Təhsil 

Bərbad təhsil sistemimizi niyə abad edə bilmirik? – şagird və tələbələri psixozdan qurtarmağın yolları

Azərbaycanın təhsil sistemini müstəqillik dövründə – 32 ildə normal bir məcraya yönəltmək mümkün olmayıb. Hər kəs öz həyatında və mediada, sosial şəbəkələrdə yazılanlardan görür ki, həm şagirdlər, həm tələbələr, həm müəllimlər, həm də valideynlər kütləvi şəkildə “təhsil psixozu” yaşayırlar.

Orta məktəblərdə tədrisin səviyyəsi ürəkaçan deyil, buraxılış imtahanları zamanı bəlli olur ki, yalnız bir neçə repetitor yanına gedən şagirdlər 100 ballıq limiti aşa bilir. Habelə şagirdlərə o qədər dərs yükü verilir ki, əksər məktəblilər dincəlməyə, yatmağa vaxt tapmırlar, sağlamlıqları, psixologiyaları pozulur, aqressiv bir formaya düşürlər. Müəllimlər isə tədris prosesində böyük problemlərlə üzləşirlər, valideynlər isə qazancının böyük bir hissəsini, az qala yarısını uşaqlarına tutduğu repetitorlar xərcləyirlər. Bu arada ali məktəblərdə dövlət imtahanının ləğv olunduğu bildirilib. Ekspertlər bunu müsbət addım sayır, ancaq bildirirlər ki, həm orta, həm də ali təhsil verilməsi forması, metodikası, eyni zamanda qəbul və buraxılış imtahanlarının siyasəti dəyişməlidir. Xeyli sayda şagird builki buraxılış imtahanlarının çətin, hətta səhv suallarla müşayiət olunduğunu bildirirlər. Ümumilikdə gəlinən qənaət budur ki, Azərbaycanda təhsil sahəsi ilə bağlı ciddi tədbirlər görülməli, konkret və uyğun, ən əsası, koordinasiyalı mexanizm tətbiq olunmalıdır. Ekspertlər nə təklif edir? Hansı yolla təhsilimizi normal səviyyəyə yüksəldə, universitetlərimizin reytinqini artıra, şagirdləri, tələbələri psixozdan qurtara bilərik? Hansısa ölkənin sınanılmış modelini tətbiq etməliyik, yoxsa özümüzün asan təhsil sistemimiz olmalıdır?

Təhsillə bağlı problemlər günlərdir ki, həm də sosial şəbəkələrdə də müzakirələrə səbəb olub, insanlar  narazılığını bildirir.

Vətəndaşlardan biri Aynurə Əliyeva sosial media hesabında bildirib ki, üç ayrı-ayrı ixtisas üzrə testlə imtahan veriləndə basa düşüləndir, amma mətnlər üzrə, əlavə açıq suallar insanın beynini yorur, vaxtını alır: “Mətni oxuyub-anlama, ingilis dilindən sualları, sonra riyaziyyatdan açıq sualları oxuyunca adamın hövsələsi daralır, vaxtı gedir. Cavabları fikirləşəndə də zaman haradan keçir bilmək olmur. Hələ qarışıq və səhv suallar abituriyentin daha çox vaxtını alır. Çünki uşaq çaşbaş qalır. Uşaqların inamını, gələcəyə ümidini, ilk addımlarını belə qırmaq olmaz. Ondansa, 11-ci sinfi bitirib imtahan versinlər. Qəbul imtahanını da əvvəldə olduğu kimi sonradan versinlər. Mənim yaxınımı qızdırmanın içində dərman verib imtahana göndərdik. Bilmədik ki, indi xəstəliyinə görə qalsa, apreldə yenidən imtahan verə bilər, ya yox. Halbuki bu kimi məsələlər öncədən ictimaiyyətə bildirilməli idi. Uşaq imtahandan çıxan kimi təcili yardım çağırdıq. Bu imtahan yalnız abituriyentlərdə psixoloji travma yaratdı”.

İlqar Orucov: Bu gün Azərbaycanın hətta ən ucqar kəndlərində müasir  standartlara cavab verən məktəblər tikilib - AZƏRTAC

İlqar Orucov: “İmtahan sualları Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunmalı, DİM isə imtahan prosesini həyata keçirməlidir”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a dedi ki, sonuncu buraxılış imtahanları bir daha prosesə yeni yanaşmanın tətbiqinin vacibliyini ortaya qoydu: “Əslində həm buraxılış, həm də qəbul imtahanları ilə bağlı narazılıq, sistemin dəyişməsi indinin müzakirəsi deyil, bir neçə ildir təhsil ekspertləri fikirlər bildirirlər. Mənim DİM-in fəaliyyəti ilə bağlı hər hansı iradım yoxdur. Hesab edirəm ki, kifayət qədər şəffaf qurumdur. Sadəcə olaraq, DİM bəlli proseduralar əsasında bu imtahanları təşkil edir, fikrimcə, prosedurlar dəyişilməlidir. Elm və Təhsil Nazirliyi təhsil prosesini təşkil edən, onu həyata keçirən mərkəzi icra hakimiyyəti qurumudur. DİM həm buraxılış, həm qəbul imtahanlarının suallarını belə həyata keçirir. Düşünürəm ki, bu, qüsurludur və aradan qalxmalıdır. Necə ola bilər, bir qurum təhsil siyasətini həyata keçirir, digər qurum isə imtahan zamanı hətta sualları belə tərtib edir. Fikrimcə, suallar  Elm və Təhsil Nazirliyi tərəfindən tərtib olunmalıdır. DİM imtahan prosesini həyata keçirməlidir. Yəni texniki olaraq bu prosesləri reallaşdırmalıdır. Məsələ təkcə bununla bitmir. Söhbət ondan gedir ki, DİM özü sualları tərtib edir, özü ayrı-ayrı xüsusi buraxılışlar çap edir. Burada nə baş verir, dərslik kənarda qalır, orta məktəbdə təhsil prosesi qalır bir kənarda, ali məktəbə daxil olmaq istəyən abituriyentlər məcburdur DİM-in tərtib etdiyi, hazırladığı həmin o vəsaitlərdən istifadə etsinlər. Dərs vəsaitlərindən yox, məhz bu vəsaitlərdən daha çox istifadə etsinlər. Bu vəsaitlərdən istifadə etməklə bağlı onlar məcburdurlar repetitor yanına getsinlər. Əslində repetitorluğun əleyhinə deyiləm, amma repetitorluğun bizim ölkəmizdə olan formatının əleyhinəyəm. Repetitorluq Türkiyədə də, Yaponiyada da, Amerikada da, Almaniyada da – hər yerdə var. Amma bunun mahiyyəti, forması fərqlidir. Bizdə valideynlər repetitor yanına uşağını ona görə göndərir ki, DİM-in hazırladığı vəsaitlər əsasında imtahana hazırlaşsın. Əlbəttə, burada artıq təhsil bir tərəfdə qalır, yalnız repetitor bazarı inkişaf edir. Burada qara pullar dövriyyə girir, birbaşa valideynin cibinə girir. Valideyn yaxşı başa düşür ki, orta məktəblərin verdiyi biliklə bugünkü DİM-in tərtib etdiyi suallar əsasında hazırlaşıb imtahandan keçmək mümkün deyil. Sualların hazırlanması nazirlik tərəfindən olmalıdır. Texniki işlərdən başqa hər şey nazirliyə verilməlidir. Amma məsələ bununla da bitmir”.

Ekspert əlavə edib ki, ümumiyyətlə imtahanların formatı da dəyişməlidir: “Dünyanın heç bir ölkəsində ixtisas qrupları deyilən anlayış yoxdur. Bu qədər fəndən imtahan götürülməsi təcrübəsi də yoxdur. Heç bir ölkədə 7-8 fəndən imtahan götürülmür. Dünyanın reytinqində olan 100 ali təhsil müəssisəsinə qəbulda 2, ya da 3 fəndən imtahan keçirilir. Ən nüfuzlu universitetlər belə qapılarını acıblar, əlçatanlığı təmin ediblər. Heç bir valideyn öz istəyi ilə övladını repetitorluğa göndərmir. Bizim universitetlərdə də  vəziyyət ürəkaçan deyil. Bizdə universitetə daxil olmaq çətindir, bitirmək asan. Əksinə olmalıdır. Türkiyədə universiteti bitirmək çətindir, ona görə orada peşəkar mütəxəssislər yetişir. BDU həmişə universitetlər arasında ən öndə olub, amma indi görün BDU digər universitetlərlə müqayisədə hansı duruma düşüb. Nədəndir, hamısı idarəçiliyin düzgün olmaması ilə bağlıdır. Göstəriş üçün edilənlər artıq getmir, qiymətləndirmə üçün standartlara cavab vermirsənsə, yoxsan artıq. Necə olur ki, UNEC irəliləyir”.

Diplom verdiyiniz məzunlara savadsız demək onların yox, nazirliyin  ayıbıdır!” – Malvina Amirova

Malvina Amirova: “Yaxşı olardı ki, həm orta, həm də ali məktəblərdə ənənəvi təhsil sistemi tətbiq olunsun, çünki indiki təhsil sistemi yox dərəcəsindədir”

Uzun müddət müəllim kimi çalışan AĞ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova da “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirdi: “Ali məktəblərə tiktokerləri,  blogerləri, rəqqasələri çağırırlar, halbuki onların əvəzinə alimləri, yazarları, şairləri, dahi insanları dəvət etməlidirlər ki, təhsil alanlar üçün bir nümunə olsun. Tiktokerlərdən nə nümunə götürəcəklər?! Digər tərəfdən, mart ayında olan imtahanlardan narazılıqlar var, onsuz da şagirdlər imtahan həyəcanı keçirirlər. Səhv tətbiq olunmuş suallar olanda onlar daha da stressə düşürlər. Çünki imtahanda istifadə olunan suallar orta məktəblərdə dərslərdə tətbiq olunmur. Bilirsiniz, uşaq bu dərsi keçməyib, amma suallar tətbiq olunur. Əgər uşaq dərsdə keçməyibsə, onun cavabını necə yazmalıdır. Digər ölkələrdə tətbiq olunan imtahan suallarını götürüb bizim imtahanlarda tətbiq edirlər, bu, düzgündürmü? Niyə hər imtahanda məntiqsiz suallarla abituriyentləri bu qədər incidirlər? Hələ imtahanlara saldıqları mətnlər. Mətnlər türk dilindən götürülüb Azərbaycan dilinə bərbadcasına tərcümə olunub. Mətnlər böyük və çətin. Ümumiyyətlə, mətnləri ləğv etmək lazımdır, abituriyentləri bu qədər incitmək olmaz. Niyə bu qədər stress yaşadırlar onlara?

Ümumiyyətlə, son dövrlər DİM-dən narazılıq çox olur. Elm və Təhsil Nazirliyi ilə aralarında olan intriqalar da bəllidir. O bunu bəyənmir, bu da onu. Əslində isə hər iki qurum sadəcə yarıtmaz fəaliyyət göstərir. Dünyanın heç bir ölkəsində tədris ilinin başa çatmasına 4 ay qalmış buraxılış imtahanı olmur. Nə də təhsilə bir qurum, həmin təhsilin nəticələrini öyrənməyə başqa qurum cavabdehlik daşımır. Görün özbaşınalıq hansı səviyyədədir ki, imtahan sualları başqa ölkələrin tədris proqramından salınır. Hələ də bunlara stop deyən yoxdur. Bu cür imtahanlara son qoyulsun. Təklifim ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi tamamilə ləğv edilsin. Çünki DİM-lə Təhsil Nazirliyi yola getmirlər. DİM tələbələri getdikcə aşağı çəkib aparır, təhsilimizi bərbad günə qoyub. Yaxşı olardı ki, həm orta, həm də ali məktəblərdə ənənəvi təhsil sistemi tətbiq olunsun. Çünki indiki təhsil sistemi yox dərəcəsindədir. Əgər bu məsələnin üzərinə ciddi şəkildə düşülməsə, iki-üç ilə gənclər arasında savadsız toplum yaranacaq. Nazirlik asan bir sistem qura bilmirsə, heç olmasa xarici ölkələrin təhsil təcrübəsini tətbiq etsin. Elm və Təhsil Nazirliyi, tədrisə aidiyyəti olan şəxslər heç nə ilə məşğul deyil, təhsilin inkişafı naminə heç nə etmirlər”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı də universitetlərlə bağlı narazılığını bildirib: “Vətəndaşlar gedib xaricdə təhsil ala bilərlər və bu, onların hüququdur. Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr hazırlasın. Harada görünüb ki, bir universitetin, məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?! Bu, dünyanın heç bir yerində yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq”.

Daha çox xəbərlər