Cəmiyyət 

Tariximizin Zəfər salnaməsi

“Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olub və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”.
Heydər Əliyev,
ULU ÖNDƏR

1992 – ci ilin yaz ayları Azərbaycan tarixinə ağır, keşməkeşli bir dövür kimi daxil olmuşdur. Həmin ilin fevral ayının 26 – da Xocalıda insanlığa qarşı törədilmiş amansız qətliam həm də Şuşanın və Laçının gələcək ağır taleyinə doğru açılmış bir qapı olmuşdur. Həmçinin bu ərəfədə ölkədə baş alıb gedən siyasi anarxiya, özbaşınalıq, AXC – müsavat cütlüyünün yaratmaz fəaliyyəti mövcud vəziyyəti dahada ağırlaşdırırdı. Nəticədə, 1992 – ci il mayın 8 – də erməni qoşunlarının Şuşaya doğru hücumu başladı və şəhər işğal edildi. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə keçmiş Dağlıq Qarabağın işğalı başa çatdırıldı. Şuşanın işğalı nəticəsində 480 vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min insan öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın sonrakı taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi – mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı və ya qismən sıradan çıxarıldı.

Beləliklə, Şuşanın işğal edilməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçdi.

Şuşanın itirilməsi ilə Respublikada baş verən siyasi böhran daha da kəskinləşdi. Nəticədə, 1992 – ci ilin mayın 18 – də Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edildi. Laçının işğalı ilə separatçılarla Ermənistan arasında birbaşa əlaqə – dəhliz yaradıldı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı və 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşamağa məcbur oldu. Həmçinin ermənistan tərəfindən rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi. 54 dünya, 200 – dən çox isə yerli əhəmiyyətli tarixi abidələrimiz erməni vandalizminin qurbanı oldu.

Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi istiqamətində geniş fəaliyyət qurmuşdur.

2020 – ci il sentyabrın 27 – də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi cənab Prezident İlham Əliyevin bildirdiyi kimi: “ Düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətda bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır ” yeni bir başlanğıc oldu.

Vətən Müharibəsində qazanılan qələbə nəticəsində Şuşa, Laçın daxil olmaqla digər rayonlarımızda öz azadlığına qovuşdu, 30 illik həsrətə son qoyuldu. Bu elə bir şanlı tariximizdir ki, zamanın bütün salnamələrində həmişə qururla vərəqlənməli, növbəti nəsillərə şərəflə ötürülməli və tarixə qanları, canları ilə imza atmış şəhidləri daim ehtiramla anmalı, unutmamalıyıq. Tariximizin qəhrəmanlıqla və qürurla dolu 44 gününü daim qürur və fərəh hissi ilə qeyd etməliyik.

Ravil Abdullayev,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin tarix müəllimi

Daha çox xəbərlər