Yollarda yarımçıq qalan ömürlər
Yanvar-sentyabr aylarında ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib
Son zamanlar yol qəzaları canlara qənim kəsilir. Ölümlə nəticələnən istənilən qəza faciədir. Lakin nədənsə cəmiyyət bütünlükdə və hər birimiz ayrı-ayrılıqda yollarda baş verən minlərlə ölümün statistikasına həm etinasız, həm də biganəyik. 2022-ci ilin ötən dövrünün statistikasına nəzər yetirdikdə görürük ki, ölkəmizdə yol-nəqliyyat hadisələri zamanı xəsarət alanların və həyatını itirənlərin sayı xeyli artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olmuşdur. Onlardan 599-u həlak olmuş, 1099-u isə yaralanmışdır. Hadisələrin 47,1 faizi gündüz, 38,6 faizi gecə, 14,3 faizi isə toran vaxtı baş vermiş, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Yol-nəqliyyat hadisələrinin 84,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 425 nəfər, yaralananların sayı isə 2,2 faiz artaraq 992 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 40,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,5 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil etmişdir.Sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır. Hadisələrin 4-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
İlk baxışdan bir-birinə oxşayan qəzalar müxtəlif səbəblərdən baş verə bilər. Yol-nəqliyyat hadisələri nələrdən qaynaqlanır? Bu cür faciəvi sonluqla bitən olayların daha təhlükəsiz olması üçün hansı tədbirlər görülməlidir?

Məsuliyyətsizlik, yol hərəkəti qaydalarına bilərəkdən əməl etməmək, yoxsa…
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yol qəzalarının baş verməsinin səbəbləri sürücü və piyadaların məsuliyyətsizliyi, yol hərəkəti qaydalarına bilərəkdən əməl etməmələridir: “Daha sonra ölkəmizdəki yol-infrastrukturunun yaxşı qurulmaması, yollarda yaranan problemlərin vaxtında təyin edilməməsi və həll edilməməsidir. Yollar çəkilərkən onun işıqlandırılmasının, zəruri nişanlarının qoyulmasının, yolların xətlənməsinin həyata keçirilməməsidir. Yəni, bir sözlə yol infrastrukturunun qurulması və ona xidmətin göstərilməsidir. Avtomobillərin qarşı zolağa çıxması, ötmə qaydalarının pozulması, sürət həddinin keçilməsi, diqqətsizlik – bunlar hamısı ümumilikdə yol qəzalarının baş verməsinə səbəb olur. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu qəzaların əksəriyyəti şəhərdaxili və ya məntəqədaxili ərazilərdə, yüksək sürətə icazə verilməyən yerlərdə baş verir. Bu da qeyd etdiyimiz həmin o səbəblərin doğru olduğunu isbatlayır. Digər səbəb isə nasaz və köhnə avtomobillərdir. Köhnə avtomobillərin sahibləri vaxtında avtomobillərin texniki baxışını həyata keçirmir, lazımi təmir işlərini görmür, xüsusilə qış mövsümündə yay təkərləri ilə avtomobili idarə edirlər.”
Sürücülük kurslarına nəzarət gücləndirilməlidir

Mütəxəssis problemin həlli yolundan bəhs edərkən diqqətə çatdırdı ki, bu gün sürücülük kurslarına nəzarət gücləndirilməlidir. Bu cür kurslarda yol hərəkəti qaydaları ilə yanaşı, həm də avtomobil idarəetmə bacarığı artırılmalıdır. Bunun üçün ayrıca keyfiyyət sertifikatı verilməlidir. Yollardakı mövcud problemlər aradan qaldırılmalıdır.Yəni qaranlıq yollar işıqlandırılmalı, çala-çuxurlar təmir edilməli, yollar nişanlanmalı və xətlənməlidir. Bütün bunlarla yanaşı, ölkəmizdə avtomobil parkının yenilənməsi istiqamətində işlər aparılmalıdır. Köhnə avtomobillərdən qurtulmalıyıq.
E.Cəfərov sürücülərə və piyadalara bu çağırışı etdi ki, yol hərəkəti qaydalarına riayət etsinlər: “Bəzən sürücülər düşünürlər ki, hər şey cərimə ilə həll ediləndir. Qaydanı pozacaqsa, müəyyən məbləği dövlətə ödəməklə bu məsələni həll edəcək. Ona görə də əsasən bu seqment qaydaları pozur. Onlara da tövsiyəmiz odur ki, nə özlərinin, nə də ki, digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar. Unutmasınlar ki, hər şey cərimə ilə həll olunmur. İnsan həyatını geri qaytarmaq olmur.”

Səkkizzolaqlı yolda keçid ola-ola yolun üstündən keçirlər
Bu sahə üzrə digər ekspert Elməddin Muradlı isə qəzetimizə açıqlamasında vurğuladı ki, artan qəzaların səbəbləri yolların işıqlandırılmaması, piyada keçidlərinin görünən vəziyyətdə olmaması, xətlərin çəkilib 3 aydan sonra itməsi, piyadaların məsuliyyətsizliyidir: “Sürücülər son dərəcə diqqətli olmalıdır. Çünki son vaxtlar piyadalarla bağlı vəziyyət heç də ürəkaçan deyil. Artıq sürücülər piyada vurma hadisəsinə piyadanın maşını vurması kimi qələmə verirlər. Real olaraq baxsaq görərik ki, piyada qəflətən yaxınlaşan maşının qarşısına çıxır, səkkizzolaqlı yolda keçid ola-ola yolun üstündən keçir və nəticədə həyatını itirmiş olur. ”
Tələbəsindən təqaüdçüsünə qədər də heç kimə güzəşt olmamalıdır

Müsahibimiz qeyd etdi ki, yol polisinin piyadalara qarşı yumşaq davranışını müşahidə edirik. Bu da son anda ağır faciələrə səbəb olur: “Necə ki, sürücülər qayda pozanda cəzalarını çəkirlər, cərimələrini ödəyirlər, piyadalar da eyni cür cəzalandırılmalıdır. Əks halda çətin olacaq. Bu qədər təbliğat-təşviqat kampaniyalarına, maarifləndirmə təbliğlərinə baxmayaraq uğurlu nəticə görmürük. Sözlə nəticə əldə edə bilmirik ona görə də inzibati metodlara üstünlük verməliyik. Piyada məsuliyyətsizliyinin qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilməli, ciddi nəzarət mexanizmi olmalı, cəzalar sərtləşdirilməlidir. Ona görə tələbəsindən təqaüdçüsünə qədər də heç kimə güzəşt olunmamalıdır.”

