Cəmiyyət 

Azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymətin verilməsi Ulu Öndərin adı ilə bağlıdır

1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.

Tarixi faktlara əsasən 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi.

Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırıblar. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdi. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı hadisələri haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarının olması bu bölgədə baş vermiş qətliamların miqyasını bir daha göstərir. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetiriblər, 53 nəfər isə yaralanmışdı. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb. Aradan illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb.

Cənab Prezident İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.

Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər