Əsas səhifə 

Azərbaycanın dövlət müstəqilliyi əbədidir

70 illik əsarət zəncirinin tamamilə qırılıb dağılmaq üzrə olduğu, 15 müttəfiqin azadlıq mücadiləsi ilə mübarizə apardığı bir vaxtda, xüsusilə də 1990-cı ilin 19-20 yanvarında Bakının Azadlıq meydanında müstəqillik uğrunda şəhidləri olan ölkənin Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına günümüzün prizmasından baxdıqda həmin dövrdə bu xalqın taleyinin kimlərin əlində olması böyük təəssüf hissi doğurur. Azərbaycan Respublikası Ali Soveti “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbil etmişdi. Qərarda referendumun “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçirilməsi qeyd olunurdu.  Müstəqilliyimizin bir addımlığında bu qərarı qəbul etməyin təbii ki, başqa mənası yox idi. Burada onların məqsədi yalnız tutduqları vəzifəni qorumaqdan, xalqı əzməkdən, yüzillik müstəqillik arzularını məhv etməkdən ibarət idi. 20 Yanvar hadisəsini yaşayan bir dövlət məmuru nə qədər qəddar ola bilərdi ki, bu hadisəni törədən qurumun yenidən hakimiyyətdə qalmasına, özününsə onun əsarətinə baş əyməsinə səs verə bilərdi. Ermənilərin sərhədlərimizdə törətdiyi əməllər, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişələri hər gün kəskinləşməsi hələ də bu məmurları qəflət yuxusundan ayıra bilmirdi. Çünki onlar fərqli yaşayışı, öz vəzifə səlahiyyətlərini bütöv bir xalqın mənafeyindən, taleyindən üstün tuturdular. Bütün bunlara görə də SSRİ-nin saxlanılması onlar üçün vacib məsələ idi. 1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvannın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladıqları böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Naxçıvan blokada vəziyyətinə salınırdı. Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan ulu öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən ulu öndər Heydər Əliyev deyirdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır…”

Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevrmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “… Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.

XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, Ümummilli Lider Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ideallarına sadiq qalaraq bu dövləti daha da inkişaf etdirir. Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Ölkə Prezidentinin cəsarəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti və xalqımızın dəstəyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Xalqımız düz 30 il bu şərəfli, şanlı günlərin həsrəti ilə yaşadı. Torpaq itkisinə dözmək çətin olsa da, üç onillik ərzində zəfər gününün gələcəyini böyük inamla gözləmişik, qəlbimiz həmişə düşmən işğalında qalan yurd yerlərimizlə döyünüb, fikrimiz, düşüncələrimiz Şuşada, Xankəndidə, Kəlbəcərdə, Laçında, Qubadlıda gəzib-dolaşıb. Döyüş meydanında ardıcıl qələbələr qazanan müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə bərpa etdi. Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı. 31 illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan sözün əsl mənasında tam müstəqil ölkədir. Ölkəmizdə həyata keçirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən qərinələr keçəcək, illər ötəcək, amma tarix bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.

N.Əliyeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Daha çox xəbərlər