Əbədiyaşar Lider
Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan əlamətdar günlər vardır, hansı ki həmin günlərdə xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
15 İyun Azərbaycan Respublikasının rəsmi bayramlarından biridir, 1997 – ci ilin 15 İyun tarixindən bayram olaraq elan edilib və 1998 – ci ildən etibarən bu bayrama dövlət statusu verilmişdir. 15 İyun Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarix xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan, bu qurtuluşu bizə bəxş edən isə Azərbaycan müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan daim xalqına arxalanan və xalqının da ona arxalandığı ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir.
XX əsrin sonlarında Azərbaycan yenidən müstəqillik əldə etmək fürsəti qazanmışdı, lakin qısa zaman sonra bu müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə 1993-cü ilin iyununda artıq hakimiyyət böhranı kuliminasiya həddinə çatdı. Bu qarşıdurmanın hətta vətəndaş müharibəsi həddinə çatması dövlət müstəqilliyimizlə yanaşı, milli varlığımızı da hədəfə aldı. Məhz bu səbəbdəndir ki, 1991-1993- cü il tarixləri ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bu hadisələr isə bu dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik edə bilməyən, gələcəyi görə bilməyən, ən kiçik problemlərdə belə çıxış yolu tapa bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Getdikcə dahada gərginləşən siyasi vəziyyət, torpaqlarımızın Erməni işğalçıları tərəfindən davamlı işğalı, ölkəni bu bəladan xilas edə biləcək və xalqı öz arxasınca aparmağa qadir olan bir siyasi liderə ehtiyac olduğunu göstərirdi. Bütün xalq buna əmin idi ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas edə biləcək həmin lider məhz Heydər Əliyev idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz taleylərini özləri həll etmək niyyətində idilər və bu belədə oldu. Nəhayət ki, Heydər Əliyev xalqının çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı.
Ümumilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi : “ Azərbaycan Böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yanaşmasının əlehinə olan daxili qüvvələr çox güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması digər ölkələrdəki bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı. Bunu xalq özü etdi.” 15 İyun tarixində Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və mövcud olan risklərə baxmayaraq xalqın qurtuluşunu cəsarətlə öz üzərinə götürdü. “ Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir problemin həllindən söhbət gedə bilməz. “ – deyə ümummilli lider deyirdi. Heydər Əliyev öz xilaskar missiyasi ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən siyasi böhranı aradan qaldırdı və beləliklə, inkişafın təməlini qoydu. Ölkədə davam edən qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən azad oldu. Həmin il “olum ya ölüm” ayrıcında qalmış ölkəmiz Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla addımlayan qüdrətli bir dövlətə çevrildi. Beləliklə, bu mühüm tarix xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu.
1993- cü il oktyabrın 3 – də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu dövrdə müstəqilliyi qazanmaq ilkin şərt idisə, onu qoruyub saxlamaq ikinci və ən önəmli şərt idi. Bu ümummilli liderin güclü iradəsi sayəsində reallığa çevrildi. Bütün maneələrə baxmayaraq ən qısa zamanda Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu. İyunun 20-də Heydər Əliyev bütün gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı fikirlər artıq müsbət yöndə dəyişdi.
Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasəti, siyasi idarəetmə qabiliyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməyə başladı. Qarşımızda duran problemlər mərhələlərlə həll edildi, əmin-amanlıq, siyasi sabitlik yarandı, elmi və mədəni həyatda əsaslı dönüş başladı, xalqımızın həmrəyliyi və milli bütövlüyü təmin edildi.
1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti ondan ibarət idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, dünya bazarına daxil olmağa şərait yaradan müqavilələr, razılaşmalar əldə edildi. Beləliklə, yaranmış sabitlikdən, Azərbaycana artan inamdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi” nin imzalanması, ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan, Azərbaycanın inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Həyatın bütün sahələrində dirçəliş baş verirdi. Heydər Əliyevin xidmətləri olan bu nəaliyyətlər Azərbaycanı məhv olmaqdan xilas etdi, müstəqilliyimizi əbədi və sarsılmaz etdi. Bütün bu nəaliyyətlər 1993-cü il 15 İyun nəaliyyətləri idi.
Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Heydər Əliyev zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Xalqımız haqqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul edir, böyük xilaskarın xidmətlərini unutmur, Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bugün gələcəyə baxarkən Azərbaycan Respublikasının gələcəyi daha parlaq və daha firavan görünür. Çünki artıq Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevdən sonra, onun bu siyasətinə və müdrikliyinə şahid olan İlham Əliyevə əmanətdir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir. Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi.
Xalqımız, ordumuz Ali Baş Komandan İlham Əliyevə inanır, ona arxalanır və mövcud olan hər bir şəraitdə onun arxasında “dəmir yumruq” kimi birləşməyə hər an hazırdır. İnanırıq ki, qalib dövlətimiz hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq.
Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, onun müəyyənləşdirdiyi işıqlı yol dayanır.
Ədalət İsayeva,
YAP Xətai rayonu təşkilatının üzvü