Azadlığının 2-ci ili mübarək, Kəlbəcər!
Kəlbəcər rayonu 1993-ci il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu qanlı cinayət son iki əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımının davamı idi. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni daşnakları Kəlbəcərin Ağdaban kəndində Xocalıdan sonra ikinci qətliamı törətdilər. Məcburi yurd-yuvalarından didərgin düşən kəlbəcərlilər respublikanın 57 rayonunun 707 yaşayış məntəqəsində məcburi köçkün həyatı yaşadılar.
Qarabağın qala qapısı adlanan Kəlbəcərin işğalı ilə Ermənistanın 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirməsi nəticəsində Yuxarı Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Kəlbəcərin işğalı zamanı 779 nəfər dinc əhaliyə divan tutuldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdi.
25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir: “Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi.”
27 ildən sonra, xalqımız Kəlbəcərin azad edilməsi sevincini yaşadı. Kəlbəcər Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr üçtərəfli Bəyənatının şərtlərinə əsasən noyabrın 15-də qaytarılmalı idi. Amma Ermənistan Rusiya Prezidentinin vasitəsilə Azərbaycandan əlavə 10 gün vaxt istədi. Rayonu boşaltmaq üçün ayrılan vaxtın kifayət etmədiyi bildirilsə də, erməni vəhşiləri buranı tərk edərkən öz vandallıqlarını, acgözlülüklərini, terrorçuluqlarını göstərdilər. Onlar evləri yandırıb, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Ən dəhşətlisi o idi ki, təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçaraq didərgin düşüb 30 ilə yaxın məcburi köçkün həyatı yaşadılar. Həmvətənlərimizin bir çoxu qırğına məruz qalmış, atəşə tutulmuş, onların meyitləri belə təhqir edilmişdi. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. Bu vəhşiliklər Azərbaycan və Ermənistan arasındakı fərqi ortaya qoydu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Laçın kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.
Xalqımız bu gün qürurla torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günləri qeyd etməyə hazırlaşsa da tariximizin faciəli səhifələrini unutmamalı, gələcək nəslə çatdırmalıyıq. Ümummilli lider Heydər Əliyevin “Bu faciəni heç vaxt unutmaq olmaz. Faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin- Azərbaycanın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır” fikirlərini daim gündəlik fəaliyyətimizin əsasında saxlamalıyıq.
Dövlətimizin başçısının qeyd etdiyi kimi torpaqlarımızı tarixi sahibinə qaytarmaqla milli qürurumuzu da özümüzə qaytardıq.

