Səbrin də bir həddi var…
Xankəndi-Xəlfəli-Turşsu yolunda açılan atəş təkcə əsgərlərimizə deyil, sülh prosesinə, bütövlükdə, sülhsevər dünyaya tuşlanan atəş idi
Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdikləri təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Məlum insident Qarabağ iqtisadi rayonundakı bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilir ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub: “Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığına bir daha xatırladırıq ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir”.
Məlumatda xatırladılır ki, Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktları bundan əvvəl də müəyyən olunmuşdur. Qeyd olunan marşrut üzrə minaların daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir. “Əlavə olaraq bildiririk ki, 2022-ci ildə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin nümayəndələrinin Ermənistan tərəfindən basdırılan və sonradan aşkar edilən minalara baxış üçün əraziyə səfərləri də təşkil edilmişdir. Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir. Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir. Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə – erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni, Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı sənədin şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Deməli, Qarabağ iqtisadi rayonunda hərəkət edən bütün erməni avtomobilləri yoxlanılmalıdır. Bu mənada, rəsmi Bakının narahatlığı kifayət qədər əsaslıdır və separatçıların əl-qolunu bağlamaq üçün təcili lazımi tədbirlər görülməlidir.
Laçın yolu üzərində nəzarət – keçid məntəqələrinin qurulmasının vacibliyi ölkənin həm dövlət strukturları tərəfindən, həm də ombudsman aparatı tərəfindən dilə gətirilib. Belə ki, Xarici İşlər Nazirliyinin sülhməramlı kontingentin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində baş verən təxribatla bağlı məlumatında bildirilir ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır. “Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, -deyə XİN-in məlumatında bildirilib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təxribatla bağlı açıqlamasında bildirilib ki, Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəlarına zidd olan, insanların yaşamaq, sağlamlığın qorunması, habelə digər fundamental hüquqlarının kobudcasına pozulmasına, regionda yeni münaqişə ocaqlarının yaranmasına, dayanıqlı sülhün təmini istiqamətində aparılan danışıqların dayandırılmasına səbəb olan bu kimi təxribatçı əməllərini kəskin şəkildə pisləyir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi qarşı tərəfdən tələb edirik: “Ermənistandan Qarabağ iqtisadi rayonuna silah-sursat, digər hərbi təchizat, o cümlədən minalar, yanacaq və canlı qüvvənin daşınması faktlarının bundan əvvəl də müəyyən olunduğunu, bununla bağlı beynəlxalq təşkilatlara dəfələrlə müvafiq bəyanatlarla müraciət etdiyimizi, lakin bütün xəbərdarlıqlara baxmayaraq təxribatların davam etdiyini, insanların həyat və sağlamlığına ciddi təhdidin mövcudluğu nəzərə alınaraq, Azərbaycanın dövlət sərhədində Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edirik. Bununla yanaşı, beynəlxalq və regional təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına bir daha müraciət edərək, Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına qarşı sərt reaksiya bildirməyə, regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırırıq”.
5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır
Ermənistan belə təxribatlarla Rusiya sülhməramlılarını nüfuzdan salmağa, onların gərəksizliyini “sübut etməyə” çalışır. Moskva Ermənistanın öz sülhməramlılarına toxunan bu təxribatına adekvat cavab verməli, bölgədə mövcudluğunu erməni separatizmini tərksilah etməklə sübuta yetirməlidir. 10 noyabr Bəyanatına görə, erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək.
Son vaxtlar Azərbaycan təmsilçilərinin Qarabağ erməniləri ilə təmasları yaranıb. Nəinki yaranıb, hətta intensivləşib də. Belə bir prosesin getdiyi şəraitdə təxribat törətmək, heç şübhəsiz, formalaşmış pozitiv durumu və ondan irəli gəlmiş çağırışları heçə endirməyə hesablanıb. Bir daha aşkar olur ki, rəsmi İrəvan üçün Qarabağda yaşayan ermənilərin taleyi yox, özünün avantürist siyasətini gerçəkləşdirmək əsasdır. Deməli, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının 2022–2026-cı illərə aid strategiyasında yer almış Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə bağlı müddəalar ucuz populizm mahiyyəti daşımaqla yanaşı, haqqında söz açdığımız avantürizmin bəşəri dəyər və prinsiplərlə pərdələnməsi cəhdidir.
Bu kimi təcavüz aktı və təxribatlar bir daha Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, təcavüzkar dövlət tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını nümayiş etdirir. Bu əməllər, Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.
İrəvan Qarabağın erməni sakinlərinin özlərinin uydurduğu, olmayan problemini beynəlxalq arenaya daşımaq cəhdlərindən hələ də əl çəkmək istəmir. Paşinyan iqtidarı bu məsələdə ən çox da ətəyindən əl çəkmədiyi Fransa başda olmaqla, Avropadan nəsə umur. Fəqət, bu zaman ortadakı reallığı, çılpaq həqiqəti görməzdən gəlir. Rəsmi İrəvanın doğrudanmı bunu dərk etməyə azacıq ağlı, dərrakəsi yetmir ki, Bakı artıq onlara güvənlərini itirmiş həmin Avropa nəhəngləri, eləcə də beynəlxalq güc mərkəzləri üçün enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir.
Son günlər baş verən hərbi təxribatlar bir daha göstərir ki, Azərbaycan eko nümayəndələri Laçın yolunda etiraz aksiyası keçirməkdə tamamilə haqlıdırlar. Məhz bu etiraz aksiyasının başlandığı andan, yəni, ötən ilin dekabrından Qarabağda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələri Laçın yolu vasitəsilə qanunsuz daşımalar, həmçinin cinayətlər törədə bilmirlər. İş o yerə çatıb ki, Ermənistan Xankəndiyə gizli, qaçaq yollarla silah-sursat, minalar daşımağa cəhd edir. Azərbaycan tərəfi də öz suveren hüquqlarından istifadə edərək bu cinayətin qarşısını qətiyyətlə alır. Bütün dünya görür ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı terrorçu dəstələr bölgədə sülh istəmirlər. Seperatçıların məqsədi yeni münaqişə ocağı yaratmaq, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bu da Ermənistan və onun Qarabağdakı tör-töküntüləri üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dövlətinin səbrinin tükənməz olduğunu, gücünü və qüdrətini Ermənistan 44 günlük Vətən müharibəsi zamanı yaxşı gördü. Görünür, bu acı nəticələr onlar üçün ya yetərli dərs olmayıb, ya da birdəfəlik məhv olmaq istəyirlər.

