ZƏFƏR BİZƏ ÇOX YARAŞIR!
Azərbaycan Ordusu, dayanmadan irəli!
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər onun gücünə güc qatır. Hazırda Azərbaycanın Silahlı Qüvvələri istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi güc olaraq qəbul edilir.
Ordumuz düşmənə öz gücünü ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində göstərdi. Dördgünlük müharibədə 320-dən artıq düşmən hərbiçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, düşmənin Madagiz (indiki Suqovuşan) yaşayış məntəqəsində yerləşən qərargahı və bir neçə hərbi hissəsi məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.
Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Vətən müharibəsi başlayanadək Silahlı Qüvvələrimiz daha bir neçə dəfə öz gücünü düşmənə göstərdi. Bu sırada Cünnüt döyüşlərini, Tovuz əməliyyatını misal göstərə bilərik. Ancaq Ermənistan bu döyüşlərdə uğradığı acınacaqlı məğlubiyyətdən özü üçün lazımi nəticələr çıxarmadı. Öz havadarlarına arxalanan düşmən 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca növbəti dəfə genişmiqyaslı təxribata əl atdı. Bu dəfə Azərbaycan Ordusunun düşmənə cavabı daha qəti və sərt oldu. Ermənistanın heç bir motivasiyası olmayan hərbi birləşmələri Ordumuzun qarşısında duruş gətirə bilmədi .
44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gerçək gücünü düşmənə və bütün dünyaya sübut etdi. Ədalətli müharibə aparan Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etməklə tarixi ədaləti bərpa etdi. Hər gün irəli gedərək kəndlərimizi, şəhərlərimizi azad edən vətənpərvər Azərbaycan əsgəri bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. İkinci Qarabağ müharibəsi Azərbaycan əsgərinin, Azərbaycan zabitinin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bütün dünyaya sübut etdi.
Yenidən formalaşdırılan ordumuz postmüharibə mərhələsində də öz real gücünü bir neçə dəfə düşmənə göstərib. Bu il aprelin 11-də ermənilərin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərinə qarşı törətdikləri növbəti təxribatın qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən zəruri cavab əməliyyatı hərb tariximizə yazılacaq daha bir qəhrəmanlıq səhifəsi oldu. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində düşmənin xüsusi təyinatlı korpusunun bölmələrinin genişmiqyaslı hücum cəhdinin iflasa uğraması, onların ciddi itkilər verərək geri çəkilmələri və atəş mövqelərinin susdurulması Hayastan hakimiyyətinin uzun müddətdir qurduğu planları alt-üst etməklə yanaşı, göstərdi ki, 44 günlük Vətən müharibəsindən ötən müddətdə Azərbaycanın hərbi qüdrəti və ordumuzun döyüş qabiliyyəti daha da artıb. Dəfələrlə edilən xəbərdarlıqlardan dərs almayan işğalçı Hayastan növbəti dəfə qəhrəman Azərbaycan əsgərinin gücünə şahid oldu. 11 aprel təxribatı bir daha göstərdi ki, ordu quruculuğu sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini daha da artırıb, əsgər və zabitlərimiz istənilən döyüş tapşırığını həyata keçirməyə hazır və qadirdilər.
Təəssüflər olsun ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədə özünün cinayətkar, dağıdıcı və təcavüzkar fəaliyyətini davam etdirirdi. Bəyanatın müddəalarına zidd olaraq Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlərlə istifadə edirdi, xarici terrorçu qüvvələri bölgəyə gətirirdi. Başqa sözlə, məhz Ermənistan öz fəaliyyəti ilə buradakı dinc ermənilərin həyatlarını və təhlükəsizliyini risklə üz-üzə qoyurdu. Azərbaycan tərəfinin Ermənistana və Rusiya sülhməramlılarına iki il yarım ərzində bəyannamənin müddəalarına əməl etməklə bağlı çoxsaylı iradları və çağırışları lazımi nəticə vermədi. Buna görə də Azərbaycan özünün suveren hüququndan çıxış edərək və bölgədəki əhalinin hüquqları və təhlükəsizliyi təmin etməklə bağlı beynəlxalq öhdəliklərinə uyğun olaraq Laçın yolunda Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsini qurdu. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsinin qurulması orada keçirilən əməliyyatların yekun və gözlənilən nəticəsi idi. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması tarixi zərurətdən irəli gəlirdi. Çünki, uzun müddətdir ermənilər Qarabağ iqtisadi zonasında terror fəaliyyəti həyata keçirirdi. Nəzarətsiz yoldan avtomobillərdə minalar daşıyaraq yerləşdirirdi. Aprelin 22-də isə üç hərbi qulluqçumuz minaya düşərək xəsarət aldı. Bütün bu hadisələr fonunda Azərbaycana keçid olan ərazidə postun yaradılması böyük tarixi reallıqdır. Bu, qırx dörd günlük Vətən müharibəsindən sonra Sarıbaba, Fərrux yüksəkliyi uğrunda aparılan uğurlu əməliyyatların davamıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, ermənilər terrordan əl çəkmir, sülhdən yayınır və sülhün yaradılması üçün yeganə şərt Qarabağ iqtisadi zonasında silahlanmanın dayandırılmasıdır. Bu silahlanma da gizli şəkildə cığırlarla, dərələrlə gedən yollarla aparılırdı. Gorus istiqamətində kiçik cığırlarla erməni silahlıları terror hadisələrini törədirdilər. Qətiyyən şübhə yoxdur ki, buraxılış məntəqəsinin yaradılması ilə bunun qarşısı alınacaqdır.
Bu, həm də Cənubi Qafqazda sülhün, sabitliyin, rifahın və əmin-amanlığın təməlinin qoyulması istiqamətində mühüm addımdır. Dövlətin öz ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Bu, tarixi və strateji əhəmiyyətli qərardır və beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşılmalıdır. Çünki Laçın dəhlizi Ermənistandan Azərbaycana keçirilən yük və insanlar baxımından nəzarətsiz qalan ərazi idi. Yeni sərhəd-buraxılış məntəqəmiz Prezident İlham Əliyevin elan etdiyi kimi, Laçın rayonuna sakinlərimizin qayıdışını və təhlükəsizliyini təmin edəcək, eləcə də Qarabağ ərazisində hələ də mövcud olan qanunsuz silahlı dəstələrin tərksilah edilməsinin başlanğıcı olacaq.

