiqamətdə hələ də görüləsi işlərimiz çoxdur: «İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir.»

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2023-cü il Azərbaycan xalqının həyatında iqtisadi və sosial inkişaf ili olacaqdır. Belə ki, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996,2 milyon manat artırılaraq 33 milyard 300 milyon manata çatdırılması, o cümlədən sosialyönümlü xərclərin 15 218,9 milyard manata və ya ümumi xərclərin 45.7 faizə çatdırılması planlaşdırılır. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının xərclərinin 500 milyon manat artırılaraq 8 milyard manatı keçməsi ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edilir. Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197,6 milyon manat artırılması nəzərdə tutulub.

Bir sözlə, iqtisadi inkişaf, sosial rifah, hərbi güc, geosiyasi qüdrət deməkdir ki, Azərbaycan dövləti artıq bunlara tamamilə sahibdir.

Daha çox xəbərlər