Ermənistanın mina terroru: Sülhə və sabitliyə ciddi təhlükə
Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, Ermənistan pozuculuq fəaliyyətini davam etdirərək bölgədə sülhün bərqərar olmasına maneəçilik törədir. Qarşı tərəfin Azərbaycan ərazilərində hərbi təxribatların davam etdirməsi, xüsusilə mina terroruna məqsədyönlü şəkildə ara verməməsi bunun əyani sübutudur.
Noyabrın 21-də Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Bununla bağlı Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilirdi ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyinin dəvəti ilə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri, general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri, kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. Bundan əlavə, oyabrın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkib, aşkarlanmış minalarla tanış olublar. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri onları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar, onların Ermənistanda yeni istehsal olunması barədə məlumatlandırıblar.
Cari ilin avqustundan etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.
2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb. Bildirilib ki, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 321 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və həmin xəritələrin dəqiqliyi cəmi yüzdə 25 faizdir. Ermənistanın torpaqlarımıza basdırdığı minaların dəqiq xəritələrini verməkdən boyun qaçırması isə dövlət siyasəti terrora köklənən bu ölkənin cinayət əməllərini hələ də davam etdirmək niyyətlərini açıq ortaya qoyur.
Bütün bu hallar, eləcə də 2021-ci ildə istehsal olunan minaların Azərbaycan ərazilərinə yalnız Laçın dəhlizi vasitəsilə daşınması Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, üçtərəfli Bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini bir daha nümayiş etdirir.
Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən Konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və özünün öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısının alınması üçün Ermənistana təzyiq edilməlidir. Azərbaycan tərəfi dəfələrlə əlaqəli beynəlxalq təşkilatlara və dünya birliyinə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və ölkəmizin həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib. Azərbaycan, eyni zamanda, bütün yüksək tribunalardan ən ali səviyyədə Ermənistanın hərbçilərimizi və mülki əhalimizi hədəf alan mina terroru məsələsini qaldırır. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət hələ də terrorçu ölkənin hərbi cinayətlərinə göz yumur, beynəlxalq hüquqa əsaslanaraq onlara əlavə təzyiqlər göstərmir.
Hətta, ərazilərin minalardan təmizlənməsi prosesində ölkəmizə bu sahədə təcrübəsi olan beynəlxalq qurumlardan da lazımi dəstək gəlmir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal kömək gözləyir. Təəssüf ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, indiyə qədər beynəlxalq qurumlardan minatəmizləmə işində ciddi fəaliyyət nəzərə çarpmır. Necə deyərlər, daşdan səs çıxır, amma həmin qurumlardan səs çıxmır.
Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təzyiq göstərməli, minaların dəqiq xəritələrinin verilməsini tələb etməlidir.

