Gündəm 

Prezident İlham Əliyevin xarici siyasətində multiregionallıq prinsipi əsasdır

Dövlət başçısının son səfərlərinin, eyni zamanda, qatıldığı beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir

Prezident İlham Əliyev müxtəlif regionları əhatə edən fəal xarici siyasət kursu həyata keçirir. Bir region çərçivəsində ikitərəfli və bəzi hallarda çoxtərəfli formatlar kontekstində yürüdülən adi diplomatiya bir çox ölkələrə xas olan xüsusiyyətdir. Prezident İlham Əliyevin diplomatik fəallığı isə multiregional və strateji xarakterlidir. Böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir.

Zəfərimizin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən iki ilin   Azərbaycanın, o cümlədən dünyanın xarici siyasətinə hansı yenilikləri əlavə etdiyini hadisələrin xronologiyasına diqqət yetirdikdə aydın görə bilərik. Postmünaqişə dövrünün əsas reallıqlarından biri Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfələrin verilməsi istiqamətində qurumun səylərini artırmasıdır. Dövlət başçısı İlham Əliyevi «Avropa siyasi birliyi» Zirvə Toplantısına dəvət edən   tərəflərdən birinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin olması da bir çox məqamlara aydınlıq gətirdi. Həmçinin dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində  ilk görüşü də Şarl Mişel ilə oldu. Görüş zamanı  bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərilən səylər müzakirə mövzusu oldu.

Praqa səfəri zamanı Azərbaycan televiziya kanallarına müsahibəsində jurnalistin « Azərbaycanın bu tədbirə dəvət olunması ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğuladı. Bəs, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər» sualına cavabında dövlət başçısı İlham Əliyev bildirdi ki, bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Enerji sahəsində əməkdaşlığı xüsusi qeyd edən dövlət başçısı buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd etdi. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir. Digər istiqamətlər, əlbəttə ki, siyasi dialoqdur. Avropa İttifaqı  Azərbaycan  üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb.  Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir.  Avropa İttifaqı ölkələri Azərbaycanın  əsas ticarət tərəfdaşlarıdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.

Dövlət başçısı İlham Əliyev  Azərbaycanın «Avropa siyasi birliyi» Zirvə Toplantısına dəvət olunmasına gəldikdə isə vurğuladı ki,  əlbəttə,  yüksək qiymətləndiririk: «Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır.»

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti, Avropa İttifaqı Şurası Prezidentinin  və Ermənistanın baş nazirinin görüşü oldu.  Fransa Prezidentinin görüşdə tərəf kimi iştirak etməsi, özünü sülh müqaviləsinin imzalanmasında, Ermənistanla Azərbaycan arasında  münasibətlərin normallaşmasında maraqlı tərəf kimi göstərməsi diqqətdən kənarda qalmamaqla yanaşı, müxtəlif sualların yaranmasına rəvac verir.

Azərbaycan 30 illik işğal dövründə də, postmünaqişə mərhələsində də  ədalətli mövqeyini ortaya qoyur.  Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin hər zaman zəfər çaldığı inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin  «İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi» fikirləri bunun təsdiqidir.

Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gündəliyini tərtib etdi.  Tarixi Zəfərimizin yaratdığı reallıqların əksər dünya gücləri tərəfindən qəbul olunması ölkəmizin sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. «Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq» söyləyən dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki,  qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək. Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər  Azərbaycanı ənənələri olan ölkə kimi qeyd edərək, ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün imkanların yaradıldığını bildirirlər. Ölkəmizlə  Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması,  Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini günbəgün  möhkəmləndirir. Praqa görüşləri bunun bir daha təsdiqidir.

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə tərəfdaşlığın inkişaf etdirilməsi əsas yer tutur. Ölkəmizin türk dövlətləri ilə ikitərəfli, eyni zamanda, Türk Dövlətləri Təşkilatı daxilində əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin bu və ya digər  türk dövlətlərinə səfərləri, eyni zamanda, onların rəsmilərinin Azərbaycana səfərləri bunun bariz nümunəsidir. Bu günlərdə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü bu kimi məqamlara bir daha işıq saldı. Azərbaycan daim türk dünyasının birliyi, həmrəyliyi istiqamətində səylər göstərib və töhfələrini verib. Dövlət başçısı İlham Əliyevin ötən il Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də ölkə Prezidentinin daim türk dünyasının birliyinə, həmrəyliyinə çağırışlarının  reallıqda öz əksini tapmasının göstəricisidir. Türk Dövlətləri Təşkilatı böyük güc mərkəzinə çevrilir. Qurumun coğrafiyasının genişlənməsi gələcək üçün böyük uğurlar vəd edir.

Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığın inkişafını prioritet istiqamət kimi qəbul edir.  Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev daim türk dünyasının birliyi istiqamətində biri-birindən mühüm addımlar  atmış, «Gücümüz birliyimizdədir!» çağırışını etmişdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı türk dünyasının  birliyinin təqdimatı kimi  dəyərləndirilir. 44 günlük  İkinci Qarabağ müharibəsində  dünyaya nümunə olan bu birlik, həmrəylik bir çox məqamları özündə ehtiva etməklə yanaşı, türkdilli  dövlətlərin postmünaqişə dövründə də birliyi məsələsini daha da aktuallaşdırdı.  Vətən müharibəsi dövründə  dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi zamanlarda da  Azərbaycan türk dünyasının birliyini  diqqətdən kənarda saxlamadı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə Görüşü keçirildi.  Azərbaycanın bu təşəbbüslərini xeyli sayda sadalamaq olar.  Ölkəmizin son iki ildə  Türk Şurasına sədrliyi dövründə bu birliyin daha da möhkəmləndirilməsinə xidmət edən uğurlu nəticələr əldə olunub.  Dövlət başçısı İlham Əliyev bu Ali Ordenə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə, eyni zamanda, türk dünyasının birliyinə verdiyi töhfələrə görə layiq görülmüşdür.  Bir mühüm məqamı da qeyd edək ki, bu ilin mart ayının 31-də  Beynəlxalq Türk Mədəniyyəti  Təşkilatına (TÜRKSOY) üzv ölkələrin  Mədəniyyət Nazirlərinin  Daimi ŞurasınınTürkiyənin Bursa şəhərində  keçirilən iclasında   Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdir. Bu faktın özü  türkdilli dövlətlərin postmünaqişə dövrünün reallıqlarının təqdimatında birliyinin, həmrəyliyinin göstəricisidir.»

Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi,  Prezident İlham Əliyevin son iki ayda bu ölkələrə səfərləri, qarşılıqlı siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edən fəal siyasət ilə diqqətdədir.

Azərbaycanın daha geniş çərçivədə  Asiya ölkələri ilə əməkdaşlığını inkişaf etdirməsi, Prezident İlham Əliyevin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakı da bir çox məqamların açıqlanmasında yardımçıdır.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişaf etdirilməsi, Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 16-da ŞƏT-in Sammitində iştirakı dövlət başçımızın dünya miqyasında nüfuzunun və ona göstərilən yüksək ehtiramın əyani təsdiqidir.  Azərbaycanın ŞƏT ölkələri, xüsusilə Çinlə əlaqələrini inkişaf etdirməsi, Şərq-Qərb nəqliyyat-tranzit dəhlizində önəmli yer tutması, Prezident  İlham Əliyevin Gürcüstana səfəri, Azərbaycan-Gürcüstan-Ermənistan formatı təşəbbüsünün irəli sürülməsi müzakirə olunan məsələlər sırasındandır.

Onu da qeyd edək ki, Azərbaycanın  Balkan ölkələri ilə əlaqələrinin inkişaf etdirilməsi, Prezident İlham Əliyevin Albaniya və Serbiyaya səfərləri, enerji sahəsində əməkdaşlıq, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun yüksəlməsi ölkəmizin ədalətli mövqeyinin göstəricisidir.

Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan ərəb dünyası ilə əlaqələrini inkişaf etdirir. Prezident İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması özünə və  Azərbaycanın artan mövqeyinə dəstəyin ifadəsidir. İsraildə səfirliyin və Fələstində nümayəndəliyin açılması multiregional siyasətin, ardıcıllıq və məqsədyönlülüyün təzahürüdür.

Azərbaycanın multiregional siyasəti, qurduğu yeni ikitərəfli və çoxtərəfli əlaqələr ölkəmizə  geniş coğrafiyada öz maraq və mənafelərini müdafiə etmək üçün əlverişli şərait yaradır. Məhz bu fəallığın, qlobal məsələlərə  yeni baxışın praktiki cəhətdən reallaşdırılmasının nəticəsidir ki, ölkəmiz hətta üzv olmadığı beynəlxalq qurumlarda belə öz sözünü deyə bilir. Təsadüfi deyil ki, Beynəlxalq Frankofoniya Təşkilatının aparıcı qüvvəsi olan Fransa Ermənistanla birlikdə bu təşkilatın son toplantısında Azərbaycana qarşı öz çirkin  niyyətlərini reallaşdıra bilmədi.

Azərbaycanın fəallığını, müxtəlif regionlarla, ölkələrlə, təşkilatlarla qarşılıqlı əlaqələrini inkişaf etdirməsini gözü götürməyənlər də var. Bunlar üzdə İslam həmrəyliyini təbliğ edən, arxada isə müsəlman ölkələrinə qarşı siyasət yürüdən, Azərbaycana qarşı Ermənistanla əlaqələrini inkişaf etdirən İran, riyakarlığı artıq şübhə doğurmayan ermənipərəst Fransadır. Fransa düşüncəsiz addımları ilə faktiki olaraq Cənubi Qafqazdan çıxdı və bu regiondan təcrid olundu. Azərbaycan nə İran, nə də Fransanı tərəfdaş kimi qiymətləndirmir. Etibarsız qonşu imicinə hər zaman atdığı addımları ilə yeni əlavələr edən İran Qarabağ münaqişəsinin həllində açıq-aşkar ikiüzlü siyasətini təsdiqlədi. Ərazi bütövlüyü prinsipinin əsas olduğunu bildirsə də, Ermənistanı heç zaman işğalçı dövlət kimi dilə gətirməyib. İranın Ermənistana maddi və mənəvi dəstəyini təsdiqləyən xeyli sayda faktlar var. İranının tarixi Zəfərimizdən sonrakı yanaşmasına bunu bir daha əyani şəkildə nümayiş etdirir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlı olmadığını təsdiqləyir. Bu sırada Fransanın da ikili oyunu diqqətdən kəarda qala bilməz. Praqa görüşünə tərəf kimi qatılan Fransanın Senatı Azərbaycanın əleyhinə qətnamə qəbul etməklə öz çirkin niyyətini nümayiş etdirdi. Bu, günümüzün reallıqları Qarabağ münaqişəsinin həllinin  30 il uzanmasına işıq salır.

Ümumilikdə diplomatiyamızın uğurları, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi Prezident İlham Əliyevin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə, ardıcıl həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir. Dövlət başçısı İlham Əliyevin noyabrın 23-də Serbiyaya səfəri zamanı bu ölkənin Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycanın, dövlət başçısı İlham Əliyevin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun ümumiləşdirilimiş ifadəsidir: «Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq. Bu, bizim üçün həqiqətən də vacibdir.»

Daha çox xəbərlər