Cəmiyyət 

Yaşıl enerji qlobal layihələrin yeni fəslidir

Azərbaycan Orta Dəhliz layihəsinin Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əməkdaşlıq formatının lokomotividir

Ötən il Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda beynəlxalq konfransda, 53-cü Davos Dünya İqtisadi Forumu çərçivəsində «Yeni enerji reallığının istiqamətləndirilməsi» adlı dəyirmi masada iştirak edən, Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanın nəqliyyat və enerji sahəsində qazandığı uğurlardan ətraflı bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin bütün təşəbbüsləri qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «Avrasiya Orta Dəhlizi: Yoldan magistrala» adlı panel iclasında dünya siyasətinin gündəmində olan bu layihənin icrasında aparıcı rola malik Azərbaycanın səyi, ciddi, çoxtərəfli razılaşmalar əsasında formalaşan, regional sabitliyə, təhlükəsizliyə xidmət edən nəqliyyat və enerji layihələrinin əhəmiyyətindən ətraflı danışılıb. Orta Dəhlizin əsas üstünlükləri kimi layihədə iştirak edən dövlətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasını «Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq» sözləri ilə bildirən Prezident İlham Əliyev nəqliyyat və enerji nəqli üzrə vacib tranzit olan ölkəmizin bütün zəruri infrastruktura malik olduğunu diqqətə çatdırıb. Yükaşırma qabiliyyəti 15 milyon ton olan Ələt Beynəlxalq Dəniz Limanının gücünün 25 milyon tona qədər genişləndiriləcəyini qeyd edən dövlət başçımız , neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan nəqlini bölgə dövlətləri üçün səmərəli marşrut adlandırıb. Orta Dəhliz layihəsi bir daha təsdiqləyir ki, beynəlxalq arenada yeri, nüfuzu, rolu artan Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropa arasındakı əməkdaşlığın aparıcı lokomotividir.

Dövlət başçımızın vurğuladığı kimi, boru kəmərlərinin Azərbaycandan başlayaraq Gürcüstandan, Türkiyədən keçməklə , Avropaya çatdırılması bir daha təsdiqləyir ki, qlobal dünyamızda iqtisadi böhranın yaratdığı çətinliklər, bugünkü reallıqlar fonunda tranzit ölkə olmaq bütünlükdə dünya iqtisadiyyatının inkişafına təkan vermək, yeni iş yerlərinin açılması, ölkələrin yerli istehsalla bağlı proqnozlarının reallaşması deməkdir. Azərbaycanın illərdən bəri şaxələndirmə siyasətinə sadiq qalması, Orta Dəhliz üzərində yerləşməsi ölkəmizə əlavə biznes imkanları qazandırır.

Son illərdə dünyanın aparıcı dövlətlərində belə yaranan iqtisadi böhran göstərdi ki, harada yerləşməsindən, gücündən, dünya siyasətində tutduğu mövqeyindən asılı olmayaraq biznes mühitinin təkmilləşdirilməsi qazanılan uğurların əsas amillərindəndir. Çünki ən inkişaf etmiş ölkələrin belə əlavə investisiyalara, xarici sərmayələrə ehtiyacı var. Bunun üçün isə regional əməkdaşlıq, bölgədə sabitlik müasir dövrümüzdə daha önəmlidir. Dünyada nümunə göstəriləcək ən sabit, dövlətlərarası qarşılıqlı anlaşma mühitinə nümunə Azərbaycan-Gürcüstan- Türkiyə arasında yaranan və dinamik inkişaf edən üçlükdür.

Bu üçlüyün səmərəli tərəfdaşlığı ilə hazırda daha böyük maraq göstərilən və coğrafiyası genişlənən enerji, nəqliyyat layihələrində iştirak etmək istəyən ölkələrin sayı artmaqdadır. «Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı. Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb» sözləri ilə Orta Dəhlizdə bu üçlüyün önəmli rola malik olduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, layihənin digər iştirakçılarının da birlik və həmrəyliyə sadiq qalmaları qlobal enerji, nəqliyyat infrastrukturlarının genişləndirilməsinə inamı artırır. Hazırda dünya siyasətinin aktual problemlərindən olan qlobal enerji və nəqliyyat layihələrinə alternativ marşrutların müəyyənləşdirilməsidir. Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi nəticə etibarilə Xəzər dənizinə, Cənubi Qafqaza istiqamətlənir. Şərq-Qərb, Qərb-Şərq nəqliyyat layihələri aktual olsa da, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib. Bu yüklərin əks istiqamətdə daşınması üçün başlıca amil olan biznes mühiti tərəfdaşların hədəflərinə, Orta Dəhliz layihəsinin maraqlarına uyğunlaşdırılmalıdır.

Panel iclasında Azərbaycanın enerji layihələrinin Avropa ölkələrinə istiqamətlənən kəmərlərin uzadılması ilə bağlı müzakirələr maraqla qarşılandı. Bildirildi ki, Cənub Qaz Dəhlizinin marşrutunun uzadılması üçün hasilatın fiziki artımı, səmərəliliyi, itkilərin azaldılması və daxildə istifadə olunan təbii qaza harada qənaət olunacağı barədə dəqiq hesablamalar aparılmalıdır.
2021-ci ildə Avropa bazarına Azərbaycan qazının ixracı təqribən 8 milyard kubmetrdən çox olub. Bu il ixracın həcminin ən azı 11,6 milyard kubmetr olacağı proqnozlaşdırılır. Ümumi həcm isə 24 milyard kubmetrdir. «Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır» sözləri ilə ötən ilin sonlarında Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə Rumıniyanın təbii qazla təchizatına başlamaq imkanı yarandığını bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu cür interkollektorlara qarşıdakı illərdə də ehtiyac yaranacaq.
Hazırda bütün ölkələrdə yaşıl enerji ilə təchizat dünya gündəminin aktual mövzularındandır. Bu sahədə böyük potensiala malik Azərbaycanda da önəmli layihələr həyata keçirilir. Hesablamalara görə Xəzər dənizinin külək potensialı 157, qurudakı potensial 27 qiqavatdır. Vətən müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən layihələrin reallaşması ilə ölkəmizdə yaşıl enerji istehsalı daha da artacaq.

İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu» ilə bağlı çıxışını, «Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»”in imzalanmasını diqqətə çatdıran Prezident İlham Əliyev görülən işləri uzunmüddətli əməkdaşlıq üçün təməl adlandıraraq bildirib ki, qarşıdakı illərdə daha geniş, geosiyasi nizam şəraitində çalışmaq ehtimalı yüksəkdir. Azərbaycan bütün hallarda geostrateji əhəmiyyətə malik təşəbbüslərini reallaşdırmaq əzmində, inamındadır. Yunanıstan-Bolqarıstan İnterkonnektorundan sonra Bolqarıstanla Serbiyanı birləşdirəcək digər interkonnektorin isə gələn ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma işləri aparılır. Ötən ilin sonlarında ölkəmizdə səfərdə olan, Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini «Hesab edirəm ki, bu əməkdaşlıq, həm elektrik enerjisi, həm də Serbiyanın yaxın gələcəkdə Azərbaycandan alacağı qaz təchizatı baxımından daha da genişlənəcək» sözləri ilə bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəmizlə bütün sahələrdə əməkdaşlıq üçün sağlam mühitin formalaşdığını etiraf etmişdir.

Zəngin alternativ enerji mənbəyinə malik Azərbaycanın Səudiyyə Ərəbistanının tanınmış şirkəti «Masdar»”la imzalanmış razılaşmaya görə ölkəmizdə külək və günəş enerjisi hasilatı 2027-ci ilədək 4, 2037-ci ilədək 6 qiqavat artırılacaq. «Fortescue Future Industries”»lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. «Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var. Afrika ölkələrinə gəldikdə, biz hazırda Afrika qitəsinin ölkələri ilə daha fəal işləyirik. İsraildə səfirlik və Fələstində nümayəndəlik açmaq qərarı Albaniyada və Afrika ölkəsi – Keniyada səfirliyin açılması qərarı ilə birgə qəbul olunub. Bizim Afrika İttifaqı Təşkilatında səfirimiz var» sözləri ilə inşa olunan bütün interkonnektorların yeganə məqsədinin Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edilməsində Azərbaycanın rolunun artırılması olduğunu bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji və nəqliyyatla bağlı təşəbbüsləri Orta Dəhliz məkanında sabitliyin qorunmasına xidmət edəcək.

Daha çox xəbərlər