Gündəm 

İkili standartlar mərəzi və ya narahatlığa səbəb olmayan “narahatlıq”

Xəbər verildiyi kimi, aprelin 23-ü Azərbaycan Dövlət Sərhəd Xidmə­tinin bölmələri tərəfindən ölkəmi­zin suveren ərazisində, Ermənis­tanla sərhəddə – Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Hayastanın Qarabağla əlaqəsini tamamilə nəzarətə götürməyə imkan verən bu addım ilə Azərbaycan daha bir tarixi hadisəni gerçəkləşdirib. Haylar isə yenə öz klassik xislətlərini ortaya qoyublar. Yəni, “yeni erməni soyqırımı”, “etnik təmizləmə”, Laçın yolunun rəsmən bağlanması və digər təbliğat xarakterli bəyanat verməklə bu məsələyə həqiqətə uyğun olmayan don geyindirməyə başlayıblar. Üstəlik, za­rıyıb dünyanı üstümüzə qaldırmağa çalışırlar.

Son günlər Hayastanın bu şakəri daha da intensivləşib. Belə ki, ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı “təsəlliverici” sözlərindən “ruhlanan” Ermənistan  aprelin 26-da Kanadanın xarici işlər naziri Melani Colinin adından açıqlama yayıb. Açıqlamada deyilir ki, guya Kanada Azərbaycanın Qarabağ və ətraf rayonlar arasında yeganə quru əlaqəsi olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasından dərin narahatdır. İş o yerə çatıb ki, Ermənistan bu məsələdə hətta saman çöpündən  yapışmağı da özünə rəva görüb. Belə ki, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Avstriyanın fövqəladə və səlahiyyətli səfiri Tomas Mühlmanın etimadnaməsini qəbul edərkən heç bir əsas və zərurət olmadan sərhəd nə­zarət-buraxılış məntəqəsindən söz açıb.  Bildirib ki, guya bu addım Qarabağın əhalisi üçün humanitar fəlakət təhlükəsi yaradır. Üstəlik, regionda sabit sülhün bərqərar olması prosesinə mənfi təsir göstərir. Avropa Parlamentində Ermənistanla dostluq qrupunun sədri Lukas Fourlasın başçılıq etdiyi nümayəndə heyətinə də belə bir məzmunda məlumat verilib. Onlar da sadəcə bu məsələdən “narahat” olduqlarını dilə gətiriblər. Hayastanın bu və ya digər qurumlara, həmçinin şəxslərə yalvarışlarının sayı o qədərdir ki, onların hamısını sadalamaq  mümkün deyil.

Amma əslində bu məsələdə heç bir narahatlıq üçün əsas yoxdur. Belə ki, haylar və onların “züy tutanlar” anlamalıdırlar ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan ölkəmizin ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, eləcə də  hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə belə bir addım atıb. Yəni, bu, bölgədə sülhün bərqərar olmasına xidmət edir. Başqa sözlə desək, bu, Hayastanın sülh danışıqlarını, dinc nizamlanma prosesini pozmağa yönəlmiş təxribatlarına məntiqi cavabdır. Şübhəsiz, haylar bundan sonra öz cinayətkar əməllərini davam etdirə bilməyəcəklər. Budur onların əsas “narahatlığı”. Elə bu səbəbdən də öz yalanları ilə dünyanı narahat edirlər.

Digər tərəfdən, Azərbaycan öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirir. Ən əsası, özünün ərazisində nəzarət-buraxılış məntəqəsi təşkil etməsi ölkəmizin suveren və legitim hüququdur. Yeri gəlmişkən qeyd edək ki, dünən Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bir daha vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququnun və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.

Göründüyü kimi, bu məsələdə Ermənistanın, həmçinin onun havadarlarının iddia etdikləri kimi, 2020-ci il 10 noyabr Bəyanatına, eləcə də beynəlxalq hüquq normalarına zidd olan heç bir element yoxdur. Elə bu kimi səbəblərdən ölkəmizə qarşı Hayastan tərəfindən aparılan növbəti qaralama kampaniyası olduqca mənasızdır. Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistan nümayəndə heyətinin, eləcə də onları dəstəkləyən bəzi avropalı deputatların AŞPA-dakı cəhdlərinin artıq iflasa uğraması belə qənaətə gəlməyə əsas verir.

Digər tərəfdən, haqlı suallar ortaya çıxır. Bəs görəsən, haylar Azərbaycana qarşı mütəmadi təxribatlar törədəndə həmin qurumlar niyə belə narahatlıq keçirmirlər? Nə üçün onlar  Ermənistan silahlı qüvvələrinin qalıqlarının, təxribat­çı quldurların hələ də Qarabağdan çıxarılmamasına göz yumurlar? Ermənistanın Laçın yolu ilə həmin separatçıların silahlandırması, Azərbaycan ərazisilərinə 2021-ci ildə istehsal edilən minalar basdırması, səngərlər qazılması nə səbəbdən qulaqardına vurulur? Nədən Qərbdə 10 noyabr Bəyanatı­nda əksini tapan Zəngəzur dəhlizinin reallaşmasına heç bir reaksiya verilmir? Əslində narahatlıq doğuran Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması yox, bu kimi məsələlər olmalıdır.

Bir də Hayastan və  onun tərəfdarları unutmasınlar ki, bu kimi təxribatlar  və təzyiqlər Azərbaycanın haqq işinə kölgə sala bilməyəcək. Qeydlərimizi Prezident İlham Əliyevin bu sözləri ilə bitirmək istərdik: “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik”.

Daha çox xəbərlər