Azərbaycan-Tacikistan münasibətləri uğurla inkişaf edir
Azərbaycan və Tacikistan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən çox ağır və çətin günlərdə qədəm qoyublar. Hər iki ölkədə stabillik və əmin-amanlıq bərqarar olduqca əlaqələrin möhkəmlənməsinə zəmin yaranmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
Ümumiyyətlə Azərbaycan-Tacikistan münasibətlərinin tarixi uzaq əsrlərə təsadüf edir. Tacik-fars ədəbiyyatının klassikləri kimi ehtiram bəslənilən Rudəki, Sədi və digərləri Azərbaycanda sevildikləri kimi, dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfə vermiş böyük Azərbaycan şairləri Məhəmməd Füzuli, Nizami Gəncəvi də tacik xalqı tərəfindən daima hörmətlə qarşılanıb. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Azərbaycanlı Mirzə Davud Hüseynov 1930-1933-cü illərdə Tacikistan KP MK-nın birinci katibi olub. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib. Dərin tarixi köklərə söykənən Azərbaycan – Tacikistan mədəni əlaqələri hər iki respublika müstəqillik əldə etdikdən sonra daha da inkişaf etməyə başlayıb. 2007-ci ilin oktyabrında Azərbaycanda Tacikistan mədəniyyət günləri keçirilib. Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorovun rəhbərlik etdiyi 90 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdə olub. 2008-ci ilin 9-12 noyabrında isə Tacikistanda “Azərbaycan mədəniyyət günləri”nə start verilib. Mədəniyyət günlərində Azərbaycanın 73 nəfərdən ibarət nümayəndə heyəti Tacikistanda səfərdə oldu. Mədəniyyət günlərinin yekunu olaraq Tacikistanın prezidenti İmomali Rəhmon nümayəndə heyətini qəbul edib. Tacikistanda Azərbaycan dramaturqlarının əsərləri, eləcə də, “Didor-Düşənbə” 3-cü Beynəlxalq Kino Festivalında Azərbaycan kinematoqrafçıları Əli İsa Cabbarovun qısametrajlı “Düyün” və Murad İbrahimbəyovun tammetrajlı “Üç qız” filmi nümayiş etdirilib.
Ümidvarıq ki, iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tezliklə tarixi Şuşa şəhəri bütün dünyanın diqqətini cəlb edən turizm məkanına da çevriləcəkdir.

Tariyel Şixbalayev
YAP Xətai rayon təşkilatı “Xudu Məmmədov 3” ünvanı üzrı ərazi partiya təşkilatının sədri,
Vətən müharibəsi qazisi

