Ermənilərin vəhşi terror əməliyyatı – “Nemezis”…
Xəbər verildiyi kimi, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı olub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan İrəvan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır: “Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır”.
Həmçinin qeyd olunub ki, erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur: “Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir”.
Əvvəlcə onu bildirək ki, informasiya erasında yaşadığımıza baxmayaraq, bir çoxlarımız bədnam qonşularımız tərəfindən hazırlanan, tarixdə bəlkə də analoqu olmayan “Nemezis” adlı anti-Azərbaycan, antitürk və antimüsəlman xarakterli terror əməliyyatından xəbərsizik. Bu əməliyyat barədə danışmazdan əvvəl tarixə qısaca nəzər salaq. Məlum olduğu kimi, ermənilər 1914-cü ildə başlayan I Dünya müharibəsinə mütəşəkkil halda silahlanmış icma olaraq qatılıblar, Osmanlı imperiyasına arxadan zərbə vuraraq, onun düşmənlərinə – Fransa və Rusiyaya hər cür köməklik göstərib, çoxsaylı və zərərli hərbi əməliyyatlar aparıblar. Nəticədə Osmanlı sultanı 1915-ci ilin 24 aprelində erməni toplumun hərbi əməliyyatlar gedən regionlardan sürgün olunması barədə fərman verib. Bundan başqa, qanlı müharibədə ermənilər də xeyli itki veriblər və Fransanın, Rusiyanın vassalı olsa da, müasir Türkiyənin ərazisində öz dövlətlərini qurmaq planları puç olub. Bu məğlubiyyətin kinini uzun illər yaşadan ermənilər 1920-ci ildən başlayaraq ta günümüzə qədər I Dünya müharibəsində verdikləri itkinin qisasını almağa çalışırlar. Onlar hələ də 108 il bundan əvvəl baş verən hadisələrin davasını aparırlar. Həyatlarının mənası “erməni genosidi”ni bütün dünyada tanıtdırmaq, çağdaş Türkiyəni ermənilərə təzminat ödəməyə məcbur etmək, bir də fürsət düşdükcə terror yoluyla qisas almaqdır.
İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışının baş tutması məhz bu əməliyyatla bağlı bir sıra faktlara nəzər salmağımızı da labüd edir. Bu vəhşi əməliyyat Ermənistanın dövlət siyasətini həyata keçirən Daşnaksütyun partiyasının reallaşdırdığı silsilə terror aktları olub. Bu terror aktlarının məqsədi qondarma “erməni soyqırımı”nı və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması, həm də İrəvanın və digər torpaqların onlara güzəşt edilməsinə “təşəkkür” cavabı idi. Qətlə yetirilən şəxslərin arasında həm Azərbaycan Demokratik Respublikasının (ADR), həm də Osmanlı imperiyasının keçmiş rəhbərləri var idi. Adı qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülən əməliyyatın təşkili və keçirilməsi erməni ictimai-siyasi xadimi olan Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınıb. Qondarma soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahısı tutulur, onların içərisindən 41 nəfər, “əsas günahkarlar” elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır və bütün əməliyyat prosesi üçün bütün məsuliyyət həmin orqanın üzərinə qoyulur. Qeyd olunan orqana rəhbər qismində Ermənistan Respublikasının ABŞ-dakı elçisi Armen Qaro təyin olunur. Bütün bunlarla yanaşı, erməni Şaan Satçaklyanın rəhbərliyi altında xüsusi fond da yaradılır. Operativ rəhbərlik və əməliyyatların maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov soyadlı ermənilər məşğul olmalı idilər. Əməliyyatın gələcək qurbanları barədə informasiyaların yığılmasında özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan aktiv iştirak edirdi. Qətllərin törədilməsi üçün 3 və ya 5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi. Əməliyyatın iki əsas təşkilati mərkəzləri var idi. Bunlar “Çakatamart” (İstanbul) və “Droşak” (Boston) qəzetlərinin redaksiyaları idi.
“Nemezis əməliyyatı”nın gedişatı müddətində bir sıra cinayətlər törədilib və Azərbaycanın və Türkiyənin görkəmli şəxsləri qətlə yetirilib. Qətlə yetirilənlər arasında ilk şəxs ADR-in keçmiş Baş naziri Fətəli xan Xoyski oldu. Belə ki, Azərbaycan Demokratik Respublikasının keçmiş Baş naziri Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçular Aram Yerqaryan və Misak Kirakosyan törətmişlər. Eyni tarixdə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev də qətlə yetirilir. 18 iyul 1921-ci il tarixdə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir terrorçu Misak Torlakyan tərəfindən öldürülür.
15 mart 1921-ci ildə Berlin şəhərində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa terrorçu Soqomon Teyliryan tərəfindən qətlə yetirilir. Tələt Paşanın adı terrorçuların qara siyahısında birinci gəlirdi. Tələt Paşanın qatili Soqomon Teyliryan Berlin məhkəməsi tərəfindən bəraət almış və azadlığa buraxılmışdı. Əməliyyat nəticəsində Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşa, keçmiş Trabzon valisi Camal Əzmi (17 aprel 1922-ci ildə terrorçu Arşavir Şiraqyan tərəfindən Berlində güllələnib) və “Təşkilati Məxsusə”nin yaradıcısı Bahəddin Şakir (17 aprel 1922-ci ildə terrorçu Aram Yerqanyan tərəfindən Berlində öldürülüb) və bir sıra digər dövlət əhəmiyyətli şəxslər qətlə yetirilir. “Nemezis” əməliyyatının gedişi zamanı hətta bu əməliyyatla bağlı məlumat sızdıran ermənilər belə xalq düşməni elan olunaraq təqib edilir və ən ağır şəkildə cəzalandırılırdılar. Əməliyyat nəticəsində bir çox baş tutmayan cinayətlər də olmuşdur. Belə ki, terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri olan Türkiyənin keçmiş hərbi naziri Ənvər Paşa, İttihad və Tərəqqi Cəmiyyətinin keçmiş baş katibi doktor Nazim də erməni terrorçuları tərəfindən uzun müddət izlənilsələr də terrorçular onları qətlə yetirə bilməyib.
Göründüyü kimi, Fətəli Xan Xoyskinin qatili ilə Bahəddin Şakirin qatili eyni adamdır – Aram Yerqanyan. Bu da o deməkdir ki, terrorçu ən yüksək siyasi dairələr tərəfindən himayə olunub, Avropada sərbəst gəzib-dolaşa, qətlə yetirəcəyi adamlar barədə kəşfiyyat apara bilib. Tələt Paşanın qatili Soqomon Teyliryan isə Almaniya məhkəməsi tərəfindən azadlığa buraxılıb. Bunlardan başqa, “Nemezis” əməliyyatları çox sayda türk diplomatlarını və onların ailə üzvlərini də əhatə edib. Göründüyü kimi, erməni qisasçılığı 1915-ci ildən yarım əsr keçdikdən sonra da davam edib və 1973-1991-ci illərdə xaricdəki türk diplomatlarına qarşı 239 terror hücumu həyata keçirilib. 31 türk diplomatı da daxil olmaqla, 71 günahsız insan öldürülüb, 520 nəfər ağır yaralanıb. 1980-ci illərin sonundan etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terror aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb.
Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, bu ölkədə nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir.

