Şuşa bizim qədim şəhərimizdir…
“Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada ADA Universitetinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransdakı çıxışında deyib.
Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti bildirib: “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.
1992-ci il işğalına qədər Şuşa şəhəri heç vaxt ermənilərin əlində olmayıb. Bir şəhəri kimsə alın təri ilə tikibsə, qanını əsirgəməyərək müdafiə edibsə və yüz illərlə onu özünə doğma yurda çeviribsə, bu gün haradansa bir axmaq qonaq gəlib iddia edər ki, bura mənimdir. Az qala dünyanın yarısı Şuşanın kim tərəfindən və nə vaxt inşa olunmasından xəbərdardır. Ermənilərin özləri isə bu tarixi faktları yaxşı bilirlər. Bir daha xatırladaq…
Qarabağ xanlığının yaradıcısı və ilk hakimi olan Pənahəli xan Cavanşir əhalini və xanlığı xarici müdaxilələrdən qorumaq üçün 1750-ci illərin əvvəllərində bu yeri seçərək möhkəm bir qala tikdirəndə ermənilərin Azərbaycanda heç izi-tozu da yox idi. Şəhər iri ticarət karvanlarının gəlib-getdiyi mərkəzlərdən birinə çevrilmişdi. Pənah xanın şərəfinə “Pənahabad” adlandırılan Şuşada pənahabad adlı sikkə də kəsilirdi. Paytaxt şəhəri kimi öz gerbi və bayrağı təsis edilmişdi. Əhalisinin əsas kütləsi ağdamlılardan və yaxınlıqdakı böyük tayfaların Cavanşirlər, Otuzikilər, Bəhmənlilər və digər tayfaların nümayəndələrindən ibarət idi.
Ermənilərin Şuşada görünmələri on doqquzuncu əsrin əvvəllərindən başlayib. Kürəkçay müqaviləsindən çox keçməmiş, Rusiya qoşunlarının Şuşada bir qarnizonunun yerləşdirilməsindən və Qarabağ hakimi Pənahəli xanın böyük oğlu İbrahim xanın faciəli ölümündən sonra erməni sənətkarları işğalçıların qoltuğunda buraya gəlməyə başladılar. Haşiyə çıxaraq qeyd edək ki, İbrahim xanı ermənilərə himayə göstərən batalyon komandiri, zalımlığına görə əhalinin “dəli mayor” adlandırdığı Dmitri Lisaneviç ailə üzvləri, saray əyanları və xidmətçiləri ilə birlikdə qəddarlıqla öldürmüşdü. Buna görə ona dərhal polkovnik rütbəsi verilmişdi. Şuşaya gətirilən həmin ermənilər isə sonralar yaxınlıqda özlərinə kənd saldılar və adını Şuşikənd qoydular. Adından da göründüyü kimi, Şuşa bizim sözdür və şüşə deməkdir, yerli camaat ilk vaxtlar bura Şişə də deyirdilər, bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Ermənilərin Şuşanın “özəlləşdirmək” cəhdlərindən məqsədləri sadəcə Qarabağa heç bir əsası olmayan iddiadan irəli gəlirdi.
Şuşanın azad olunması əməliyyatları başlamazdan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev göstəriş vermişdi ki, şəhərə top mərmisi, raket atılmasın, yəni dağıdıcı gücə malik olan silahlardan istifadə edilməsin. İgid döyüşçülərimiz xüsusi əməliyyat nəticəsində şəhəri bu qaydada azad etdilər. Ancaq ermənilər gedəcəklərini bildikləri üçün şəhəri dağıtmış, tarixi abidələrimizi, ev-muzeylərimizi yerlə-yeksan etmişdilər. Öz şəhərləri olsa dağıdardılarmı? Əlbəttə, yox.
Şuşa bizim alın təri ilə tikdiyimiz doğma şəhərimizdir. Kiçik bir guşədən Azərbaycanda və dünyada tanınan 400-dən çox elm adamları, şairlər, musiqiçilər, hərbçilər, aktyorlar, xanəndələr və s. çıxmışdır. Ermənilər yer üzündə analoqları olmayan qəribə həyasız millətdirlər ki, özgəyə məxsus hər şeyə abırsızcasına iddia edirlər. Ancaq zaman hər şeyi öz yerinə qoydu, Şuşa öz doğmalarına qovuşdu. Həm də əbədilik! Şuşanın bizim şəhər olması ilə fəxr etmişik, həmişə də fəxr edəcəyik!

