“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları nələr vəd edir?
Artıq iki ildir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxşaxəli abadlıq quruculuq işləri aparılır, erməni vandalizmi, barbarlığı nəticəsində məhv edilən ərazilər, eləcə də oradan didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Həmin ərazilərdə tamamilə yeni və müasir iqtisadi, texnoloji innovasiyalar tətbiq olunur, standartlara cavab verən infrastruktur yaradılır.
Dövlətimizin başçısı işğaldan azad olunmuş torpaqlara çoxsaylı səfərləri zamanı dəfələrlə vurğulayıb ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq.
Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı nitqində də bəhs edilən məsələyə diqqət çəkərək bir daha bəyan etdi ki, biz azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edirik: “İki il əvvəl, müharibə bitəndən dərhal sonra mən “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” deyəndə eynilə bunu nəzərdə tutmuşdum. İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qurulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin biz Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik. Onda biz, bəlkə də artıq indi davamlı olaraq texnoloji təcrübəyə, eləcə də inzibati idarəçiliyə keçəcəyik”.
Sözügedən konfransda ölkə başçısı vurğulayıb ki, azad edilmiş ərazilərdə ölkənin digər yerlərindən fərqli inzibati strukturlarımız var: “Prezidentin xüsusi nümayəndəsi institutu üç ərazidə artıq qurulub və səmərəliliyi sübut olunub. Beləliklə, biz texnoloji inkişaf modelini sınaqdan keçirməklə yanaşı, həm də idarəçilik modelini sınaqdan keçiririk. Ona görə də biz rəqəmsal inkişafa çox diqqətlə və əzmlə yanaşacağıq, xalqımıza uyğun olan ən yaxşı seçimi edəcəyik”.
Xatırladaq ki, Azərbaycan ərazisində “Ağıllı kənd” konsepsiyasının tətbiqi Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. “Ağıllı kənd”lərdə tətbiq olunan elektron və texniki imkanlar məlumatların bir araya toplanmasını və analizini asanlaşdırır. Nəticədə bu məlumatlar resursların səmərəli istifadəsinə yönəldilir. Məsələn, nəzarət kameraları, yaxud naqilsiz sensor şəbəkələri vasitəsilə kənd ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə etmək mümkün olur və nəticədə problemə vaxtında müdaxilə etmək imkanı yaranır.
Noyabrın 21-də Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən keçirilən “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransında Dünya Bankının ölkə üzrə meneceri Sara Maykl bildirib ki, Dünya Bankı Azərbaycan hökumətinə “Ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı çərçivəni, qlobal nümunələri, həmçinin bu konsepsiyanın tətbiqi ilə bağlı “Yol xəritəsi”nin ilkin konturlarını təqdim edib. O, qeyd edib ki, biz Azərbaycan hökumətinə çox vacib və innovativ təşəbbüslərin reallaşdırılmasında dəstəyimizi davam etdiririk. Beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, yaxın 5 il ərzində “ağıllı şəhər və kənd” modellərinin dünyada yaradacağı əlavə iqtisadi dəyər 2,5 trilyon dollar olacaq.

