Naxçıvan yeni-yeni zirvələr fəth edəcək
1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi Ulu Öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın şüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Məhz bütün bunlara görə bu gün hər kəs vurğulayır ki, ulu öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz şəxsiyyətdir. O, bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.
Ulu Öndərimiz yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə, xüsusən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə Qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmişdi.
Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də,sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşıb.Ümummilli Liderimizin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirilib və nəticədə 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb.
Görkəmli dövlət xadimi Moskvada da Vətəninin taleyini düşünürdü. Buna görə də o, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətkar mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər.
Ulu Öndərimiz hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərimizin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirdi. Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi.
Azərbaycan ikinci dəfə rəhbərliyi illərində Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Fəaliyyətini dayandırmış sənaye müəssisələrinin yenidən işə salınması və yeni müəssisələrin yaradılması sayəsində muxtar respublikada sənaye məhsulu 3,4 dəfə artdı.
Ulu Öndər Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəklədi. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı.
Dahi şəxsiyyətin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu.
Bu gün Heydər Əliyev siyasi xətinin uğurla davam etdirilməsi, Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkarlığın nəticəsində Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir.
Vətən müharibəsində şanlı Qələbənin memarı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi qədim diyarda transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaq. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.
Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub. Bu gün Ulu Öndərimizin işıqlı yolu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək.

Ruhəngiz ƏLİYEVA,
Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Yazlçılar Birliyini üzvü,
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

