Azərbaycanın ərəb dünyasında nüfuzu artmaqdadır
Bu gün Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, siyasi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşdə bu fikir bir daha təsdiq olunmuşdur.
Cənab Prezident bildirib: “Masdar” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq”
BƏƏ kimi güclü müsəlman dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın gələcəkdə uğur ehtimalını xeyli artırır. Bugünkü gündə Azərbaycanla BƏƏ arasında yaxşılaşmaqda olan münasibətlər gələcəkdə yeni dünya düzəninin formalaşmasında da uğurlu nəticələr verməsinə imkan yaradır. Hazırda da işğaldan azad olunmuş ərazilərimizdə ərəb kapitalının iştirakı çox arzuolunandır. Bu baxımdan BƏƏ-nin də böyük potensial və imkanları var. Bu isə gələcəkdə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək.
Azərbaycanda dövlət proqramlarının, fərman və sərəncamların yüksək səviyyədə icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib, tərəqqi prosesində qeyri-neft sektorunun payı və rolunu davamlı şəkildə artırıb. Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.
Ölkə başçısı İlham Əliyevin çıxışında diqqət mərkəzində olan əsas məsələlərdən biri enerji siyasətində sosial-iqtisadi inkişafı təmin üçün mühüm vasitə kimi istifadə olunması məsələsinin qeyd olunmasıdır. Enerji strategiyasının uğurla icra olunması və neft gəlirlərinin səmərəli istifadə edilməsi nəticəsində ölkəmizdə sosial-iqtisadi ifrastrukturun müasir tələblərə uyğun yenidən qurulması təmin olunub, iqtisadiyyatımız şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılb. Enerji layihələrinin daxili inkişafımız üçün əhəmiyyətini qeyd edən cənab Prezident bildirmişdir ki, enrji amili, enerji diplomatiyası və bütün layihələr ökəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə olunan gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir.
Eyni zamanda Cənab Prezident Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.
Beləliklə, birgə səylər əsasında Azərbaycan və BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi, işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin istehsalı, texnoloji yeniliklərin tətbiqində BƏƏ-nin öz töhfəsini verəcəyi günümüzün reallığıdır.
Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı


