Narkomaniya əsrin bəlasıdır
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2019-2024-cü illər)”na uyğun olaraq narkomanlığa və narkotik vasitələtin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Biləsuvar rayon komissiyası 2022-ci il üçün iş planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının coğrafi mövqe baxımından narkotik vasitələr istehsal edilən Cənubi-Qərb-Asiya dövlətləri ilə bu vasitələrin daşındığı Avropa ölkələri arasında yerləşməsi, habelə Biləsuvar rayonunun sərhədyanı rayon olması narkotiklərlə mübarizə sahəsində müəyyən problemlər yaradır, bu istiqamətdə aparılan işlərə kompleks və ixtisaslı yanaşılmasını zəruri edir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı narkomanlığın əleyhinə təbliğat və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı hüquq pozuntularının profilaktikasına yönəldilmiş fəaliyyətə üstünlük verilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı rayon komissiyası narkomanlığın əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı Təhsil, Səhiyyə, Polis şöbələrinin əməkdaşları, Gənclər və idman idarəsinin, dini qurumlarla və yerli bələdiyyələrlə birgə işini əlaqələndirmişdir. Komissiya tərəfindən narkomanlığın yaşadığımız cəmiyyətə və insan sağlamlığına zərəri barədə mütəmadi olaraq mühazirələr oxunmuş, fərdi söhbətlər və görüşlər keçirilmiş, təbliğat və maarifləndirmə fəaliyyətinə diqqət bir qədər də artırılmışdır.
Rayon komissiyasının 2022-ci il üçün iş planında nəzərdə tutulmuş tədbirlərin icra müddəti və icrasına cavabdeh olan təşkilatların vəzifələri müəyyənləşdirilmişdir. 2022-ci ildə hər həftənin 3-cü günü yaşayış məntəqələrində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən əhali ilə görüş və qəbulların keçirilməsi, habelə sağlam həyat tərzi ilə bağlı təbliğat və maarifləndimə işinin ümummilli proqramdan irəli gələn tələblərə uyğun qurulması istiqamətində vəzifəli şəxslərin hesabatlarının dinlənilməsi də həyata keçirilmişdir.
Rayon Təhsil şöbəsinin, Rayon “Mərkəzi Xəstaxanası” publik hüquqi şəxsin, Polis şöbəsinin, Gənclər və İdman idarəsi əməkdaşlarının, dini qurumların nümayəndələrinin və yerli fəalların iştirakı ilə birlikdə 2022-ci ildə bir sıra tədbirlər keçirilmiş, sağlam həyat tərzinin təbliğ edilməsi, narkoloji xəstəliklərin yayılmasının qarşısının alınması, insan psixikasına təsir göstərən maddələrin ziyanı barədə profilaktik söhbətlər aparılmaqla mühazirələr oxunmuş və vidoçarxlar göstərilmişdir.
Hesabat dövründə Ağalıkənd, Dəvrişli, İsmətli tam orta məktəblərində “Narkomaniyaya yox deyək!”, Xırmandalı, Təzəkənd məktəbində “Narkomaniya əsrin və bəşəriyyətin faciəsidir” mövzularında maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə mühazirə oxunmuşdur. Sonda isə gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
22 iyun 2022-ci il tarixdə komissiya tərəfindən 26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Özümüzü narkomaniyadan qoruyaq” adlı maarifləndirici tədbiri keçirilmişdir.
07 dekabr 2022-ci il tarixdə “Narkomaniyaya qarşı mübarizədə gənçlərin rolu” mövzusunda aidiyyəti nümayəndələrin iştirakı ilə marifləndirici tədbir keçirilmiş və tədbirdə rəsmi sərgi və sosial videoçarx göstərilmişdir.
Qeyd edirik ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Biləsuvar rayon Komissiyasının iştirakı olmadan da rayon ərazisində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində də narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri istiqamətində maarifləndirici tədbirlər keçrilmişdir.
Belə ki, 6 nömrəli tam orta məktəbində “Narkomaniyaya XXI əsrin bəlasıdır”, Muğankənd kənd ümumi orta məktəbində “Narkomaniyanın mənfi təsirləri, ona aludəçiliyin fəsadları”, İsmətli, Çaylı, Biləsuvar şəhərinin 1 və 4 nömrəli tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, Ağayrı ümumi orta məktəbində ”Erkən nikah və narkomaniyaya yox deyək”, Nəsimikənd tam orta məktəbində “Narkotik bəşəriyyətin bəlasıdır”, və “Narkomaniyanın acı nəticələri” mövzusunda videoçarx, Günəşli kənd ümumi orta məktəbində “Narkomaniyanın zərəri” mövzusunda seminar, A. Həsənov adına Bağbanlar kənd tam orta məktəbində “Narkotik maddələrdən istifadə və digər zərərli vərdişlərin insan həyatına mənfi təsiri”, Əliabad kənd tam orta məktəbində“ Narkomaniyanın fəsadları “mövzularında maarifləndirici tədbirlər təşkil edilmişdir.
2022-ci ilin iyul-avqust aylarında rayon mərkəzi parkında yeniyetmələr üçün yay düşərgəsi təşkil olunmuşdu. Düşərgə çərçivəsində yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək üçün görüş keçirilmiş, onların maraq və təklifləri əsasında müxtəlif oyunlar, təlimlər təşkil edilmişdir. Düşərgə çərçivəsində narkomaniya və digər zərərli vərdişlərin mənfi təsirləri barədə söhbət aparılmış, gənclər maarifləndirilmişdir. Eyni zamanda gənclərin fiziki sağlamlığı üçün vacib olan idman nümunələri nümayiş etdirilmiş, voleybol və şahmat yarışları təşkil olunmuşdur. Bununla yanaşı şəhər parkı yanında salınmış “ZƏFƏR” parkında əkilmiş ağaclara qulluq edilməsi ilə bağlı tədbirlər keçrilmişdir. Həmçinin 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibəti ilə yeniyetmə və gənclər arasında hüquq pozuntuları, narkomaniya, İİV/QİÇS virus və digər neqativ halların profilaktikası ilə bağlı “Sağlam gənclik-sağlam gələcək” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tövsiyələrinə uyğun olaraq rayon komissiyası öz qüvvələrini narkomanlığın ilkin profilaktikasına, antinarkotik təbliğat və maarifləndirməyə, narkotik xassəli bitkilərin qanunsuz əkilib becərilməsinin qarşısının alınmasına, bu tədbirlərə ictimai birliklərin cəlb olunmasına, narkotik durumla əlaqədar əhalinin məlumatlandırılmasına yönəldilmişdir.
Bu istiqamətdə “Xaş-xaş” şərti ad altında kənd icra nümayəndəliklərinin və bələdiyyə strukturlarının üzərinə xeyli vəzifələr düşmüş, bu strukturlar yerlərdə narkotik xassəli bitkilərin əkilib becərilməsinin qadağan olunması, yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi ilə bağlı əhali arasında izahat işləri aparmışdır. Qeyd edirik ki, 2022-ci ildə narkotik xassəli bitkilərin əkilib becərilməsi və yabanı halda bitməsi halları aşkar olunmamışdır.
Həmçinin 2022-ci ildə müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarının məhvetmə komissiyası tərəfindən 65 şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis şöbəsində saxlanılan narkotik vasitə və psixotrop maddələr yandırma yolu ilə məhv edilmişdir.
Qurban Nuriyev,
Biləsuvar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdir əvəzi

