Azad edilmiş ərazilərimiz nə vaxt turistləri qarşılayacaq?
İşğaldan azad edilən ərazilərimizdə sağlamlıq turizmini inkişaf etdirmək üçün böyük imkanlar var. Hazırda bu torpaqlarda əsas işlərdən biri sağlamlıq turizminin xəritəsinin hazırlanmasıdır. Belə ki, şəfalı su ocaqlarının ətrafında yeni təsisatların yaradılması və sovet dövründə mövcud olmuş mərkəzlərin bərpası önəmlidir. İnvestisiyaların cəlb edilməsi bu prosesi sürətləndirəcək.
İnşaat işlərinə başlanılsa 2025-ci ildən etibarən azad edilən ərazilər ilk turistlərini qəbul edə bilər. Bu ərazilərdə sağlamlıq turizmini inkişaf etdirmək üçün imkanlar var. Əsasən Şuşada, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda çoxsaylı termal qaynaqlar var ki, bunların hərəsi bir dərdin dərmanıdır. Bu istiqamətlərdə təsisatların yaradılması sağlamlıq turizminin inkişafında böyük rol oynayacaq. Sanatoriyalar müəyyən vaxtdan sonra əhəmiyyətinə görə dünyanın ən məşhur müalicə mərkəzlərinə çevrilə bilər. Azad edilmiş torpaqlarda beynəlxalq hava limanlarının tikintisi xarici turistlərin ölkəmizə daha çox gəlməsinə səbəb olacaq və sağlamlıq turizmi də bundan öz payını alacaq.
Ümumiyyətlə, Azərbaycanda turizm sahəsində böyük potensial var. İşğaldan azad edilmiş ərazilər tarixən yaxşı istirahət zonası olub. Şuşada, Kəlbəcərdə kurort zonaları olub, digər ərazilərdə də turizm sahəsində böyük potensial mövcuddur. Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri minalardan təmizləndikdən sonra azad edilmiş ərazilərdə insanların məskunlaşması üçün lazımi şəraitin yaradılmasıdır. Sonra həmin ərazilərdə həm aqrar sektor, həm turizm sektoru inkişaf edəcək. Zəngilanda, Füzulidə hava limanlarının istifadəyə verilməsi turizm və aqrar sektorun inkişafına böyük dəstək göstərəcək. Eyni zamanda həmin ərazilərdə pambıqçılıq, taxılçılıq sahəsində böyük potensial var. Bu potensialdan istifadə olunması ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib ki, Hadrutda, Tuğda, Daşaltıda, Suqovuşanda, Şahbulaqda turizm komplekslərinin tikilməsi üçün işlər həyata keçirilir: “Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərdə bir neçə layihə həyata keçirir. Ümumən regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Həmin ərazilərdə turizm üçün ilkin mərhələ var. Bu, minalardan təmizlənmə, infrastrukturun qurulması və əhalinin qayıtması məsələləridir. Dövlət Turizm Agentliyinin məqsədi odur ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılsın və orada turistləri qəbul edə bilək. İlkin proqnozlar belədir ki, 2025-ci ilə qədər həm daxili, həm xarici turistlər nəzərə alınmaqla təxminən bir milyona yaxın insan həmin ərazilərə səfər edəcəklər. Bunun üçün bütün hazırlıq işləri aparılır.”
Ümumilikdə, ölkə üzrə pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub. Yaxın iki il ərzində bu sektorun fəaliyyətinin tam bərpa olunması gözlənilir. Dövlət Turizm Agentliyi hesab edir ki, həmin vaxtadək 2019-cu ilin rekord göstəricilərinə yaxınlaşacağıq.

