İkili standartlar: Dünən və bu gün…
Ermənistan keçmiş Qarabağ münaqişəsini alovlandırandan bu günə qədər Azərbaycan döyüş meydanlarında olduğu kimi, bir çox dövlətlərin, siyasi dairələrin və beynəlxalq təşkilatların ədalətsizliklərinə və ikili standartlarına qarşı da mübarizə aparmalı olub. BMT Təhlükəsizlik Şurasının qərarlarını qulaqardına vuran həmin qurumlar ya birbaşa, ya da dolayısı ilə işğalçı Ermənistana dəstək verirdilər. Fransa və İran dövlətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Corc Soros Fondunun, UNESCO-nun, daha bir neçə dövlətin və beynəlxalq təşkilatın bu məsələdə öndə getmələri hamımızın yaddaşındadır. Onlar təcavüzkarı öz adı ilə çağırmamaqla, ona təsir etməməklə, işğalı dayandırmasını tələb etməməklə Ermənistana mane olmadıqlarını büruzə verirdilər. Belə hərəkətlərlə həm də ikili standartlara eybəcər şəkildə yol açırdılar. Təəssüf ki, əsas problem həll ediləndən, yəni Azərbaycan öz ərazilərini işğaldan azad edəndən sonra da adları çəkilənlər bağlanmalı olan sülh müqaviləsininə hər vasitə ilə mane olmağa çalışırlar. Onlar sözdə bir cür danışır, əməldə başqa cür davranırlar. Bunu sübut edən faktlar kifayət qədərdir.
Kütbeyin məmurlar “Azərbaycan bizim gözümüzün nurudur” desələr də, İranda qondarma erməni soyqırımını təbliğ edən abidələr mövcuddur. Bəs Xocalı faciəsini əks etdirən hər hansı abidə, yaxud xatirə kompleksi varmı? Xeyr! İranın heç bir yerində Xocalı faciəsi ilə bağlı nəinki abidə, heç faciə qurbanlarının xatirəsini yad edən kiçik bir simvol belə yoxdur. Bu illər ərzində bir sıra güneyli ziyalı Xocalı faciəsi ilə bağlı öz vəsaitləri hesabına abidə qoymaq barədə müraciətlər etsə də, fars-molla rejimi buna icazə verməyib. Azərbaycanla bağlı olan məsələlər, xalqımızın uğur və kədərini xatırladacaq hər hansı simvol, nişan İran hakimiyyətinin ideoloji cərəyanına, siyasi maraqlarına zidd hesab edildiyi üçün buna imkan verilməyib.
Təbriz küçələrindən birinin Xocalı adlandırılması ilə bağlı onlarla ziyalının müraciəti cavabsız qaldığı üçün onlar öz hesablarına məscid tikdirib, oranı “Xocalı” adlandırmaq istədilər. Lakin bu təklifə də rədd cavabı verildi.
Qəzəb doğuran odur ki, dəhşətli Xocalı faciəsinə belə laqeyd münasibət göstərən Tehran rejimi Güney azərbaycanlılardan topladığı vergilər hesabına Tehran, İsfahan və başqa bir neçə şəhərdə “erməni soyqırımı abidəsi” inşa edib. Hər il 24 aprel tarixində bu abidələrin qarşısında hakimiyyətin dəstəyi ilə izdihamlı mərasimlər keçirilir, Türkiyə və Azərbaycana qarşı nifrət dolu çıxışlar edilir. Sanki İran xristian ölkəsi, hakimiyyətdəkilər isə ermənilərdir. Bütün bu və digər davranışlar diqqətimizi çəkir.
Bir neçə gün əvvəl Vyanada ATƏT Parlament Assambleyasnın qış sessiyasının ümumi komitələrinin birgə iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Azərbaycanın sülh gündəliyindən danışaraq bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazü bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığı prinsipini qəbul edib. Brüsseldə, Praqada və Soçidə bu prinsiplər, o cümlədən Azərbaycanın təklif etdiyi 5 baza prinsipləri əsasında sülh müqaviləsinin imzalanması haqqında razılıq əldə olunub. Azərbaycan qısa müddətdə sülh sazişini imzalamağa, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamağa, bütün kommunikasiyaları açmağa hazırdır.
Bununla yanaşı, Azay Quliyev bildirib ki, erməni lobbisinin təsiri altında olan siyaçətçilər və ölkələr Azərbaycanın daxili işlərinə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarla münasibətin qurulmasına müdaxilə etməkdən çəkinməlidir. Belə qanunsuz müdaxilə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir və qətiyyən qəbul edilməzdir.
İrəvanda və Xankəndidə yerli internet telekanallarının apardıqları rəy sorğusunda sadə ermənilərin əksəriyyəti sülh tələb edir, Azərbaycanın qanunları ilə yaşamağın vacibliyini bildirirlər. Bəziləri isə münaqişə davam edərsə Ermənistanın öz dövlətçiliyini də itirəcəyini proqnozlaşdırırlar. Onlar düşmənçiliyi davam etdirən revanşistlərə və daşnaklara qarşı çıxırlar. Əvvəllər bu meyil zəif idi və sülh istəyən adamlar ucadan danışa bilmirdilər. Davakar daşnaklar və avantürist revanşistlər onları daşqalaq edirdilər. Ancaq bu gün təhlükələrin yaxınlaşdığını hiss edən həmin qrupların səsləri çıxmır. Bunların əvəzində ikili standartlardan hələ də əl çəkməyənlər ermənilərin əvəzinə müxtəlif araqarışdırıcı bəyanatlar verir, iki dövlət arasında bağlanmalı olan sülhə zərbə vururlar. Ancaq bunun da bir nəhayəti olacaq. Tarixdə hələ heç kəs iki xalqın adından danışa bilməyib.

