Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı
Novruz. Adını şərq dillərindən almış bu gözəl bayram yeni gün, yeni nəfəs, yeni həyatın başlanğıcı deməkdir. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan,Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın- yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
Novruz bayramına qədər təbiətin oyanışı ilə bağlı olan 4 çərşənbə qeyd olunur. Əslində bu onu göstərir ki, insanlar baharın gəlişinə hələ qış aylarından hazırlaşır, səbirsizliklə gözləyirlər. Bu dörd çərşənbə sıra ilə baharın gəlişini insanlara özünəməxsus şəkildə xəbər verir. Su, od, yel və torpaq çərşənbəsi torpağın oyanışını , təbiətin canlanamasını özündə əks etdirir.
Azərbaycanda da insanlar lap qədim dövrlərdən yazın gəlişini xüsusi təmtəraqla keçirmiş, müxtəlif ayinlər icra etmişlər. Ulu babalarımız, nənələrimiz baharın gəlişi ilə bağlı bizə nəğmələr, mahnılar yadigar qoyub getmişlər.El – obada hamı bir nəfər kimi bayramın gəlişini qeyd etmiş və bu ənənə günümüzə qədər gəlib çatmışdır.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma,halay,bənövşə,cıdır-ənzəli,kosa-kosa və bu kimi oyunlar aid edilir.
Bildiyimiz kimi keçmiş SSRİ dövründə bolşeviklər bizim milli-mənəvi dəyərlərimizi unutdurmağa, bizi keçmişimizdən ayırmağa çox cəhd etmişlər, lakin xalqımız həmişə Novruz bayramını qeyd etmiş, bu ənənəni unudulmağa qoymamışdır. 1967-ci ildən isə Novruz bayramı dövlət səviyyəsində Bahar bayramı adı ilə qeyd olunmağa başlanmışdır.
Novruz bayramı öz həqiqi dəyərini Azərbaycan öz müstəqilliyinə yenidən qovuşandan sonra tapdı. Ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra siyasi sahədə böyük addımlar atdığı kimi xalqımzın milli-mənəvi dəyərlərinə də diqqət və qayğı göstərmişdir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan – zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi. Amma kimlər isə bundan çox edə bilirdi – şəkərbura, əlbəttə ki, paxlava, başqa şirniyyatlar… kimsə bundan çox edə bilsəydi də, elə ailə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlər istifadə etməsinlər və bayramı qeyd etməsinlər. na görə bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır. Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur – bəzən xüsusi, siyasi məqsədlərlə – hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır.”
Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Cənab İlham Əliyevin düzgün siyasi fəaliyyəti və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Novruz bayramının dəyərini ən gözəl qiymətləndirən dahi liderimiz Heydər Əliyev olmuşdur. O, xalqımızın azadlığı, firavan yaşayışı uğrunda bütün şərəfli ömrünü sərf etmiş, Qarabağın düşmən tapdağından azad olunması uğrunda əlindən gələni etmiş, bir gün mütləq azad edilmiş torpaqlarda Novruz şənliklərinin keçiriləcəyinə sonsuz inamı olduğunu ifadə etmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bəli, bu sarsılmaz inamın nəticəsi o oldu ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Hər il Qarabağ daha çox abadlaşır. Vətənimizin çöllərində, düzlərində al güllər, lalələr bitir. Yurd-yuvasından didərgin düşmüş insanlar kimi quşlar da geri dönərək azad vətənimizin səmasında qanad açıb uçur,top-tüfəng səsindən uzaq yuva qurub şən nəğmələr oxuyurlar. Bütün bunlardan ötrü Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və cəsur Azərbaycan ordusuna borcluyuq.
Günel Səmədova,
YAP Xətai rayon təşkilatının “P.Həşimov 34 ünvanı” üzrə ərazi partiya təşkilatının sədri

