Bir daha Brüssel…
Sülh danışıqlarının növbəti mərhələsi nələr vəd edir?
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan danışıqların 2023-cü ildəki ilk raundunun yeni formatı həm də dünyanın Cənubi Qafqaza artan marağının nümayişi idi. Azərbaycan və Ermənistan liderləri arasında Rusiya Prezidenti Vladimir Putinin, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin, nəhayət Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə keçirilən üçtərəfli və dördtərəfli görüşlər göstərdi ki, müxtəlif siyasi qütblərin regionda sülhün və sabitliyin yaranması prosesində təşəbbüsə yiyələnmək istəyi artmaqdadır. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən fərqli formatlarda aparılan danışıqlar nəticə etibarilə yekun sənədin imzalanması mərhələsinə çatmasa da hər yeni görüş irəliyə doğru atılmış ciddi addımdır. Ən əsası odur ki, Azərbaycan yürütdüyü uğurlu diplomatik kursunu davam etdirməklə keçirilən görüşlərdə öz ədalətli mövqeyinin qəbul edilməsinə nail olmağı bacarıb.
Fevralın 18-də Almaniyanın Münxen şəhərində baş tutan sonuncu görüş də bu baxımdan istisna olmadı. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş, bunun ardınca isə elə həmin gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas sülh müqaviləsinin şərtlərinin razılaşdırılması baxımından ciddi platforma rolunu oynadı. Üçtərəfli görüşdən sonra televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev qeyd etdi ki, danışıqlar konstruktiv keçdi. Bir sıra məsələlərin, əsasən də Ermənistanla Azərbaycan arasında sülh sazişinin şərtlərinin müzakirə edildiyi görüşdə dövlətimizin başçısı həmişə olduğu kimi, konkret mövqe və qətiyyət nümayiş etdirərək bildirdi ki, müqavilə beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir, sənəddə Qarabağ haqqında hər hansı müddəanın olması isə qəbuledilməzdir.
Danışıqların Münxen raundunun Azərbaycan üçün əhəmiyyətini Ermənistanda siyasi analitiklərin bu görüşü Paşinyanın növbəti məğlubiyyəti kimi xarakterizə etmələri də təsdiqləyir. Qarşıda isə daha bir görüş gözlənilir – ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə tezliklə Brüsseldə yenidən bir araya gələcəklər. Görünür, Qərb danışıqlarda təşəbbüsü əldən vermək fikrində deyil və sülh müqaviləsinin imzalanması üçün təmasların artırılmasında maraqlıdır. Bəs növbəti Brüssel görüşündən hansı irəliləyiş gözləmək mümkündür? Ümumiyyətlə, danışıqların Aİ-Azərbaycan-Ermənistan formatının perspektivini necə dəyərləndirmək olar?
Xatırladaq ki, Şarl Mişelin təşəbbüsü ilə sonuncu belə görüş 2022-ci il oktyabrın 6-7-də Praqada baş tutub. Ancaq ondan əvvəlki Brüssel danışıqlarından fərqli olaraq Çexiyanın paytaxtındakı görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edirdi. Yeri gəlmişkən, bu, tutduğu ermənipərəst mövqe səbəbindən Makronun sülh danışıqlarında birinci və sonuncu iştirakı oldu. Məhz onun növbəti dəfə də özünü danışıqlar prosesinə dürtüşdürmək istəməsi, Ermənistan baş nazirinin isə bu iştirakda təkid etməsi Aİ Şurasının təşəbbüsü ilə aparılan danışıqların təxirə salınması ilə nəticələnmişdi və danışıqların dekabrın 7-nə planlaşdırılan növbəti raundu baş tutmamışdı.
Makronun iştirakına və ermənilərin xeyrinə cəhdlərinə baxmayaraq Praqa görüşü Azərbaycanın aşkar qələbəsi ilə yekunlaşmışdı. Görüşün nəticələri ilə bağlı Yelisey sarayının rəsmi saytında dərc olunmuş bəyanat Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistan qarşısında irəli sürdüyü 5 əsas prinsipin təmin edildiyini sübut edirdi, ümumilikdə sənədin müddəaları ölkəmizin maraqlarına tam cavab verirdi. Ən mühümü isə odur ki, Praqa görüşü Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə yekunlaşmışdı. Belə ki, bəyanatda Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləmişdilər. Sənəddə qarşılıqlı surətdə ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb.
İstinad edilən Alma-Ata Bəyannaməsi isə 1991-ci il dekabrın 21-də SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılaşmasının və Müstəqil Dövlətlər Birliyinin yaranmasının təsdiqlənməsi məqsədilə imzalanıb. Bəyannamədə qeyd olunur ki, MDB-yə üzv dövlətlər öz aralarında münasibətləri dövlət suverenliyini, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını qarşılıqlı tanıma və suverenliyinə hörmət əsasında inkişaf etdirirlər. Sənədi Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan imzalayıb.
Beləliklə, Aİ-nin vasitəçiliyi ilə keçirilmiş sonuncu görüşün nəticəsi olaraq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Üstəlik, Nikol Paşinyan bununla Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiklərini də təsdiqləmiş olub. Bütün bunlar Aİ-Azərbaycan-Ermənistan formatında aparılan danışıqların növbəti mərhələsində də ölkəmizin haqlı mövqeyinin və ədalət prinsiplərinin qorunacağına şübhə yeri qoymur.

