Cəmiyyət 

Düşmən ölkədə demoqrafik böhran dərinləşir

Erməni ekspert: 2050-ci ilə qədər Ermənistandan 1 milyon insan mühacirət edə bilər

Ermənistanda əhalinin artmaması və hər il ölkəni tərk edənlərin sayının çoxalması göstərir ki, ermənilər buranı özlərinə Vətən bilmir, tarixi Azərbaycan torpaqlarında bir gün onun sahiblərinin gəlib yerləşəcəyini də anlamamış deyillər. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın məğlubiyyətə düçar olması ermənilərin öz dövlətlərinə inamını daha da sarsıtdı. Gündən-günə ölkədə daha da pisləşən iqtisadi durum, yüksələn vətəndaş narazılığı, regionda bütün inkişafdan geri qalan Ermənistanın ermənilərsiz qalmasına təkan verir. Paşinyan hakimiyyəti isə hazırda insanların ölkədən qaçmasının, demoqrafik vəziyyətin geriləməsinin qarşısını ala bilmir. Ötən ilin statistikasına görə, Zvartnots və Şirak beynəlxalq hava limanları vasitəsilə ölkəni tərk edənlərin sayı daha artıq olub. Belə ki, 2022-ci il üçün hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 47 323 nəfər çox olub.

“Ermənistan əhalisinin artımının təmin edilməsində ciddi problem var, çünki 2050-ci ilə qədər 1 milyon insan Ermənistandan mühacirət edə bilər”. Bunu Ermənistanın “The Future Armenian” inkişaf fondunun əhalinin artımı üzrə ekspert komissiyasının sədri, “Orran” xeyriyyə təşkilatının rəhbəri Armine Hovhannisyan deyib. Onun sözlərinə görə, bu halda ölkə əhalisi cəmi 2 milyon nəfər olacaq. Hovhannisyan qeyd edib ki, Ermənistandan yüz minlərlə insan mühacirət edir və Suriya və ya İraqdan immiqrasiya zamanı həmin ölkələrdən insanları saxlamaq mümkün olmayıb: “Belə bir problemin necə həll olunacağını başa düşmək vacibdir. Bundan əlavə, anlamaq lazımdır ki, anaları, o cümlədən subayları 3-4 uşaq dünyaya gətirməyə necə həvəsləndirmək olar. Ümid edirəm ki, Ümumerməni Vətəndaş Assambleyası çərçivəsində martın 10-12-də İrəvanda keçiriləcək konfrans zamanı biz lazımi yanaşmaları inkişaf etdirə biləcəyik”, – deyə o vurğulayıb.

Bu fonda Ermənistan Mərkəzi Bankı bəyan edib ki, 2022-ci ildə sənayedə, pul köçürmələrində azalma və yüksək inflyasiyanın olması qaçılmaz olub. Bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi, daha dəqiqi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən istehlak bazarında vəziyyət kəskin şəkildə pisləşib. Belə şəraitdə borcun artması da vəziyyəti gərginləşdirir. Ermənistanın maliyyə nazirliyinin məlumatına görə, 2022-ci ildə dövlət borcu 4 trilyon 210 milyard dram olub, bu da ÜDM-in 60,3 faizini təşkil edir. Ölkənin xarici borcu 2 trilyon 972 milyard dram, daxili borcu isə 1 trilyon 237 milyard dram təşkil edib. Dollar ekvivalentində Ermənistanın dövlət borcu 10 milyard dollara yaxın olub. 2021-ci ildə Ermənistanın dövlət borcu 1 milyard 257 milyon dollar və ya 15,8 faiz artıb. Borc həm daxili, həm də xarici maliyyə mənbələri hesabına artıb. Məlumatda o da bildirilir ki, 2023-ci ildə borc yükü artmaqda davam edəcək, çünki borcların idarə edilməsi makroiqtisadi sabitlik baxımından ən həssas məsələlərdən birinə çevrilib. Çoxlu makroiqtisadi qeyri-müəyyənliklərin mövcud olduğu indiki şəraitdə Ermənistan iqtisadiyyatı əvvəllər proqnozlaşdırılan iqtisadi fəallığın artım göstəricilərindən kənara çıxa bilər. Bu mənfi təsir uzun müddət davam edərsə, il gözləniləndən az gəlir yığımı ilə başa çatacaq. Zəruri hallarda 2023-ci ilin büdcəsində nəzərdə tutulan xərclərin tam icrası üçün əlavə vəsait cəlb ediləcək.

Qarabağı tərk edən ermənilərin vəziyyəti də acınacaqlıdır. Onların bir hissəsi artıq xarici ölkələrdədir. Ermənistanın onları yerləşdirmək və işlə təmin etmək imkanı olmadığını bildiklərindən bu ölkədən çıxmağa yol axtarırlar. Həm də Qarabağdan gələn insanlar Ermənistanda çox da xoş qarşılanmır. Bəziləri isə məcburiyyət qarşısında qalıb, geri dönmək qərarı verir. Rusiya sülhməramlılarının geri gətirdikləri əhalinin 90 faizi çarəsizlər və Ermənistanda özlərinə yer edə bilməyənlərdir. Onların da bir çoxlarında Azərbaycan vətəndaşlığını qəbul etmək fikri yaranıb və bunu açıq şəkildə dilə gətirirlər. Bu insanların ayrı çarəsinin olmadığı da deyilməlidir. Ya bu bölgəni tərk etməlidirlər, ya da Azərbaycan qanunlarını qəbul edib yaşamalıdırlar. Bütün bunlar Ermənistan iqtisadiyyatının ciddi böhran içində olmasının rəsmi etirafıdır. O də bəllidir ki, Ermənistan uzun illərdir xarici maliyyə yardımları, ianələr hesabına yaşayır və bunun təşkilində xaricdəki erməni lobbisi, ermənipərəst dairələr mühüm rol oynayır. Lakin son dövrlərdə bu prosesdə də Ermənistanın durumu ağırlaşır.

Göründüyü kimi, Azərbaycan Ermənistana “nəfəs almaq” üçün imkanlar tanıyıb. Komunikasiya xətlərinin açılması, “3+3 formatı” təklif olunub. Amma şovinizm ideolojisi ilə yüklü olan Ermənistan və onun cəmiyyəti bunu hələ ki, qəbul etmir. Ölkə isə boşalır, heç bir resursu olmayan Ermənistan əhalisinin nə sosial, nə iqtisadi, nə də mənəvi ehtiyaclarını təmin edəcək gücdə deyil.

Daha çox xəbərlər