Gündəm 

Ulu Öndər Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoyub

Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti artıb. Enerjiyə olan daxili tələbatını  öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri  davamlılığı ilə diqqəti cəlb edir. Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə ardıcıl həyata keçirilən tədbirlər, əhəmiyyətli layihələr sayəsində Azərbaycan özünün enerji potensialını durmadan artırır.

“Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır.

Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamına əsasən, həmin gün “Energetik günü” kimi qeyd edilir.

Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir.

1993-cü ilin iyununda xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli Lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi sistemində qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunların qəbulunun məhz həmin dövrə təsadüf etməsi buna sübutdur.

Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir.

Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək, 500 və 330 kv-luq yarımstansiyalarda kompleks genişləndirmə işləri aparılacaq. Beləliklə, Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng elektrik stansiyası yaradılacaq. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək.

Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək, 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Belə ki, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7-ci və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək və beləliklə ildə 0,8-1,2 milyard kubmetr qaza qənaət olunacaq. Bu isə o deməkdir ki, yeni stansiyaya qoyulan investisiya maksimum 6 ilə geri qayıdacaq. Eyni zamanda, yüksək səmərəliliyə malik generasiya kompleksinin formalaşdırılması ilə faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq və illik istehsal 12,5 milyard kilovat-saat təşkil edəcək.

Beləliklə, yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Həmçinin stansiyanın Mingəçevirdə qurulması bu şəhərin əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq.

Hazırda iqtisadiyyatı gündən-günə inkişaf edən, elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunmuş Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində də mühüm rol oynayır.

Energetiklərimiz bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

Elnarə Zeynalova,
YAP Xətai rayon təşkilatının “Zakir Yusifov 18” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər