Ac, yoxsul və ümidləri qırılmış ermənilər
Erməni nazir: Ermənistanda əhalinin 47,6 faizi yoxsul vəziyyətdədir və aclıq çəkənlərin sayı da durmadan artır
Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçsə də bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran davam etməkdədir. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür.
Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq isə son çarədir. Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Ermənistan rəhbərliyi ölkəsində tamamilə nüfuzsuz bir fiqura çevrilib. Yəni bu gün lider kasadlığı erməniləri ölkələrindən köç etməyə məcbur edən digər mühüm səbəbdir.
Ermənistandakı acınacaqlı durumu nəin ki müxalifət nümayəndələri, hətta erməni dövləti də açıq-aşkar etiraf etməkdədirlər. Belə ki, Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib ki, bu gün ölkə əhalisinin təxminən yarısı- 47,6 faizi yoxsul vəziyyətdə yaşayır. Hətta Ermənistan əhalisinin 21 min nəfəri, təqribən 1 faizi aclıq çəkir. Ermənistan Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə görə, bu gün ölkədə əhalinin sayı 2 milyon 961 min nəfərdir.
Bəli, Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu 7 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər.
Ermənistanın tanınmış iqtisadçısı Vardan Bostançıyan bildirib ki, ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsindəki inkişafa təsir göstərməyib. İndi əsas vəzifə bu vəsaitlərin səmərəli istifadəsi üçün müvafiq mexanizmlərin əldə edilməsindən ibarətdir.
Rəqəmlərdən və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflasdan qurtara bilməyəcək.
Düzdür, bir az ağılla düşünən ermənilər birmənalı şəkildə etiraf edirlər ki, Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanları var.
Artıq ermənilər yaxşı anlayırlar ki, Ermənistanın diaspordan alınan 3-5 milyonla dövlət kimi yaşaması qeyri mümkündür.

