Gündəm 

Fransanın neokolonializm siyasəti

Korsikalıları ölkəni bölməkdə, parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir

Bu gün dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa müstəmləkəçilik siyasətini açıq müstəvidə davam etdirir. Kiçik xalqları yer üzündən silmək niyyəti güdən Fransa hökuməti bu dəfə Korsika dilinin qadağan edilməsi ilə əlaqədar qərar çıxarılmasına nail olub. Fransaya məxsus olan adanın məhkəməsinin qərarında Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir. Dil məsələsinə əlavə olaraq məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Fransanın bu addımı gözlənildiyi kimi, böyük etirazlara səbəb olub. Fransa hökuməti bütün gücü ilə Korsikada identikliyin bütün formalarının təzahürlərinə tədricən qadağalar tətbiq edərək, insanları susdurmağa çalışır. Parisdə düşünürlər ki, Korsikan dilinin istifadəsinin qadağan edilməsi onlara adanın sakinlərini tezliklə Beşinci respublikanın siyasi həyatına inteqrasiya etməyə kömək edəcək və bununla separatizmin bütün təzahürlərinin qarşısını almaq mümkün olacaq. Lakin Parisdə yaxşı başa düşmürlər ki, onların bu əsas səhvi təkcə ölkədə separatizmin inkişafını gücləndirmir, həm də müxtəlif qruplar arasında fikir ayrılığını artırır. Məsələn, Fransada ayrı-ayrı siyasi xadimlərin də tez-tez təbliğ etdikləri islamofobiyanın yüksək səviyyəsi ona gətirib çıxarıb ki, bu ölkədəki 20 milyon müsəlman öz üzərində daim ayrı-seçkilik hiss edir və əlbəttə, bununla barışmaq istəmir.

Fransa rəsmiləri dəfələrlə Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) fəaliyyəti haqqında danışarkən onu siyasi mübarizə aparan azadlıq hərəkatı kimi, ekstremist və terror prinsiplərini yayan şəbəkə kimi təsnifatlandırıblar. Buna əsas kimi də Fransanın konstitusiyasını göstəriblər. Ümumiyyətlə, özünü demokratiyanın beşiyi və müdafiəçisi kimi səlahiyyətləndirmiş Fransada konstitusiya ölkənin ənənəvi olaraq əhəmiyyətli mədəni və dil müxtəlifliyi ilə səciyyələnməsinə baxmayaraq, milli kimlik mövcudluğunu inkar edir. Bu gün Korsika məsələsi təkcə Fransa mediasında, yaxud fransız siyasətçilər tərəfindən müzakirə olunmur. Xarici KİV-də ekspertlərin, tarixçilərin, siyasətşünasların və hüquqşünasların müxtəlif rəylərinə, fərqli analitik və araşdırma materiallarına rast gəlirik. Bu da təsadüfi deyil, çünki Korsika məsələsi tarixi, siyasi və hüquqi aspektlərə malikdir.

XVIII əsrdən bu günə qədər…

Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur, hakimiyyət səlahiyyətləri millətçilərin əlində cəmləşib. Tarixi aspektlərə gəlincə isə hələ eradan əvvəl III-II əsrlərdə Roma imperiyası tərəfindən işğal edilən, VI-VIII yüzillikdə Bizansın tərkibində olan, 1347 ildə Genuyanın hökmranlığının bərqərar olduğu Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı – etirazlar, üsyanlar müşahidə olunmağa başlayıb. Məqsəd xarici qüvvələrdən xilas olaraq müstəqillik qazanmaq idi. Amma 1764-cü ildə qəbul edilmiş Kompyen Konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Korsika Fransanın tabeliyinə keçib, 1796-cı ildə isə tam olaraq ölkəyə birləşdirilib. Buna baxmayaraq, adalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış ediblər. Bu istiqamətdə 1970-ci ildən başlayaraq fəallaşıblar, siyasi və silahlı mübarizəni davam etdiriblər. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsinin (Front de Libération Nationale Corse) fəallığı diqqəti cəlb edir. Bu qruplaşma 2014-cü ilə qədər dövlətə silahlı müqavimət göstərib. 1975-ci ildən 1997-ci ilə qədər təkcə Korsikada 8000 sui-qəsd cəhdi qeydə alınıb, dövlət rəsmiləri, diplomatlar, millət vəkillər və digərləri qurban kimi seçiliblər ki, burada da siyasi məsuliyyətin Korsikanın Milli Azadlığı Cəbhəsinin üzərində olduğu vurğulanıb. Təşkilatın yanaşması və ya fəaliyyət fəlsəfəsi isə bu cür ifadə olunub: “Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir”.

Korsikalıların tələbləri nədir?

Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər qələbə qazandılar. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edildi. Millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoydu: Korsika dilinə fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “xeyr!”.

Ötən il İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda təxminən 70 nəfərin xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. İndi tələblər daha sərt ifadə olunur, üslub və ritorika dəyişikliyi müşahidə edilir. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisinin tələbləri belədir: müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi; siyasi məhbuslara amnistiya verilməsi; Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması; “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması; Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi.

Əvvəl qəti şəkildə “yox” deyən Fransa hakimiyyəti indi muxtariyyət məsələsinə baxıla biləcəyi ilə əlaqədar vəd verir. Amma Fransa mediası gərginliyin artması fonunda hakimiyyəti ciddi tənqid və ittiham edir. “Mediapart” yazır ki, prezident Makronun məsələyə yanaşması qüsurludur: “Əvvəla, ona görə ki, millətçilərin tələbləri illərdir bilinsə və hər seçkidə təsdiqlənsə də, hökumət konkret həll yolu müəyyənləşdirməyib, vaxt uzatmaqla məşğul olub. Ta ki zorakılıqlar baş verənə qədər… Bununla hökumət özünü ayağından vurur”.

Fransanın paradoksal davranışı

Maraqlısı odur ki, korsikalıları ölkəni bölməkdə – parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir. Parisin Azərbaycanın Qarabağ İqtisadi rayonundakı separatçılara dəstək xarakterli bəyanatlarla çıxış etməsi belə mənfi nümunələrdəndir. 2020-ci ilin noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də sözügedən qətnamə müzakirə edilərək qəbul olunub. Şübhəsiz ki, bu, siyasi təsir gücünə və hüquqi qüvvəyə malik olmayan adi kağız parçasıdır, amma separatizmin dəstəklənməsi faktıdır. Fransanın prezidentliyə namizədlərinin də zaman-zaman Ermənistanın işğalçı siyasətinə, erməni separatizminə dəstək verməsi (son olaraq sağ mərkəzçi “Respublikaçılar” partiyasından namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etmişdi) inkaredilməz reallıqdır.  Sual olunur: Fransa hakimiyyəti bölücülüyü bu qədər çox sevirsə, nə üçün dəstəyini korsikalı separatçılardan əsirgəyir?! Məgər belə hallar Korsikada separatizm adlandırılmalı, Qarabağda isə yox?!

Tarixi müstəmləkəçilik və soyqırımı siyasəti ilə zəngin olan Fransanın, onun hökumətinin Hayastana və onun təcavüzkar siyasətinə dəstəyi əslində təəccüb doğurmur. Bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın demokratiyadan, insan haqlarından danışmağa qətiyyən haqqı yoxdur. Siyasətləri eyni dəyərlərə söykənən bu iki ölkənin demokratiyaya yanaşmaları da oxşardır. İnsan hüquqlarının kobud şəkildə pozulması bu ölkələr üçün adi haldır. Əməldə demokratik dəyərləri maraqlarına qurban verib, üzdə “demokratiyanın beşiyi” görüntüsünü yaradan Fransa hazırda beynəlxalq münasibətlər sistemində etimadın ən zəif olduğu ölkələrdəndir.

Daha çox xəbərlər