Turizm: Azərbaycana gələn çoxdur, yoxsa…?
Quru sərhədlərin bağlı olmasına baxmayaraq cari ilin birinci rübündə Azərbaycana gələnlərin sayı kəskin artıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 32,3 faizi Rusiya Federasiyası, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olub.
Ölkəmizə gələnlərin sayındakı artımın coğrafiyası da kifayət qədər çoxşaxəlidir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan – 4,2 dəfə, Özbəkistandan – 4,1 dəfə, Çindən – 3,6 dəfə, Belarusdan – 3,4 dəfə, Qazaxıstandan – 2,3 dəfə, Pakistandan – 2,0 dəfə, Rusiya Federasiyasından – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,5 dəfə, Gürcüstandan – 45,2 faiz, Böyük Britaniyadan – 40,6 faiz, Omandan – 38,5 faiz, Küveytdən – 32,4 faiz, Türkiyədən – 30,2 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 28 faiz artmışdır.
Azərbaycana gələnlərə region üzrə nəzər salanda məlum olur ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olub.
Ölkəyə gələnlərin sayının artması mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətində də özünü göstərib. Belə ki, hesabat dövründə mehmanxana və bu tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min təşkil edib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olub ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Rusiya, 9,5 faizi Türkiyə, 8,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 7,3 faizi Hindistan, 5,7 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Küveyt, 3,5 faizi Böyük Britaniya, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Gürcüstan, 2,6 faizi Pakistan, 2,3 faizi ABŞ, 2,2 faizi İsrail, 1,6 faizi Belarus, 1,4 faizi Almaniya, 1,4 faizi Özbəkistan, 1,2 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Ukrayna, 0,9 faizi Çin, 0,9 faizi İtaliya, 0,7 faizi Fransa, 0,6 faizi Oman, 0,5 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1 faizi Bakıda, 8,9 faizi Qusarda, 3,5 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,3 faizi Şabranda, 1,8 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Bununla belə, yerli əhali üzrə göstərici də kifayət qədər böyükdür. Belə ki, Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240 min olub ki, bu da ümumi gecələmələrin 43,7 faizini təşkil edib. Nəticədə 2023-cü ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,8 faiz artaraq 85,2 milyon manat olub.
Ancaq yerli əhali arasında xarici ölkələrə üz tutanlar da az deyil. Hesabat dövründə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən yerli vətəndaşların ümumi sayı 20,2 faiz artaraq 358,6 min nəfər olub. Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6 faiz, Gürcüstana gedənlərin sayı 44,6 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı isə 25,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 22,9 faizi Rusiyaya, 9,6 faizi Gürcüstana, 8 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər ediblər.

