Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik
2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin “Heydər Əliyev İli” kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, “Heydər Əliyev İli”nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir və gerçək, əhəmiyyətli bir proqramıdır. “Heydər Əliyev İli”nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını “Heydər Əliyev İli”nin aydın yol xəritəsi də adlandırmaq olar.
Təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.
Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. İndi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından artıqdır.
Ulu öndərimizin nitqində vurğuladığı kimi azərbaycançılıq məfkurəsi real müstəqilliyə nail olmaq, bütöv, bölünməz Azərbaycanı qoruyub saxlamaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək üçün əsas vasitədir. Dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli-mədəni inkişafı və ideologiyasının formalaşması da elə ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycançılıq məfkurəsini milli ideologiyaya çevirən, cəmiyyətimizdə həmrəylik, mənəvi bütövlüyə nail olan ümumilli lider Heydər Əliyev hər zaman milli mənsubiyyəti ilə fəxr etmiş, milli-mənəvi dəyərlərinə sadiq qalmışdır.“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsini parlaq şüara çevirən Heydər Əliyev yenilməz iradəyə, diplomatik bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə getməyə qadir, ölkənin və millətin mənafeyinin tələb etdiyi məqamlarda kompromisə hazır olmağı bacaran şəxsiyyət olmuşdur. Bu əhəmiyyətli və aztapılan keyfiyyətlər öndərimizin həyatda hər zaman qalib çıxması üçün stimulverici bir rol oynamışdır.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramını təmin etmək məqsədilə ulu öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncam imzalamış və bu sərəncam dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır.
-İndi dünyada müstəqil Azərbaycan dövləti var.Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.
Onun dövlətçilik təfəkkürünün layiqli davamçısı kimi oğul Əliyevin siyasəti sayəsində üçrəngli bayrağımız hər zaman əbədi olaraq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək. Cənab İlham Əliyevin tarixi qələbəsi müstəqil Azərbaycanın bölgədə sülh və sabitliyinin təmin olunmasına yol açdı və türk birliyinin formalaşmasına mühüm töhfələr vermiş oldu.
Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə, Azərbaycan xalqının tarixində, taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada “Heydər Əliyev İli” haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə, mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. “Heydər Əliyev İli” haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”.
Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə “dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim” kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin “bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri” olduğunu bəyan etməsi bunun əyani sübutudur.
Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.
M.Mikayılova,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

