Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın
44 günlük Vətən müharibəsi Azərbaycanın inamlı qələbəsilə başa çatdı. Düşmənin 30 ilə yaxın işğal altında saxladığı torpaqları azad edən ordumuz ölkənin hərbi-siyasi nüfuzunu yüksəltməklə yanaşı, gələcək iqtisadi inkişafımız üçün də təkan vermiş oldu.
Qarabağ və ətraf rayonların kənd təsərrüfatı üçün əlverişli olması ilə yanaşı, zəngin yeraltı sərvətləri də heç kəsə sirr deyil. İşğal altındakı torpaqlarda mövcud olan 3 qızıl yatağı uzun illər Qarabağ separatçılarının və Ermənistan hakimiyyətinin varlanma mənbəyi olub.
Kəlbəcər rayonu ərazisində yerləşən Zod, keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq və Zəngilan rayonundakı Veynəli qızıl yataqları hər il ermənilərə on milyarlarla dollar qanunsuz qazanc gətirirdi. Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnofen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurub. Filiz və qeyri-filiz yataqları talan olunub, heç bir texnoloji normalar qorunmadan istismar edilib. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin gümüş, molibden, nikel, bismut, tellur, selen, kadmium kimi qiymətli metallar müşahidə edilir. Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.
Hazırda işğaldan azad edilmiş ərazilərdən fərqli olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin talan edilməsi davam etdirilir.
Qarabağ iqtisadi rayonunda başlanan ekoloji monitorinqin məqsədi də qanunsuz fəaliyyətin qarşısını almağa hesablanıb və belə görünür ki, araşdırmalar davam etdikcə yeni faktlar da ortaya çıxacaq.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntıların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günlərdir davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” , “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” , “Ekoloji cinayətə son!” , “ Stop ekoterror!” şüarlarını müxtəlif dillərdə səsləndirirlər. Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyinin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərt şəkildə öz mövqelərini, xalqın iradəsini nümayiş etdirirlər.
Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında hər zaman xalqımızın sarsılmaz əzmini, iradəsini, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev dünyanın mötəbər kürsülərində Azərbaycan yolunun haqq yolu olduğunu daim müdafiə edir, heç bir qüvvənin bu yolda dövlətçiliyimizə və torpaqlarımızın qorunmasına xələl gətirməsinə imkan verilməyəcəyini qətiyyətlə söyləyir. Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına qarşı yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirən Prezident İlham Əliyev xalqın haqlı narazılığını dilə gətirir, cəmiyyətin mənafeyini layiqincə qoruyur, qanunsuz addımların qarşısının alındığını və alınacağını bütün dünyaya bəyan edir.
Sayad Adilova,
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatınım “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

